Osman Əfəndiyev Toronto Universitetindən 400 min dollar təqaüd alan yeganə azərbaycanlı tələbədir
Toronto Universitetinin "Lester B. Pearson" Beynəlxalq Təqaüdünü qazanan yeganə azərbaycanlıdır. Universitet ona oxuduğu illər ərzində 400 min dollara qədər təqaüd verib. Toronto Universitetində kompyuter elmləri ixtisası ilə yanaşı, eyni vaxtda öz təşəbbüsü ilə psixologiya ixtisasını da oxuyub. 23 yaşında Huaveydə (Huawei-də) kernel mühəndisi kimi, 24 yaşında Silikon Vadisində mikroçip istehsal edən "NVIDIA" şirkətində proqram təminatı mühəndisi kimi işə başlayıb. "NVIDIA"da çalışmağının bir ili tamam olmamış baş mühəndis (senior) vəzifəsinə irəli çəkilib.
Valyuta.az "Canazerbaijan.com"un Osman Əfəndiyevin karyera yolu və uğur qazanmasının sirlərindən danışdığı müsahibəsini təqdim edir.
Toronto Universitetinin "Pearson" təqaüdünü qazanan ilk azərbaycanlı
– 2000-ci ildə Bakıda anadan olmuşam. Orta məktəbi Azərbaycanda bitirmişəm. 10 və 11-ci sinifləri Bakıdakı Dünya məktəbində Beynəlxalq Bakalavr (International Bachelor (İB)) proqramı üzrə oxumuşam. 2017-ci ildə Toronto Universitetində ali təhsil almaq üçün Kanadaya köçmüşəm.
– Toronto Universitetində Kompyuter elmləri ixtisasına hər kəs qəbul ola bilmir, hələ bu ixtisas üzrə oxumaq da o qədər asan deyil. Sizə çətin olmadı ki?
– Elədir, Toronto Universitetində məhz kompyuter elmləri ixtisasına qəbul almaq nə qədər qəlizdirsə, bu ixtisası oxumaq ondan da çətindir. Kompyuter elmlərinə daxil olan tələbələr bir il oxuyub aldıqları qiymətlərin ortalamasına əsasən, ikinci ildən etibarən kompyuter elmləri ixtisasını oxuyurlar. Mən qəbul aldığım il orta məktəb balı ən azı 88 olmalı idi. Kompyuter elmləri getdikcə populyarlaşdığından bu balı get-gedə qaldırırlar. Doğrusu, mənim üçün nə universitetə daxil olmaq, nə də oxumaq çətin olmadı. Təhsil aldığım müddətdə həm dərsləri vaxtlı-vaxtında edir, həm tələbələrə dərs deyir, həm psixologiya ixtisası üzrə ikinci təhsilimi alır, həm idmanla məşğul olur, həm də dostlarımla vaxt keçirirdim. İndiyə qədər dostlarım deyir ki, Osmanın gün ərzində 24 deyil, 36 saat vaxtı var, ona görə də hər şeyi çatdıra bilir. Doğrusu, mənim üçün universitet deyil, ailəmdən uzaqda bu qədər müddəti yaşamağım çətin oldu. Hələ də çətindir. Amma bu, xaricdə oxuyan tələbə üçün normaldır.
– Toronto Universitetinin "Lester B. Pearson" Beynəlxalq Təqaüdünü qazanmısınız. Deyəsən, aldığınız təqaüd təhsil haqqınızı və Torontoda yaşam xərclərinizi qarşılayıb. Bir az bu barədə məlumat verərdiniz.
– Hələ 2017-ci ildə orta məktəbdə oxuyanda "Pearson" Təqaüd proqramını qazandım. Bildiyim qədərilə, indiyədək bu təqaüdü qazanan yeganə azərbaycanlıyam. Təqaüd beynəlxalq tələbələr üçün nəzərdə tutulub və 4-5 il ərzində onların təhsil haqqını və yaşayış xərclərini qarşılayır. Məhz bu təqaüdü qazandığıma görə təhsil haqqı yüksək olan Toronto Universitetində oxumağa gəldim. Təhsil haqqı ilə birlikdə oxuduğum müddətdə hər il 100 min dollara yaxın təqaüd alırdım.
– Gənclərimiz üçün maraqlı olar, hansı tələblərə cavab verdiyiniz üçün "Pearson" təqaüdünü əldə etdiniz?
