Məsələ ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib. Qeyd edib ki, biz beynəlxalq hüquq normalarına əsaslanaraq Rusiya ilə münasibətlərimizi saxlayırıq:
"Keçən ilin dekabrın 25-də baş vermiş qəza nəticəsində Rusiya-Azərbaycan münasibətlərində bir qədər soyuqluq yarandı və Azərbaycan haqlı olaraq beynəlxalq hüquq normalarına uyğun şəkildə Rusiyanın bu hadisəni törədən cinayətkarlarının cəzalandırılmasını, kompensasiya ödənilməsini və rəsmi üzr istənilməsini tələb etmişdi.
Bunlar da qismən yerinə yetirildi. Putin üzr istədi və sonra Bakıya gələrkən bir daha üzr istədi, başsağlığı verdi və istintaqın obyektiv sona çatmasının vacibliyini bildirdi. İstintaqdan sonra da lazımi tədbirlər görüləcəyini söylədi.
Bundan sonra da, Rusiya Prezidenti Azərbaycan Prezidentinə zəng edərək 9 May - Böyük Vətən Müharibəsinin ildönümü tədbirlərinə dəvət etdi və bu dəvət də qəbul olundu.
Təbii ki, Azərbaycan olaraq Rusiya ilə strateji müttəfiqliyi 1922-ci ilin fevralın 20-də imzalamışıq və buna sadiqik. Eyni zamanda, biz həmişə Rusiya ilə normal münasibətlər saxlamışıq. Ancaq biz öz dövlət maraqlarımızı, xalqımızın mənafelərini hər zaman ilk sırada tutmuşuq. Buna görə də, Rusiyada törədilən bu qəza nəticəsində ləyaqətimizi, şərəfimizi qoruduq və onların bu hadisəni yaddaşlardan silməsinə, gizlətməsinə imkan vermədik. Hesab edirəm ki, bu da Azərbaycanın mövqeyini daha da gücləndirdi, nüfuzunu artırdı. Rusiya bizim böyük qonşumuzdur. Biz beynəlxalq hüquq normalarına əsaslanaraq onlarla münasibətlərimizi saxlayırıq, ticarət dövriyyəmiz daim inkişaf edir. Eyni zamanda unutmamalıyıq ki, 3 milyondan artıq soydaşımız Rusiyada yaşayır, orada çalışır, orada vətəndaşlıq alıblar, onların içində çoxlu sayda nüfuzlu şəxslər var. Bu baxımdan, bizim Rusiya ilə münasibətlərimizin normal olması vacibdir və bu, bizim strateji məqsədlərimizdən biridir. Biz Rusiya kimi böyük bir dövlətin siyasətini dəstəkləmirik - xüsusilə də Ukraynada baş verən müharibəni. Biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Bunlara baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərinin yaxşı olmasını daim istəmişik. Çünki, bir daha qeyd edirəm ki, Rusiya böyük dövlətdir və daima da Azərbaycanla münasibətləri həmişə yaxşı olub. Ona görə də hesab edirəm ki, bundan sonra da əsas prioritetlərimiz, iqtisadi və siyasi münasibətlərin inkişaf etdirilməsi olacaq və bu dostluq davam edəcək".
Zeynəb Mustafazadə