AZ

Trautman cüdo millimizin AÇ-dəki çıxışına qiymət verdi

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, mütəxəssis yığma üzvlərinin Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş Avropa çempionatındakı çıxışlarından danışarkən idmançıların öz potensiallarını eyni vaxtda göstərə bilmədiklərini söyləyib:

“Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir. İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını – bürünc qazandı ki, bu da müsbət irəliləyişdir. Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də -66 kq çəkidə Ruslan Paşayev səhvlərə yol verdi. Halbuki, o, əvvəllər həmin çəkidəki rəqiblərini məğlub etmişdi. Amma cüdo belə bir idmandır – nəticələri əvvəlcədən proqnozlaşdırmaq olmur. İkinci yarış günü isə məni sevindirdi.

Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Biz də qarışıq komanda heyətində olan Rəşid Məmmədəliyevi gətirdik və o, bürünc medal qazandı. Çox möhtəşəm çıxış idi, xüsusən də zədədən yenicə qayıtdığı üçün. Üçüncü yarış günündə isə Murad Fətiyevin italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Eyni hal -81 kq çəki dərəcəsində Zelim Tçkayev və Tato Qriqalaşvili arasındakı görüşdə də baş verdi. Qərarlarla razı olmasam da, qəbul etməliyik”.

Trautman: “Dünya çempionu olmaq böyük uğurdur, amma…”

Trautman 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiada üçün yeni nəsil formalaşdırdıqlarını söyləyib:

“Heç bir əsas idmançımız karyerasını bitirməyib. Lakin irəliyə baxmaq vacibdir, çünki onların hamısı artıq çox da gənc deyil və Los-Ancelesə hələ üç il yarımdan çox vaxt var. Yeni nəsil formalaşdırırıq. Məni xüsusilə sevindirən hal budur ki, bu dəfə fəxri kürsüdə əvvəllər olmayan gənc idmançılar yer aldı. Olimpiya dövründə idmançılar zədələnir, əməliyyat oluna bilmir, hərbi xidmət məsələləri olur. Bu kimi problemlərdən sonra komandada yenidənqurma apardıq. Fevraldan etibarən tam qüvvəmizlə hazırlıqlara başladıq. Hazırda 100 faiz formada deyilik və bu da normaldır. Əsas hədəfimiz ən mötəbər yarışlar – dünya çempionatı, Olimpiya Oyunları zamanı tam gücümüzdə olmaqdır. Builki dünya çempionatından yaxşı nəticələr gözləyirik. Amma əsas böyük hədəf gələn il Bakıda keçiriləcək dünya çempionatıdır. Orada parlaq çıxış etmək bizim üçün çox vacibdir. Və əlbəttə ki, əsas uzunmüddətli hədəfimiz 2028-ci il Los Anceles Olimpiya Oyunlarıdır. Unutmayaq ki, dünya çempionu olmaq böyük uğurdur, amma cəmiyyətin diqqətini daha çox Olimpiya medalları çəkir”.

Trautman qadın cüdosunda radikal dəyişikliklər istəyir

Trautman qadın cüdosunda radikal dəyişikliklərə getməyi planlaşdırdıqlarını vurğulayıb:

“Qadın cüdosunda vəziyyət hələ radikal dəyişməyib, lakin artıq bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Sadəcə vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir. Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur, çünki yüksək səviyyədə ciddi məşq edəcək və “Olimpiya çempionu olacağam” deyə bilən qadınların sayı azdır. Federasiya rəhbərliyimiz qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə məşq prosesi ilə həll olunmur.

Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir. Bu isə yalnız böyük uğurlarla mümkündür. Rol model yaratmaq çox vacibdir. Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Yeni məşqçilər ilk mərhələdə idmançıları və onların xüsusiyyətlərini tanıdılar. İndi isə fərdi inkişaf planlarını hazırlayırıq. Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir”.

Riçard Trautman ümumi hədəflərindən də söhbət açıb:

“Biz cüdonu yalnız bir idman növü kimi deyil, həm də bir fəlsəfə, bir həyat tərzi kimi inkişaf etdirmək istəyirik. Sadəcə medalları düşünmək yetərli deyil. Biz “Cüdo idmandan daha artıqdır” prinsipinə uyğun yaşamalıyıq. Komandamızda yaponiyalı məşqçi Kotaro Sasaki də var. O, idmançılara cüdonun dəyərlərini, fəlsəfəsini aşılayır. Biz yalnız fiziki və zehni cəhətdən formalaşmış idmançılar deyil, həm də cəmiyyətə və idmana töhfə verəcək məsuliyyətli şəxsiyyətlər yetişdirmək istəyirik”.

Trautman bu Avropa çempionatını zədə səbəbindən buraxmış Hidayət Heydərovun dünya çempionatında mümkün iştirakı barədə də söhbət açıb:

“Plan budur. İlk növbədə tam sağalmalı, sonra isə məsuliyyətli şəkildə hazırlığa başlamalıyıq”.

Seçilən
7
25
arena.az

10Mənbələr