İranın Rəcai limanında baş verən güclü partlayışdan sonra bölgədə fövqəladə vəziyyət elan olunub.
32gun.az xəbər verir ki, rəsmi məlumatlara görə, hadisə nəticəsində azı 4 nəfər həyatını itirib, 516 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Partlayışdan bir neçə saat sonra Bəndər Abbas sakinlərinə əyalətin tibb mərkəzlərinə gedərək qan vermələri üçün çağırış edilib. Hörmüzqan Əyalətinin Qanköçürmə Mərkəzindən verilən açıqlamada xüsusilə mənfi qan qruplarına ehtiyac olduğu vurğulanıb: "Mənfi qan qruplarına üstünlük verilir, lakin bütün qan növlərinə ehtiyac var".
İran Prezidenti Məsud Pezeşkian baş verən hadisə ilə bağlı araşdırma aparılması üçün təcili göstəriş verib. Prezident X sosial şəbəkəsində yaydığı paylaşımda daxili işlər naziri Eskandar Momeninin bölgəyə xüsusi nümayəndə qismində göndərildiyini bildirib. Momeni hadisə yerində araşdırma aparacaq, lazımi koordinasiyanı həyata keçirəcək və yaralıların vəziyyətini öyrənəcək. Bununla yanaşı, yollar və şəhərsalma naziri Fərzaneh Sadeq də Rəcai limanına səfər edib.
Hadisədən sonra başlayan yanğın isə hələ də tam söndürülə bilməyib. İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivəndin sözlərinə görə, bir neçə konteynerin partlaması nəticəsində başlayan yanğının söndürülməsinə kömək məqsədilə bölgəyə 5 helikopter və 20 xilasetmə qrupu göndərilib. Əlavə olaraq, Qırmızı Ayparanın çevik reaksiya qrupları və təcili yardım maşınları da partlayış yerində fəaliyyət göstərir.
İran rəsmiləri bildirir ki, hadisənin nəticələrinin aradan qaldırılması və araşdırmaların aparılması üçün bütün qüvvələr səfərbər edilib.
Ayxan