– Təqaüd proqramına müraciət etmək üçün hər bir namizəddən 4 esse yazmaq tələb olunur. O qədər də qəliz və uzun esselər deyil. Biri 850, o birilər 300, 200, 150 sözdən ibarətdir. Esselərdəki sualların qoyuluşu tələbənin dünyagörüşünü, düşünmək tərzini yoxlamaq məqsədi daşıyır. Yeri gəlmişkən, Toronoto Universitetinin müraciəti əsasında son iki ildir könüllü kimi bu təqaüdə müraciət edənlərin seçim komissiyasında mən də iştirak edirəm. Qeyd edim ki, hər il Pearson təqaüdünə dünyanın müxtəlif ölkələrindən təxminən 8-9 min tələbə müraciət edir və onlardan 37-si qəbul alır.
“Azərbaycandakı Beynəlxalq Bakalavr proqramı burada köməyimə çatdı”
– Azərbaycandakı Dünya Məktəbində Beynəlxalq Bakalavr (IB) proqramını oxuduğunuzu dediniz. Kanadada da bəzi orta məktəblərdə Beynəlxalq Bakalavr proqramı var və bu proqrama qəbul olmaq və oxumaq çətindir. Sizin Toronto Universitetinin kompyuter elmləri ixtisası üzrə rahatlıqla təhsil almağınızda bu məktəbin rolu oldumu?
– Azərbaycanda məktəb təhsili fundamental olaraq Kanadadakından qat-qat çətin, material da çoxdur, əzbərçiliyə üstünlük verilir. Kanadada isə daha çox kreativliyə diqqət edilir. Azərbayanda TQDK-da yüksək bal toplamaq o demək deyil ki, gəlib burada uğur qazanacaqsınız, dediyim kimi, burada kreativliyi qiymətləndirirlər. Mən İB proqramında təhsil aldığım üçün Toronto Universitetində oxumaqla bağlı əziyyət çəkmədim. IB proqramının bir hissəsi olaraq çoxlu esselər yazır, müxtəlif mövzuları araşdırır, maraqlı layihələr edirdik. Dünya Məktəbinin IB proqramını oxuyanlar xaricdə təhsil almağı planlaşdıranlardır.
“3-cü kursda oxuyanda professor köməkçisi kimi mühazirələr deyirdim”
– Sonra necə oldu, Toronto Universitetində qalıb işlədiniz?
– Normalda universiteti 4 ilə bitirirsən, mən 3 ilə bitirməyi planlaşdırmışdım. Amma nəticədə 5.5 ilə qurtardım. İstəmirdim ki, universiteti, sadəcə kursları götürüb oxumaqla sona çatdırım. 3-cü kursun sonunda 16 aylıq internatura proqramı qazandım. Ondan sonra qayıdıb 4-cü kursu və əlavə yarım ili də oxudum. Yarım ilimin qalma səbəbi eyni vaxtda 2 əsas proqram götürüb oxumağım oldu. 3-cü kursdaykən kompyuter elmləri ixtisasındakı dərslərlə yanaşı, psixologiya ixtisası üzrə də bir neçə dərs götürdüm. Çox xoşuma gəldi. Əlavə 2-3 dərs də götürdüm və bu ixtisası da əsas ixtisas kimi kompyuter elmləriylə paralel oxumağa başladım. Buna görə də yarım semester əlavə təhsil almalı oldum. 4-cü kursun yay semestrində də başqa bir internaturaya baş vurdum və "SAP" şirkətində "DevOps" mühəndis kimi işlədim. 2022-ci ilin yayında da Toronto Universitetində Professor köməkçisi vakansiyasının olduğunu gördüm və baş vurdum. Ümumiyyətlə, fürsətləri həmən dəyərləndirməyə çalışıram, müraciət edirəm, müsbət cavab alandan sonra isə həmin işdə çalışıb çalışmayacağımla bağlı qərar verirəm. Beləliklə, üçüncü kursda oxuya-oxuya kompyuter elmləri ixtisası üzrə Əməliyyat sistemi dərsində professor köməkçisi kimi işə başladım.
– Professorun köməkçisi kimi əsas işiniz nədən ibarət idi?
– Əsas iki vəzifəm var idi. Birincisi, tələbələrə yeni mövzularla bağlı mühazirələr demək, yaxud professorun mühazirədə dediyi materialın üstündən bir daha getmək. İkincisi, ev tapşırıqlarını yoxlamaq idi. 3-cü və 4-cü semesterlərdə oxuya-oxuya professor köməkçisi kimi işimə davam etdim.
– İki semester dərs demək sizə nə qazandırdı?
