AZ

Prezidentdən beynəlxalq forumda  mühüm mesajlar: "Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və..." - TAM MƏTN + VİDEO (YENİLƏNİB)

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.

Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident, dəyərli konfrans iştirakçıları. Sizi və bütün iştirakçıları ADA Universitetində qəbul etməkdən məmnunluq duyur və şərəf hissi keçirirəm. Beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbiri yeddinci dəfə keçirməkdən böyük fəxarət hissi duyuruq və bu konfransların hər birinə verdiyi dəstəyə, onlarda iştirak etdiyinə görə Prezident Əliyevə dərindən minnətdarıq. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və qlobal məsələlərlə bağlı bir çox məqalələr dərc etmişdir. Bu il ADA Universitetinin beynəlxalq konfransına rekord sayda - 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizindən çoxu konfransımızda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu qlobal gündəmin cari vəziyyətinə çox uyğundur. Dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qalır. Bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir və biz bu mövzulara iqlim məsələlərini, miqrasiya problemlərini, proteksionizmi və ticarət müharibələrini əlavə edəcəyik. Bizi hansı gələcək gözləyir? Yeni dünya düzəni necə olacaq? Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu nədir?

Prezident İlham Əliyev: Sabahınız xeyir, xanımlar və cənablar. Əvvəlcə hamınızı Azərbaycanda salamlamaq və ADA Universitetinə, onun rəhbərliyinə və rektoruna, professor Paşayevə belə bir prosesin başladılması təşəbbüsünü irəli sürdüyünə görə minnətdarlığımı bildirmək istəyirəm.

Prezidentin köməkçisi Hikmət Hacıyev: Təşəkkür edirik, cənab Prezident. İcazənizlə, müzakirələrimizə başlamaq istərdik və Sizə sual ünvanlamaq üçün kifayət qədər çox iştirakçı yazılıb. Birinci, İsveçdən olan Svante Kornell ilə başlamaq istərdik.

Svante Kornell: Çox sağ olun, cənab Prezident, Sizi yenidən görmək necə də xoşdur. Son zamanlarda Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərdə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində güclü cəlb edildiyinin şahidi olmuşuq. Azərbaycanın, eyni zamanda, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin bir hissəsi kimi özünü necə görməsi və dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynaya biləcəyi rolu barədə bizə məlumat verə bilərsinizmi? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bu məsələ qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.

Hikmət Hacıyev: İkinci sual, Stefani Fenkart, Avstriya.

Stefani Fenkart: Bizi qəbul etdiyiniz üçün çox sağ olun, cənab Prezident. Mən Vyanadakı Beynəlxalq Sülh İnstitutunda çalışıram. Mən keçən dəfə də burada idim və Ermənistanla Azərbaycan arasında barışıq, vasitəçilik barədə sual vermişdim. Bu dəfə isə daha uzunmüddətli perspektivə yönəlmiş sual vermək istəyirəm. İstərdim ki, yeni dünya düzəni mövzusunu nəzərə alaraq, Cənubi Qafqaz ölkələri üçün uzunmüddətli baxışınız haqqında bizə məlumat verəsiniz və yəqin Ermənistan ilə Azərbaycan arasında sülhün uzun çəkəcəyini görürsünüz. Bir-biri ilə razılaşma, sülh sazişinə nail olma nöqteyi-nəzərindən bu proses hələ də uzun çəkəcək. Lakin əngəlləri aşmaq olar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, bir Avropa dövləti kimi gələcəkdə müharibələrin aparılmasının necə mümkünsüz edilməsinə və sonra da Avropa İttifaqı kimi institusional formanın alınmasına dair baxış kimi bir fikrə malik olmaq vacibdir. Mən Sizə bu yolla irəliləməyi təklif etmirəm. Lakin, Sizin də əvvəl qeyd etdiyiniz kimi mövcud coğrafiyanı nəzərə alaraq, azərbaycanlılar, ermənilər və gürcülərin bəhrələnəcəyi Cənubi Qafqaz üçün uzunmüddətli baxışınız nə olardı? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, biz nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq.

Hikmət Hacıyev: Brenda Şaffer, Amerika Birləşmiş Ştatları və İsrail.

