AZ

150 dəqiqədən çox oturursunuzsa, diqqət! ÜST-dən sağlamlıqla bağlı mühüm xəbərdarlıq

150 dəqiqədən çox oturursunuzsa, diqqət!

Texnologiyanın inkişafı ilə ev və iş mühitləri sürətlə dəyişir. Lakin bu dəyişikliklər həyat tərzimizə, xüsusilə də fiziki aktivliyə mənfi təsir edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), gündəlik həyatında 150 dəqiqədən çoxunu oturaraq və ya ekran qarşısında keçirən şəxslərə xəbərdarlıq edib: uzun müddət hərəkətsizlik ciddi sağlamlıq riskləri yarada bilər. Bu insanlar ürək xəstəliklərindən tutmuş psixi narahatlıqlara qədər bir çox problemlə üzləşə bilər.

Uzun müddət oturmaq hansı riskləri yaradır?

Uzun saatlar oturmaq siqaret çəkmə və artıq çəki ilə müqayisə edilə biləcək səviyyədə sağlamlığa zərər verə bilər. Gündə 8 saat və ya daha artıq hərəkətsiz qalmaq bədəndə bir sıra mənfi dəyişikliklərə səbəb olur:

Metabolizmanın yavaşlaması – Uzun müddət oturmaq qan şəkəri və yağ səviyyələrini tənzimləyən mexanizmləri zəiflədir. Bu, çəki artımına, insulin müqavimətinə və nəticədə 2-ci tip diabet riskinin yüksəlməsinə səbəb olur.

Ürək-damar sağlamlığına təhlükə – Hərəkətsizlik qan dövranını ləngidir və ürək xəstəlikləri riskini artırır.

Psixi sağlamlığa mənfi təsir – Davamlı oturaq həyat tərzi narahatlıq və depressiya ehtimalını yüksəldir. Tədqiqatlar göstərir ki, müntəzəm fiziki fəaliyyət psixi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Nə etməli? – Mütəxəssislərdən tövsiyələr

Bu risklərin qarşısını almaq üçün kiçik, lakin davamlı vərdişlər böyük fayda verə bilər. ÜST-nin və mütəxəssislərin tövsiyələri belədir:

Hər 30 dəqiqədə bir ayağa qalxın – Hətta masa arxasında işləyərkən belə, hər yarım saatda bir neçə dəqiqə yerimək və ya ayaq üstə durmaq qan dövranını stimullaşdırır.

Həftədə ən azı 150 dəqiqə fiziki fəaliyyət göstərin – Orta intensivlikdə idman, məsələn, sürətli gəzinti və ya velosiped sürmək sağlamlıq üçün vacibdir.

Asudə vaxtda ekran vaxtını azaldın – Əyləncə məqsədilə ekran qarşısında keçirdiyiniz vaxtı azaltmaqla, daha çox hərəkət etməyə imkan yaradın.

Oturma mövqeyinizə diqqət edin – Düzgün duruş, kürəyə dəstək verən oturacaq və əzələ yükünün azalması uzunmüddətli oturma zamanı zərərin qarşısını ala bilər.

Bədəniniz hərəkət üçün yaradılıb. Gündəlik rejiminizə kiçik hərəkət fasilələri əlavə etməklə sağlamlığınızı qorumaq sizin əlinizdədir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
74
15
e-saglam.az

10Mənbələr