Tibb elmləri doktoru, professor Adil Qeybulla bu gün - aprelin 22-də Penitensiar Xidmətin Tibb Baş İdarəsinin həkimlərilə birlikdə Umbakı qəsəbəsindəki təcridxanada Müsavat Partiyasının üzvü Tofiq Yaqublunu müayinə edib.
Modern.az xəbər verir ki, bu barədə Adil Qeybullanın özü bildirib.
"Bu gün, saat 13.00-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Kompleksində Tofiq Yaqublunu müayinə etdik. Müayinə prosesində Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdilər.
Hemodinamik göstəricilər kompensator stabildir. Aclığa bağlı çəki itkisi davam edir, çəkisi – 83 kq-dır. Ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur, halsızlıq və ümumi zəiflikdən şikayət edir. Huşu aydındır, təmas və kommunikasiya adekvatdır. Orqanizmin su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparılması tövsiyə edildi. Razılıq alındıqdan sonra 3 saat müddətində prosedurlar icra edildi. İnfuziya ağırlaşmasız keçdi.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, Tibb Baş İdarəsinə və Umbakı Penitensiar kompleksinin rəhbərliyinə yaradılan imkan üçün öz adımdan təşəkkür edirəm", - A.Qeybulla qeyd edib.
Onun sözlərinə görə, Tofiq Yaqublunun səhhətinin mütəmadi nəzarət altında saxlanması məqsədilə yenidən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Tibb Baş İdarəsinə müraciət etmək niyyətindədir.