AZ

ABŞ Türkiyə ilə sərhəd bölgəsinə hərbi qüvvə yığır

BAKI, 26 aprel. TELEQRAF

Yaxın Şərqdəki ABŞ qüvvələrinin ixtisarı təkcə Suriya ilə məhdudlaşmayacaq. Mənbələr bildirirlər ki, İraqdakı Amerika qüvvələrinin də sayı azaldılacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

İraq hökuməti ötən il ABŞ-nin o vaxtkı hökuməti (Co Bayden administrasiyası) ilə Amerika qüvvələrinin çıxarılması qrafiki ilə bağlı razılaşma əldə edib. Razılaşmada ABŞ qüvvələrinin 2025-ci ilin sentyabrına qədər İraq hökumətinin nəzarətində olan ərazilərdən tamamilə çıxarılması, ölkənin şimalı ilə (Türkiyə ilə sərhəd bölgəsi - red.) məhdudlaşması nəzərdə tutulurdu.

Bununla belə, “Al Arabiya”nın əldə etdiyi məlumatlar göstərir ki, Donald Tramp administrasiyası razılaşmanı yenidən nəzərdən keçirib və yaxın bir neçə həftə ərzində geri çəkilmənin birinci mərhələsini başa çatdırmaq niyyətindədir.

Qeyd olunur ki, ABŞ qüvvələrinin sayı azaldılacaq, yalnız Bağdaddakı səfirliyi qorumaq üçün qüvvə saxlanılacaq. Bəzi ABŞ qüvvələri Ərbilə (İraq Kürd Muxtariyyəti) doğru çəkiləcək və ya Amerikaya qayıdacaq. Beləliklə, amerikalıların Ayn əl-Əsəd və Bilad bazaları, eləcə də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında mövcudluğu dayandırılacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin Suriyadan çıxarmağa başladığı qüvvələrinin bir hissəsini Şimali İraqa göndərməsi barədə Türkiyə mediasında məlumat yayılmışdı.

Seçilən
15
teleqraf.com

1Mənbələr