BAKI, 26 aprel. TELEQRAF
Vaşinqton 18 ölkə ilə ticarət danışıqları üçün ümumi yanaşma hazırlayıb. Bu ölkələr sırasına Kanada, Çin və Meksikanın daxil olacağı ehtimal edilmir.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, ticarət danışıqlarının keçirilməsi sxemi ABŞ-nin Ticarət Nümayəndəliyi tərəfindən hazırlanıb. Bu sxem qarşılıqlı idxal gömrük rüsumlarının müzakirəsini asanlaşdırmaq məqsədi daşıyır. Plana rüsumlar və kvotalar, qeyri-tarif ticarət məhdudiyyətləri, rəqəmsal ticarət, malların mənşə qaydaları və iqtisadi təhlükəsizlik kimi kateqoriyalar daxildir.
Danışıqların növbəti iki ay ərzində mərhələli şəkildə aparılması gözlənilir. Üç həftə ərzində hər həftə altı ölkə ilə danışıqların keçirilməsi və sonra bu dövrün təkrar olunması nəzərdə tutulur. Tramp administrasiyası iyulun 8-nə qədər əsas 18 ticarət tərəfdaşı ilə qarşılıqlı tarif razılaşmalarının əldə olunacağına ümid edir.
Danışıqların hansı ölkələrlə ümumi sxem üzrə aparılacağı, hansılara isə fərqli yanaşmanın tətbiq ediləcəyi hələlik məlum deyil. "The Wall Street Journal" qəzetində qeyd edilib ki, bu planın Kanada və Meksikaya şamil olunması çətin görünür – çünki bu ölkələrin mallarına ayrıca 20% rüsum tətbiq edilir və tariflərin 10%-ə endirilməsi onları əhatə etmir. Çinin də həmin 18 ölkə arasında olması ehtimalı azdır, çünki ABŞ-nin Çindən idxal olunan mallara tətbiq etdiyi rüsumlar artıq 145% təşkil edir.
Nəşrdə qeyd olunur ki, bəzi ABŞ ticarət tərəfdaşları hələ də Vaşinqtonun danışıqlar üçün təkliflərlə çıxış etməsini gözləyir. Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis “The Wall Street Journal”a bildirib ki, Aİ hələ Tramp administrasiyasından konkret tələblər almayıb, lakin ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsinin sözçüsü qəzetə açıqlamasında bildirib ki, ABŞ-ın tariflərlə bağlı mövqeyi Avropa ölkələrinə dəfələrlə çatdırılıb.