AZ

“Ailədəki davalara şahid olan körpələr əqli inkişafdan qalır” – Samirə Bağırovadan QALMAQALLI AÇIQLAMA

“Təbii ki, elə bir ailə yoxdur ki, orada söz - söhbət olmasın. Amma yetişkin insanların çoxu əfsuslar olsun ki, sağlam söhbət apara bilmədikləri üçün, anlayışlı davranış sərgiləməyi bacarmadıqları üçün, mübahisələr təhqirə, şiddətə yol açaraq,  daha ağır nəticələnə bilir.  Demək olar ki, bir çox hallarda ailələrdə azyaşlı uşaqlar valideynlərin davalarına şahidlik etmiş olurlar. Bununla da, uşaq dərin psixoloji sarsıntı yaşamış olur”.

Bu fikrləri Bizim.Media-ya açıqlamasında münaqişəli ailələrdə böyüyən uşaqlarla bağlı məsələdən danışarkən psixoloq Samirə Bağırova bildirib.

Ailə münaqişəsinin gələcək fəsadları
 

Psixoloq qeyd edib ki, alimlər də qeyd edirlər ki, hətta 4 aylıq körpənin, konflikt zamanı böyrəküstü vəzilərdə istehsal olunan və bədəndəki stressi tənzimləyən kortizol hormonun səviyyəsi yüksəlir:


“İmmunsistemi zəifləyə bilir və körpə əqli inkişafdan qalaraq, həm də tez- tez xəstələnməyə meyilli olur. Gələcəkdə bu uşaqlarda təşviş-həyəcan, qorxu yaranaraq  psixikası zədələnməyə səbəb olur. Ailə davaları uşaqda özgüvənsizlik, qorxaqlıq, cəsarətsizlik, qorxulu - narahat yuxular, özünü ifadə etməkdə çətinlik çəkmək, tiklərin yaranması, dırnaq yemək, dodaq çeynəmək, trikotilomani (kiprik, qaş qopartmaq), özünü günahkar hiss etmək, enurez (sidik qaçırma), nevroz, valideynlərə qarşı soyuqluq, aqressivlik, şiddətə meyillilik və sairə kimi psixi pozuntulara yol açmış olur”.

Xarakterin formalaşması

Samirə Bağırovanın fikrincə,  konfliktlər uşağın xarakterinin formalaşmasına da dərindən təsir edir:

“Ən böyük problemlərdən biri də, “sən bunu etdin, sən elə dedin“ sən  sözünü tez- tez vurğulayaraq, qarşı tərəfi günahlandırmaq davranışı, həm də uşağın tərbiyəsinə də təsir etmiş olur. Uşaq yanlış bir hərəkət etmiş olsa “bunu sən eləmisən? Yaxud bunu kim edib? Yaxud bilsəm ki, sən etmisən “ şantaj tipli, səs tembrini yüksəldərək deyilən cümlələr uşağın həmişə özünü günahkar hiss etməsinə, haqlı vəziyyətlərdə  haqsız olduğuna gətirib çıxarır. Özünü hər zaman isbat etməyə çalışır, aşırı fədakar olaraq, dəyərsizləşərək istifadə olunur”.

Doğru dialoq qurmaq
 

Psixoloqun sözlərinə görə ümumiyyətlə, tək uşaq dünyaya gətirməklə valideynlik olmur. Uşağın yaş mərhələlərinə görə uşaqla doğru şəkildə dialoq qurmaq çox önəmlidir:


“Dövlət çox zaman cəmiyyətlə səciyyələndirilir. Sağlam və güclü cəmiyyət isə güclü dövlət deməkdir. Güclü dövlətin bünövrəsi dünyaya gələn uşaqların psixi və fiziki sağlamlığına bağlıdır. Düşünürəm ki, valideyn olmaq istəyən hər bir cütlük, valideyn olmadan öncə, qurmaq istədiyi ailənin əslində yaşadığı dövlətin təməli olduğunu anlamalıdır. Bəlkə buna rəğmən dərin bir məsuliyyət hiss etmiş olarlar”.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
196
18
bizim.media

10Mənbələr