– Keçdiyim dərs kompyuterin içərisində olan çiplərlə bağlı kurs idi. Karyerana birbaşa bu sahədən başlamaq həddən artıq çətindir. Üstəlik, tələbələr adətən bu sahədən qaçırlar. Doğrusu, çiplərlə işləməyə marağım çox olsa da, karyeramı onun ətrafında necə quracağımı bilmirdim. Professor köməkçisi kimi məhz bu ixtisas üzrə işə alınmağım mənə çox yardım etdi. Universiteti bitirəndə yeni işlərə müaciət edərkən bunu rezyumemdə göstərdim. İşə alan şirkətlər bilirdilər ki, namizəd həmin dərsi deyibsə, deməli, bu sahə üzrə dərindən anlayışı var. Mən hətta deyərdim ki, karyeramın indiki səviyyəyə gəlib çatmasının əsas səbəbi professor köməkçisi kimi çalışmağım olub.
“İndiyədək 900-ə qədər yerə rezyume təqdim etmişəm”
– Universiteti bitirəndən sonra "Huawei" kimi böyük şirkətdə kernel mühəndisi vəzifəsində işə başladınız. Bu işi tapana kimi nə qədər yerə rezyume göndərdiniz?
– Toplamda indiyədək 900-ə qədər yerə rezyume təqdim etmişəm. Müəllimlikdən sonra isə təxminən 150-yə yaxın rezyume göndərdim. Universitetdə oxuyarkən keçdiyim internatura və müəllimlik təcrübəsi ilə yenə də istədiyim işi tapmaq kifayət qədər çətin idi. İlk işimi tapmaq 2 ay çəkdi. Bir qədər orada şansım gətirdi. Çünki qrup yoldaşlarımın çoxunda bu müddət çox uzun çəkmişdi. "Rock Science" adlı şirkətdə işə başladım. Lakin oranı çox bəyənmədim, elə işə başladığım ilk gün yeni işlərə müraciət etmək barədə düşündüm. Həmin şirkətdə 1 ay qaldım və 1 ay ərzində ilk böyük işimi tapdım – "Huawei"də kernel mühəndisi kimi işə başladım.
– Necə oldu ki, bir ay ərzində "Huawei" kimi şirkətdə işə qəbul aldınız?
– Çox çətin bir proses idi. Həmin vaxt Torontoda qalırdım, iş isə Ottavada idi. Rezyumemi LinkedIndə əlaqə yaratdığım İnsan resursları üzrə çalışan bir nəfərə göndərdim və Professor köməkçisi kimi əməliyyat sistemi kursu üzrə dərs dediyim üçün məni müsahibəyə çağırmaq istədiklərini dedilər. Razılaşdım. İlk müsahibəni keçdim, çox uğurlu oldu. Birinci müsahibədən sonra İnsan resurslarında çalışan xanıma Torontoda ili tamamlanmamış kirayə evdə qaldığımı və iş Ottavada olduğu üçün gedə bilməyəcəyimi bildirdim. Bunu yazmaqla bəxtim gətirdi. Qarşı tərəf mənim 6 aya qədər onlayn işləməyimə icazə verəcəklərini yazdı. Əgər adama heç bir şey yazmadan növbəti müsahibəyə girməsəydim, o iş orada da qalacaqdı. Beləliklə, müsahibə prosesinə davam etdik. 5 individual müsahibəni keçdim və evdə hazırlamaq üçün verilən bir tapşırığı tamamladım. Tapşırıq üçün çox vaxt sərf etdim və layihə çox xoşlarına gəldi. Beləliklə, Huawei-də işə qəbul oldum.
“Özünə hörmət edən işçi kimi "HUAWEI"də qalmamağa qərar verdim”
– Amma 1 iliniz tamamlanmamış "Huawei"dən ayrılaraq "NVIDIA"da Proqram Təminatı Mühəndisi kimi çalışmağa başladınız. "Huawei"dən ayrılmağınızın səbəbi nə oldu?
– "Huawei"də 8 ay işləyəndən sonra 2024-cü ilin martında Ontario İmmiqrant Nominasiya Proqramı üzrə müraciətimə cavab gəldi. Bu proqram vasitəsilə Kanadada daimi oturum izni alacaqdım. Lakin bunun üçün çalışdığım şirkətin rəhbərliyi müraciət formasını doldurub imza atmalı idi. Müdirim bunu etməyəcəyini dedi. Özünə hörmət edən bir işçi kimi burada qalmamağa qərar verdim və şirkətdə çalışa-çalışa iş axtarmağa başladım. "Huawei"də işlədiyim üçün müraciət etdiyim 100 yerdən 98-nə təklif gəlirdi. Bu təkliflərdən biri də "NVIDIA"dan oldu.
– "NVIDIA"da müsahibələriniz necə keçdi?
