BAKI, 26 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 53 dəfə publik şəkildə Ukraynadakı müharibəni 24 saata bitirəcəyinə söz vermişdi. Bu gün isə o, zarafat etdiyini iddia edir.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bu həftə “Time” jurnalına müsahibəsi zamanı Trampa müharibəni 24 saat ərzində bitirmək vədləri xatırladılıb. O, belə cavab verib: “Mən obrazlı demişəm, mübaliğə eləmişəm. Açığı, insanlar bilirlər ki, bunlar zarafatla deyilib”.
Faktlar bunun əksini göstərir. Trampın publik açıqlamalarını kataloqlaşdıran Factba.se məlumat bazasına görə, Amerika prezidenti açıq, ciddi və ardıcıl olaraq ən azı 53 dəfə bəyan edib ki, ya 24 saat ərzində, ya da andiçmə mərasimindən əvvəl Rusiya-Ukrayna müharibəsini bitirəcək.
Ayova mitinqi, iyul 2023: “Mən bunu 24 saat ərzində edəcəm. Hamı “Xeyr, edə bilməzsən” deyir. Mütləq olacaq”.
Pensilvaniya, iyul 2023: “Mən Zelenskini də tanıyıram, Putini də. Bu, 24 saat ərzində olacaq”.
CNN-ə müsahibə, may 2023: “Bu müharibəni bir günə - 24 saata həll edəcəyəm”.
İyun 2024: “Vəzifəyə başlamazdan əvvəl Ukraynadakı müharibəni həll edəcəyəm”.
Sentyabr 2024: “Seçilmiş prezident kimi bunu həll edəcəyəm”.
CNN əlavə edir ki, bu və onlarla başqa bəyanatlar Trampın 2023-2024-cü illərdə çıxışlar, mitinqlər və debatlar zamanı rəsmi ritorikasının bir hissəsi olub. Bu gün Tramp bunun zarafat olduğu iddia edərək, öz sözlərini təkzib edir.