Brenda Şaffer: Sabahınız xeyir, Prezident Əliyev.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Brenda Şaffer: Biz 2025-ci ili yaşayırıq, 44 günlük müharibədən demək olar ki, beş il ötüb. Həlak olmuş şəhidləri, xüsusilə ölkəsini müdafiə edən gəncləri və həyatının hər günü mübarizəyə çevrilmiş yaralananları xatırlamaq yerinə düşərdi. Lakin bu həm də Ali Baş Komandandan, Azərbaycanın və onun Ordusunun müharibəyə hazırlaşma prosesinə rəhbərlik etmiş Prezidentdən soruşmaq fürsətidir. Beş ildən sonra hansı qənaətə gəlmisiniz? Deyə bilərik ki, İkinci Dünya müharibəsindən sonra çox az sayda müharibənin real sonu olmuşdur. Tərəflər davam edən münaqişəni, sadəcə, süründürürlər. Ermənistan-Azərbaycan müharibəsi 2023-cü ilin antiterror əməliyyatı da daxil olmaqla sona çatmış yeganə müharibədir. Beləliklə, Siz özünüz üçün hansı nəticələr çıxarmısınız? Ali Baş Komandan olaraq müharibədən beş il sonra urban müharibə, mülki şəxslər arasında itkilərin və mülki infrastruktura dəymiş ziyanın azalması. Biz burada əyləşərkən əfsuslar olsun ki, hələ də davam edən müasir müharibələrdən çıxardığınız nəticələr nədir?

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bu suala cavab vermək üçün müxtəlif seqmentlər mövcuddur. Birincisi, müdafiə qabiliyyətidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.

Hikmət Hacıyev: Daria İsaçenko, Almaniya.

Daria İsaçenko: Hörmətli cənab Prezident, bu imkana görə çox təşəkkür edirəm. Mən Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunda fəaliyyət göstərirəm. Sualım Türkiyə və İsraillə bağlıdır. Azərbaycanın hər iki ölkə ilə yaxşı və yaxın münasibətləri var. Bu iki ölkə arasında hazırkı gərginliyi nəzərə alsaq, bu, Azərbaycana necə təsir göstərir və Azərbaycan Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması istiqamətində hər hansı bir fəaliyyətdə rol oynayırmı? Təşəkkür.

Prezident İlham Əliyev: Bəli, haqlısınız. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub.

Hikmət Hacıyev: Ramiz Yunus, ABŞ.

Ramiz Yunus: Möhtərəm cənab Prezident, bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Sizinlə yenidən görüşməyə çox şadam. Bu imkana görə təşəkkür edirəm. Dəvətə görə təşəkkür edirəm. Mənim üçün bu, böyük imkandır. Sizin iştirakınızla keçirilən çox mühüm beynəlxalq tədbirlər üçün Vətənimə, xüsusilə Qarabağa, Azərbaycanın Qarabağ bölgəsinə gəlmək bir ənənəyə çevrilib. Keçən dəfə bu, Şuşada idi, indi Xankəndidə, Bakıda. Eyni zamanda, dünyadakı və regiondakı ciddi geosiyasi məsələlərlə bağlı Sizə sual ünvanlamaq imkanını yüksək qiymətləndirirəm. Möhtərəm cənab Prezident, keçən dəfə ABŞ-dakı seçkilərdən əvvəl mənim sualıma cavab verərkən Siz həm demokratlarla, həm də respublikaçılarla təmasda olmaqla bağlı mükəmməl təcrübənizi paylaşdınız. Xatırlayıram, Siz söylədiniz ki, respublikaçıların administrasiyası ilə işləmək Sizin üçün hər zaman daha asandır. Möhtərəm cənab Prezident, Sizə sualım var. Ağ evdə hakimiyyətin dəyişməyindən sonra Sizin gözləntiniz özünü doğrultdumu, yoxsa bu barədə danışmaq hələ tezdir? Bu gün Azərbaycan və regionumuz üçün əsas riski nədə görürsünüz? Bir daha təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim şəxsi təcrübəm nöqteyi-nəzərindən, - mən bunu dəfələrlə bölüşmüşəm, - sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi.

Hikmət Hacıyev: Thembisa Fakude, Cənubi Afrika.

