AZ

Rəşad Sadıqov: “Hədəf avrokuboklara vəsiqə qazanmaq idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Gözlədiyimiz kimi, çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. “Kəpəz”in əzmkar mübarizə aparacağını bilirdik. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik. Oyuna yaxşı başladıq. Rəqib bizə çox da rahat oynamağa imkan vermirdi. İkinci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. İkinci qolu vursaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 oyun gözləyir. Hər matçda yaxşı performans göstərməliyik”.

Rəşad Sadıqov avrokuboklarda hansı yeniliklərlə gedəcəklərinə dair sualı da cavablandırıb:

“Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklara vəsiqə qazanmaq idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. İkinci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. “Araz-Naxçıvan” sona qədər təslim olmayacaq. Bu gün avrokuboklarda bir tur keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq.

Avrokuboklarada uğur əldə etmək asan deyil. Bu il üzərimizdə təzyiq olacaq. Çünki, keçən il pley-off mərhələsinə yüksəlmişdik. Hər şeyi zaman göstərəcək. İstəyərik ki, güclənək. Bu gün klubun bizə yaratdığı şəraitdən razıyam. Bir az da güclənə bilsək, yaxşı olar. Bu həftədən yavaş-yavaş işlərə başlayacağıq. Dünən avrokuboklarda iştirakımız təsdiqlənəndən sonra maraqlandım ki, Avropa Konfrans Liqasında ilk oyun nə vaxtdır. Hazrda bizim üçün prioritet çempionatda ikinci yeri tutmaqdır”.

Rəşad Sadıqov: “Bəlkə də böyük pullar xərcləsəydik…”

Ötən mövsüm daha çox praqmatik oyun sərgiləyən “Zirə”nin bu mövsüm daha baxımlı oynamasına da toxunan Rəşad Sadıqov komandasında nəyin dəyişdiyinə dair suala da cavab verib:

“Ötən il kim bizdən yaxşı oynayırdı? Hamı nəticə qazanmaq istəyir. Hamımız istəyirik ki, həm gözəl futbol oynayaq, həm də nəticələrimiz yaxşı olsun. Bu il risk etdiyimiz məqamlar daha çoxdur. Hər şeyin vaxtı var. Mənim üçün “Qarabağ”, Qurban Qurbanov bir məktəbdir. İnşallah, biz də bir gün o səviyyəyə gələrik. Həm nətəcələrimiz yaxşı olar, həm oyunumuz hamını məmnun edər. Futbolçularımdan çox razıyam. Ötən mövsümü 8-9-cu yerdə bitirən klublardan futbolçular transfer etmişik. Biz iddialı transferlər etməmişik. Gücümüzə, imkanlarımıza uyğun yaxşı komanda formalaşdırmağa çalışırıq. Bu il kiçik büdcə ilə çox uğurlu transferlər etmişik. Bəlkə də böyük pullar xərcləsəydik, belə uğurlu olmazdı. Bəzən elə oyunçular olur ki, heyətinə qatmaq istəyirsən, amma istədiyi məbləği verə bilmirsən. Nə vaxtsa elə imkanlarımız olar, biz də bahalı transfelər edərik. Amma bu gün də rəhbərlikdən razıyıq”, deyə Rəşad Sadıqov vurğulayıb.

Azər Bağırov: “Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?”

“Kəpəz”in baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərləndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik”.

Azər Bağırov yenə hakimlikdən şikayətlənib: “Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal… Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?”

“Kəpəz”in baş məşqçisi növbəti mövsümlə bağlı planlara və rumıniyalı mütəxəssis Mirça Rednikin Gəncə klubuna gələcəyinə dair suala da cavab verib:

“Növbəti mövsümlə bağlı planlara dair heç bir cavabım yoxdur. Sponspor gəlməlidir, hələ büdcə bilinmir. Mənim öz missiyam var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur ki…”

Seçilən
8
11
arena.az

10Mənbələr