Məlum olduğu kimi, “Mançester Siti”nin 33 yaşlı belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne cari mövsümün sonunda “şəhərlilər”dən ayrılacaq.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən məlumat verir ki, De Bröyne gələcək əməkdaşlıqla bağlı ixtiyari təklifi baxışdan keçirməyə hazır olduğunu bildirib:
“Mən nə baş verəcəyini bilmirəm. Əgər komandalar gəlib yaxşı idman layihəsinə malik olduqlarına məni əmin etsələr, bunun necə bir layihə olmasından asılı olmayaraq, mən bu barədə dinləməyə hazıram. Mən futbolu da sevirəm, futbol oynamağı da”, deyə De Bröyne vurğulayıb.
Xatırladaq ki, Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqust ayında 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameyilli yarımmüdafiəçinin İngiltərə klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə De Bröyne “Mançester Siti” üçün bütün yarışlarda 33 oyun keçirib, 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Kevin De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 415 oyun, 107 qol və 177 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 109 oyun keçirib. Yarımmüdafiəçi bu oyunlarda 30 qol vurub, 52 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.