Thembisa Fakude: Təşəkkür edirəm. Sabahınız xeyir, cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Keçən dəfə Sizinlə Şuşada Qlobal Media Forumunda görüşmüşdük. Dəvətə görə bir daha təşəkkür edirəm. Ən azı Afrika nöqteyi-nəzərindən biz Azərbaycanın geosiyasi gücünü və Qoşulmama Hərəkatının rəhbərliyində iştirakını müşahidə edirik. Bu il Siz, həmçinin COP29-a rəhbərlik edirsiniz, biz hamımız bunu maraqla izləyirik. Lakin mühüm olan odur ki, Azərbaycan həm də Afrikadakı sosial, təhsil layihələrinə investisiya yatırır, sözsüz ki, bir çox afrikalılar buna çox sevinir. Bizim Afrikadan gələrək Azərbaycanda təhsil alan daha çox tələbəmiz var. Siz, həmçinin bəzi dövlət xidmətlərinin öyrədilməsi və peşəkarlaşdırılması baxımından təcrübənizi bölüşürsünüz. Bu, yüksək qiymətləndirilir. Lakin afrikalılar, - həm də xüsusilə mənim gəldiyim Afrikanın cənub hissəsində, - Azərbaycanın daha yaxından iştirakını istəyirlər. Sualım belədir və mən bu cavabı öz ölkəmə çatdırmalıyam. Sizin xüsusilə Cənubi Afrikada sosial, təhsil və digər akademik fəaliyyətinizi genişləndirməklə bağlı planlarınız varmı? Əgər varsa, bu hansı planlardır? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, demək istərdim ki, Cənubi Afrika Afrika qitəsində bizim uzun illərdir səfirliyimizin olduğu az sayda ölkədən biridir. Bizim Afrikada çox səfirliyimiz yoxdur. Lakin səfirliklərin sayı artmaqdadır. Düşünürəm ki, Cənubi Afrika ilklərdən biri olub. Beləliklə, bu, bizim sizin ölkənizlə müxtəlif sahələrdə işləməyə olan böyük marağımızı nümayiş etdirir. Bəli, biz dəstəyimizə ehtiyacı olan Afrikadakı dostlarımızı hər zaman dəstəkləmişik. COVID pandemiyası zamanı biz 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərmişik, həmin ölkələrin əksəriyyəti Afrika qitəsində olub. Biz müxtəlif vasitələrlə təhsil proqramlarını, tibbi proqramları dəstəkləmişik. Biz Afrikadan olan tələbələrə təqaüdlər veririk. Biz bunu dövlət vəsaiti hesabına, QHT-lər vasitəsilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində olan beynəlxalq yardım üzrə agentliyi vasitəsilə edirik. Beləliklə, bütün bunlar həyata keçirilir. Bəli, biz daha fəal qarşılıqlı əlaqələrin olmasını istərdik. Düşünürəm ki, Afrika liderlərinin Azərbaycana builki səfərləri bu böyük qarşılıqlı marağı nümayiş etdirir.

Hikmət Hacıyev: Anton Deymoviç, Xorvatiya.

Anton Deymoviç: Sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf hissi duyuram. Mən Xorvatiyadanam.

Prezident İlham Əliyev: Sağ olun. Elə indicə artıq qeyd etdiyim kimi, beş gün əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarını keçirdik. Bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi. Giriş nitqimdə ötən il Avropanın qaz bazarında nəyi etdiyimiz barədə məlumat verməklə yanaşı mən qeyd etdim ki, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər. Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.

Hikmət Hacıyev: Ömər Aşur, Qətər və Birləşmiş Krallıq.

Ömər Aşur: Çox sağ olun, cənab Prezidenti. Burada olmaqdan məmnunam və mənim üçün şərəfdir. Bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Mən Sizi həm ərazilərin azad edilməsi, həm dünən gördüyümüz yenidənqurma işləri ilə bağlı bir daha təbrik edirəm. Mən Qətərdəki Doha İnstitutunu və eyni zamanda, Birləşmiş Krallığın Ekseter Universitetini təmsil edirəm. Sualım Ukrayna ilə bağlıdır. Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir? Hazırda müharibə vəziyyəti demək olar ki, 12 ildir davam edir. Müharibə həm qlobal, həm regional məsələlərə, o cümlədən Qafqaz, Avropa, Orta Şərq, hətta Hind və Sakit okean regionlarına təsir göstərir. Böyük hərbi və diplomatik nailiyyətləri əldə etmiş ölkənin Prezidenti kimi həmin müharibənin sonunu necə görürsünüz? Sağ olun.

