AZ

Bu formada pəhriz SAXLAMAQ QƏTİYYƏN OLMAZ

Pəhriz və bədən pozitivliyi: Sosial mediada sağlamlıq trendləri Son illərdə sosial media platformalarında həm pəhriz rejimləri, həm də bədən pozitivliyi ilə bağlı paylaşımların artması cəmiyyətin sağlamlıq anlayışına yeni yanaşma gətirib.


Bir tərəfdə ideal bədən quruluşuna çatmaq üçün fərqli pəhrizlər və fitness proqramları təşviq olunur, digər tərəfdə isə fərqli bədən formalarının da gözəl və dəyərli olduğu mesajı verilir. Bu iki yanaşma arasında tarazlıq tapmağa çalışan sosial media istifadəçiləri üçün sağlamlıq yalnız fiziki görüntü ilə yox, eyni zamanda psixoloji rahatlıqla da ölçülməyə başlayıb. Pəhriz trendləri və bədən pozitivliyi anlayışının bu cür paralel inkişafı, yeni nəsil üçün həm motivasiya, həm də təzyiq mənbəyinə çevrilə bilir.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans -a açıqlamasında bildirib ki, hər bir insan sağlam və enerjili olmaq üçün, əhval-ruhiyyəsini yüksək saxlamaq üçün mütləq şəkildə öz orqanizmini tanımalıdır. Hansı qidalara qarşı allergiyası və ya həssaslığı olduğunu bilməsi, qidalanmanı rejimlə tənzimləməsi olduqca vacibdir. Çünki insan orqanizmi standart işləmə sisteminə malikdir və hər hansı qəfil dəyişikliyi stress və aqressiya kimi qəbul edir. Bununla yanaşı, gündəlik fiziki aktivlik, yuxu rejimi, ətraf mühit və ünsiyyətdə olduğu insanlar da sağlam həyat üçün əsas faktorlardandır.




Mütəxəssis onu da diqqətə çatdırıb ki, stressin idarə olunmasında isə düzgün qidalanma, keyfiyyətli yuxu və psixoloji balans mühüm rol oynayır. Sağlam yuxu – axşam saat 11-dən sonra başlayıb 7-8 saat davam etməlidir. Bu rejim pozulduqda iştahsızlıq, həddindən artıq yemək istəyi, yorğunluq, əsəbilik, depressiya meyli və hormonal pozuntular meydana çıxa bilər. Son dövrlər “sağlam həyat tərzi” adı altında təqdim olunan bəzi marketinq hiylələri – sürətli arıqlama çayları, mono-pəhrizlər və ya dəbli proqramlar – diqqətlə qiymətləndirilməlidir.


Belə üsullar bəzən orqanizm üçün əlavə stress yaradır və sağlamlığa zərər verə bilər. Unutmaq olmaz ki, pəhrizlər əsasən sağlamlıq problemi olan insanlar üçün nəzərdə tutulub. Sağlam insan üçün əsas prinsip – müxtəlif və təbii qidalanmadır. Gün ərzində qəbul edilən yeməklərin tərkibində 40-70 arası makro və mikroelement olmalıdır. Monoton və eyni tərkibli qidalar bu balansı təmin etmir, nəticədə hormonal pozğunluqlar, enerji azlığı və mənfi emosiyalar yarana bilər. İnsan orqanizmini sevməli, çəki və görünüş məsələlərinə sağlamlıq prizmasından yanaşmalıdır. Çünki insan özünü sevəndə, özünə daha yaxşı qulluq etməyə çalışır.



"Pozitiv qalmaq və emosional sağlamlığı qorumaq üçün isə uzunmüddətli saxlanılan, paketlənmiş, süni dadlandırıcılı, rəngləndiricili məhsullardan uzaq durmaq vacibdir. Süni şəkərlər, qazlı içkilər və kimyəvi qatqılı qidalar beynəlxalq tədqiqatlar tərəfindən sinir sisteminə zərərli hesab olunub. Eyni zamanda, yağlı, qızardılmış və gec həzm olunan qidalar da orqanizmi yükləyir və tövsiyə olunmur", - deyə Məhsəti Hüseynova əlavə edib.


Gülgəz Qədirova

Referans  

Seçilən
44
17
referans.az

10Mənbələr