– "NVIDIA"ya daxil olmaq mənim ən çətin müsahibə təcrübəm oldu. 8 etapdan (mərhələdən) ibarət idi. İlk 3 müsahibə fərqlənmə xarakteri daşıyırdı, digər namizədələrlə yanaşı, 1 saat müxtəlif mövzularda danışırıq. Bu müsahibələri rahatlıqla keçdim. Sonra eyni gündə hərəsi bir saat olmaqla 5 müxtəlif müsahibədən ibarət olan Piano müsahibələrinə girdim. Hər dəfə də müsahibəni müxtəlif adamlar götürürdü. Həyatımda ilk dəfə idi belə müsahibəyə girirdim və stress keçirirdim. Müsahibənin çətin olması bir yana, hazırlaşmaq üçün "HUAWEI"dən məzuniyyət götürmüşdüm və işi qazanmayacağım halda, məzuniyyətimi də itirmiş olurdum. Çoxlu hazırlaşdım və piano müsahibənin ilk turunda başa düşdüm ki, bu iş mənlikdir və alınacaq.
– Bəs işləmək necə, çətin olmadı ki?
– İş çox çətindir. Tələb böyükdür və daim stresin içində bacardığından daha artıq işləmək məcburiyyətindəsən. Orta səviyyəli mühəndis kimi işə başladım və ötən il dekabrda böyük işlər gördüm. Bu ilin fevralında vəzifəmi senior səviyyəsinə qaldırmaq istədikləri barədə email aldım. Hazırda bununla bağlı sənədləşmə işləri gedir. Bir neçə həftəyə həll olunacaq.
“3-6 aylıq kursla IT-də çox uğurlu karyera qurmaq olmaz”
– Kanada və Amerikada yaşayan azərbaycanlıların sosial media qruplarında proqram mühəndisi yetişdirmək üçün 14 yaşdan yuxarı həmyerlilərimizi onlayn şəkildə hazırlaşdırmaq barədə paylaşım etmisiniz. Necə oldu ağlınıza belə bir ideya gəldi?
– 10-cu sinifdən başlayaraq Beynəlxalq Bakalavr proqramındakı sinif yoldaşlarıma ev tapşırıqlarında kömək edirdim. Bu, universitetdə də davam etdi, tələbə yoldaşlarıma da dərslərində yardım ediridİm. Həmişə universitetdə eyni şeyi eşidirdim; deyirdilər ki, mən gərək professor olum. Bunu eşitmək xoş idi. Amma universitetdə qalıb dərs demək planım yox idi. Həm də öyrətmək prosesi mənimçün maraqlı olduğuna görə bu işlə məşğul idim. Maraqlı olmaqla hansısa işlə peşəkar səviyyədə məşğul olmaq fərqli anlayışlardır. Professor köməkçisi işləyəndə başa düşdüm ki, mən bunu professional şəkildə auditoriyanın qarşısında da edə bilərəm. Son nöqtəni isə bir tələbəyə mentorluq etməyim qoydu. Keçən ilin mayından azərbaycanlı tələbə mənimlə əlaqə saxladı və ona mentorluq etməyə başladım. Hansı kursları götürməyi, hansı kitabları oxumağı, zamanını hansı istiqamətdə xərcləməyi ilə bağlı istiqamət verdim. Təzəlikcə də həmin tələbə şirkətlərdən birində mənim kimi 16 aylıq internatura qazandı. Hətta indi "NVIDIA" ilə müsahibə prosesindədir. Nəinki yaxşı dərs keçdiyimi, həmçinin düzgün istiqamət verə bildiyimi, insanların mənim mentorluğumla nailiyyət əldə etdiyini görəndən sonra düşündüm ki, niyə bu bacarığımdan istifadə edib biliklərimi daha çox auditoriyaya çatdırmayım. Dostlarımdan birinin məsləhəti ilə Kanada və Amerika azərbaycanlılarının sosial mediadakı qruplarında paylaşım etdim və ortaya heç gözləmədiyim nəticə çıxdı. 2-3 adamla məşğul olmağı planlaşdırırdım, amma 100-ə yaxın müraciət oldu. Artıq 1 aydır ki 19 tələbə ilə başlamışam.
– Son illər Şimali Amerika və Avropada yaşından asılı olmayaraq İT sahəsində çalışmaq az qala trendə çevrilib. 6-9 aylıq İT kurslarını bitirənlər arasında iş tapan həmyerlilərimiz də az deyil. Necə düşünürsünüz, 6-7 aylıq kursları bitirib 35 yaşdan sonra İT sahəsində karyeranda irəliləmək nə dərəcədə realdır?