Prezident İlham Əliyev: Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın. Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti bizimki ilə müqayisədə xeyli uzundur. Bəli, bu gün fərqli görünür. Bizə gəldikdə, təmas xətti Ermənistanın xeyli xeyrinə idi, çünki təbiətin relyefi onlara üstünlük verərək onları qoruyurdu və əslində, işğalı davam etdirməyə şərait yaradırdı. Üstəgəl, 26 illik atəşkəs dövründə, onlar bəzən beş, bəzən altı və hətta ondan çox səngər, tikanlı məftil və mina zolaqları kimi istehkam xətlərini yaratmışlar. Hər həftə mina partlayışına görə bizim itkilərimiz olur. Təxminən 400 şəxs minaya düşüb. Onlardan 70-dən çoxu həyatını itirib, qalanları ciddi bədən xəsarəti alıb. İnsanlar Ukraynada atəşkəs və ya sülh haqqında danışanda onlar qoşunlara nəzarət etməyin nə dərəcədə çətin olduğunu anlayırlarmı? Ukrayna və Rusiya ordularında nizam-intizam səviyyəsi nə yerdədir? Bilmirəm. Bəlkə də bilirəm, lakin şərh vermək istəmirəm. Azərbaycan Ordusunda nizam-intizam səviyyəsi yaxşı məlumdur. Biz Ali Baş Komandanın bircə əmri ilə Xankəndinin yaxınlığında dayandıq. Digər tərəfdən, həmin təmas xətti təhlükəsiz və etibarlı olacaqmı? Vasitəçi olmağı arzulayan dairələr həmin təmas xəttində beynəlxalq sülhməramlıları tələb edəcəklərmi? Onlar işğal illəri ərzində bunu bizdən tələb etdilər. Birləşmiş Ştatlar, Rusiya və Fransanın ümumi mesajlarından biri təmas xəttinə, belə demək olarsa, sülhməramlıların gətirilməsi idi. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar bizdən işğal ilə barışmağı istəyirdilər. Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq. Düşünürəm ki, bu, ədalətli və realist görünmür, çünki “gəlin müharibəni dayandıraq” kimi yaxşı sözləri söyləmək işin bir hissəsidir. Onun digər hissəsi, daha dərinə baxmaq və yaxın vaxtlarda müharibədən çıxmış ölkələrdən soruşmaq ki, dayanıqlı sülhü qurmaq üçün hansı razılaşmalar lazımdır? 1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır. Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq. Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir.

Hikmət Hacıyev: Səfir Hulusi Kılıç, Türkiyə.

Hulusi Kılıç: Çox sağ olun cənab Hacıyev. Zati-aliləri, cənab Prezident, Sizin mühüm iştirakınızla bu konfransda olmaq böyük şərəfdir. Mən Zati-aliləri səfir Paşayevə və onun dəyərli komandasına bu cür mühüm konfransa məni dəvət etdiklərinə görə minnətdaram. ADA Universiteti hazırkı mövzuya həsr olunmuş mühüm beynəlxalq konfransı bu regionda təşkil edən yeganə təsisatdır. Cənab Prezident, fəxr edirəm ki, müharibədə tarixi Zəfəriniz və 23 saatlıq antiterror əməliyyatı ilə Siz nəsillər üçün tarix yazdınız. Onlar Sizi və Sizin irsinizi hər zaman xatırlayacaqlar. Siz nəinki Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən beynəlxalq ədaləti bərpa etdiniz. Sualımı verməzdən əvvəl istərdim Sizin iki ən yeni mühüm tarixi uğurunuzu hörmətli iştirakçıların diqqətinə çatdırım. Birincisi, Siz Qoşulmama Hərəkatında dörd il ərzində sədr kimi böyük nailiyyətlər əldə etdiniz. Siz həqiqətən sədrliyiniz dövründə bu Hərəkatı canlandırdınız. İlk iki il qlobal pandemiyaya təsadüf etdi. Biz Azərbaycanın bir çox Afrika ölkələrinə hədiyyə etdiyi peyvəndləri və qeyd etdiyiniz kimi, sədrliyiniz dövründə qadın və gənclərə diqqətin yönəldilməsini heç zaman yaddan çıxarmayacağıq. Hazırlıqların cəmi səkkiz ayından sonra Siz möcüzə etdiniz. COP29 əla səviyyədə təşkil olundu. Prezident Makron kimi bəzi Avropa rəhbərlərinin boykot çağırışlarına baxmayaraq, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Mən həmin uğuru müşahidə etməkdən çox fərəhləndim. Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Zati-aliləri, biz çox yaxşı bilirik ki, Siz Türk Dövlətləri Təşkilatına çox böyük önəm verirsiniz və bu il Azərbaycan qarşıdan gələn Zirvə toplantısına ev sahibliyi edəcək. Növbəti ayda qeyri-formal Zirvə görüşü Budapeştdə keçiriləcək. Zati-aliləri, Türk Dövlətləri Təşkilatını necə dəyərləndirirsiniz? Çox sağ olun.

Prezident İlham Əliyev: Cənab səfir, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Siz Azərbaycanın böyük dostusunuz. Sizin burada səfir kimi fəaliyyətiniz dövründə və sonra siz hər zaman ölkəmizə və xalqımıza qardaş yanaşmanı nümayiş etdirmisiniz. Mən fəaliyyətinizi izləyirəm və bizimlə olduğunuza görə çox məmnunam. Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur.

