AZ

Gülşən Əhmədli: Berlin qurultayında azərbaycanlı həkimlərin üzv olduğu təşkilatlar arasında əlaqələrin gücləndirilməsi diqqət mərkəzində saxlanılır VİDEO

Berlin, 26 aprel, AZƏRTAC

“Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin (DAMV) əsas məqsədi Almaniyada çalışan azərbaycanlı həkimlərimizi bir araya gətirərək, ölkəmizdə səhiyyə sahəsinin inkişafına töhfə vermək, buradakı soydaşlarımıza, xüsusən də yeni gələn həkimlərimizə dəstək verməkdir. Mühüm əhəmiyyət kəsb edən bu məsələ Azərbaycanlı Həkimlərin Berlin Qurultayında əsas müzakirə mövzularından biridir”.

Bunu Alman-Azərbaycan Tibb İşçiləri Birliyinin İdarə Heyətinin sədr müavini, plastik-konstruktiv estetik cərrah Gülşən Əhmədli AZƏRTAC-a açıqlamasında deyib.

Qurultayda “Həkimlərin təşkilatlanması” mövzusunda panel iclasına moderatorluq edən G.Əhmədli bildirib ki, məqsədimiz həkimlərimiz və digər mövcud təşkilatlar arasında əməkdaşlığı və şəbəkələşməni gücləndirərək ölkəmiz və xalqımız üçün faydalı işlər görməkdir. Hazırda Almaniyada 2 mindən çox azərbaycanlı həkimin çalışdığını və onların rəsmi qaydada qeydiyyatdan keçmiş bir neçə təşkilatının fəaliyyət göstərdiyini vurğulayan DAMV-nın sədr müavini deyib: “Bugünkü qurultayın əsas məqsədlərindən biri bu təşkilatları bir araya gətirərək, onlar arasında əlaqələri gücləndirmək, yeni ideya və təklifləri dinləmək, gələcəklə bağlı hədəfləri və fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
2
1
azertag.az

2Mənbələr