– Yaşı 35-dən çox olan birisi proqramlaşdırmanı öyrənmək istəyirsə, ona kifayət qədər çətin olacaq. Düzdür, mümkündür, amma digərlərindən 2-3 dəfə daha çox vaxt ala bilər. Düşünmürəm ki, 3-6 aylıq kursla İT-də çox uğurlu karyera qurmaq olar.
Azərbaycan Təhsil Nazirliyindən əməkdaşlıq təklifi gəlsə…
– Gələcək planınız nədir? Hansı şirkətdə, hansı vəzifədə çalışmağı qarşınıza hədəf qoymusunuz?
– Bəxtimmi gətirdi, çoxmu çalışdım, amma karyeramda “Everestə” gəlib çıxdığımı düşünürəm. NVIDIA dünyanın ən böyük və ən tanınmış şirkətlərindəndir. Bu baxımdan yaxın gələcəkdə buradan başqa bir şirkətə keçməyə ehtiyac görmürəm. Amma gələcəkdə "SPACE X" şirkətində işləmək istəyərdim. Bu şirkət kosmosa uçan raketlkər düzəldir və Marsa gedib orada sivilizasiya qurmaq istəyirlər. İstərdim ki, bəşəriyyətin planetlərarası sivilizasiyaya çevrilməsində az da olsa, payım olsun.
Azərbaycanla bağlı da böyük planlarım var. "Pearson" təqaüdünə müraciət edərkən esselərin birində nə üçün bu təqaüdə müraciət etdiyimi yazmışdım. Təqaüdü alaraq Toronto Universitetində oxumaq, sonra da top şirkətlərdə çalışaraq təcrübə, bilik qazanıb bunu Azərbaycanda tətbiq edəcəyimi, ölkəmi inkişaf etdirəcəyimi yazmışdım. Bunu 16 yaşımda yazdığım essselərdə qeyd etmişdim. İndi bu yöndə arzularımı gerçəkləşdirməkdə daha çox həvəsliyəm. Düşünürəm ki, Azərbaycanda həm İT-nin tədrisi, həm də ölkədə İT infrastrukturunun inkişaf etdirilməsi baxımından imkanlar çoxdur. Azərbaycan prezidenti süni intellektlə bağlı yeni sərəncam imzalayıb. Məqsəd Azərbaycanda süni intellekt mərkəzlərinin yaradılmasıdır. Bu işlərin Azərbaycanda inkişafına kömək etmək baxımından kifayət qədər faydalı ola biləcəyimi düşünürəm.
Bundan başqa, Azərbaycandakı nə orta, nə də ali məktəb təhsilindən razı deyiləm. Azərbaycan Təhsil Nazirliyindən əməkdaşlıq təklifi gəlsə, konsultant kimi kömək etməkdən çox şad olaram. Təklif gəlməsə də, gələcəyimi dəqiq olmayan nəyinsə əsasında qurmağı xoşlamıram. Buna görə də Azərbaycan İT təhsilinə töhfə vermək üçün gələcəkdə bir akademiya qurub azərbaycanlılara proqramlaşdırmanı öyrətməyi planlaşdırıram.
“Uğurumun iki səbəbi var…”
– Müsahibə boyu bir neçə dəfə “bəxtim gətirdi” sözlərini işlətdiniz. Gənc yaşınızda karyeranızda nə üçün uğurlu olduğunuzu heç düşünmüsünüz? Çünki təkcə bəxti gətirməklə iş bitmir…
– Elədir. İnsan öz üzərində çox işləməlidir. Amma çox işləmək də o demək deyil ki, sən uğur qazanacaqsan. Mənim uğurumun iki səbəbi var; birincisi, çox işləmək, ikincisi, özümü düzgün adamlarla əhatə etmək. Rəqabəti sevən insanam və dostlarım da irəli getmək üçün məni ruhlandırırlar. Daim dostlarıma çoxlu debatlar edirik və həmişə onlara qulaq asıram. Bir dostum məni idmanla məşğul olmaq üçün ruhlandırır, bir yerdə məşq edirik. Məşq zamanı həm bir-birimizlə yarışa girir, həm də bir-birimizdən nəyisə öyrənirik. Başqa bir dostum karyeramda irəliləmək üçün mənə həm motivasiya verir, həm də ona baxıb onun professional sahədə nail olduğunu əldə etmək istəyirəm. Başqa bir dostumla investisiyaları müzakirə edirik. Tövsiyyə edərdim ki, əhatənizdə müxtəlif istiqamətlərdə çalışan elə bir dostunuz olsun ki, həmin istiqamətdə sizi irəli çəksin. Qısa olaraq, ətrafımızı seçəndə çox diqqətli olmalıyıq.