Hikmət Hacıyev: Viktor Kipiani, Gürcüstan.

Viktor Kipiani: Cənab Prezident Əliyev. Bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bizim suallarımızı səmimi cavablandırdığınıza görə sağ olun. Mən bunu yüksək qiymətləndirir və buna hörmətlə yanaşıram. Bəzi suallar üst-üstə düşür və bu da anlaşılandır. Biz Cənubi Qafqaz regionuna toxunduq. Bu, bizim yaşadığımız geosiyasi və geoiqtisadi mühitdir. Ancaq istərdim ki, biz diqqəti regionumuza yönəldək, çünki region mövzusu getdikcə yeni məzmun kəsb etməyə başlayır. Bu təlatümlü təchizat zəncirlərinin yenidən formalaşması fonunda regionumuz geosiyasi baxımdan özünü necə təqdim edə bilər, necə daha da rəqabətli ola bilər? Gürcüstanı təmsil etdiyim üçün həm də ikitərəfli əlaqələrimizi necə gördüyünüzlə bağlı sual vermək istərdim. Bu əməkdaşlığın təməli iki böyük lider tərəfindən 1990-cı illərin əvvəlində qoyulub və bu, təbii baş verən bir proses olub. Regionun uzaqgörən lideri kimi Siz ikitərəfli münasibətlərimizin perspektivini necə görürsünüz? Əminəm ki, biz bir-birimizin uğurlu gələcəyinin qapısı rolunu oynayırıq.

Prezident İlham Əliyev: Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.

Hikmət Hacıyev: Rik Fon, Böyük Britaniya.

Rik Fon: Cənab Prezident, bu gözəl imkana görə təşəkkürümü bildirirəm. Mən Böyük Britaniyanı təmsil edirəm. Fürsətdən istifadə edərək, ölkənizin Londondakı səfirliyinin fəaliyyətini təqdir etmək istərdim və mən onlarla həvəslə əməkdaşlıq edirəm. Cənab Prezident, İranla əlaqələrin perspektivlərinə dair danışmağınızı istərdim, xüsusilə də həyata keçirilən yüksəksəviyyəli səfərlər və İranda azərbaycanəsilli Prezidentin seçilməsi fonunda. Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Biz Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. İrandakı seçki prosesi bizi ruhlandırdı. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla.

Hikmət Hacıyev: Talha Şabit, Pakistan.

Talha Şabit: Mən ilk dəfədir ki, Azərbaycana səfər edirəm. Dünən də Qarabağda olmaq çox xoş oldu. Bu imkanın yaradılmasına görə təşəkkür edirəm. Mənim sualım Çinin Qlobal Cənubdakı rolu ilə bağlıdır. Bildiyimiz kimi, Çinin “Bir kəmər, bir yol” layihəsi qarşılıqlı inkişafı təşviq edir. İnkişaf etməkdə olan dünyada uzunmüddətli dayanıqlılıqla bağlı çağırışlara baxmayaraq, Çinin Afrika, Latın Amerikası və Asiyada diplomatik, iqtisadi və siyasi təsiri artmaqdadır. Çin, həmçinin Qərbin çətiri altında olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi təsisatlara alternativ təklif edir. Çin Qlobal Cənub çərçivəsində Qərbin hökmranlığında olan dünya nizamını necə dəyişə bilər?

Prezident İlham Əliyev: Sualınızın maliyyə hissəsinə gəldikdə deyə bilərəm ki, Azərbaycan uzun illərdir beynəlxalq maliyyə təsisatlarından asılılığını, demək olar, sıfra endirmişdir. Mənim ilk prezidentliyim dövründə biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırdıq. Digər maliyyə təsisatlarına gəldikdə, biz ya portfelimizi bağlamışıq və ya buna çox yaxınıq. Bizim birbaşa xarici borcumuz, sadəcə, 5 milyard dollardır, bu isə ümumi daxili məhsulun 7 faizindən azdır. Bu, bizim maliyyə vəsaitlərinə ehtiyac duymadığımızı göstərir. Əksinə, maliyyə təsisatları müraciətlər edirlər ki, bizə kreditlər ayırsınlar. Biz hazırda bu istiqamətdə işləyirik, çünki portfelimizi tam sıfra endirmək istəmirik. Bizim əsas tərəfdaşlarımız sırasında Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı yer alır. Yəni, bu baxımdan burada əlavə edə biləcəyim bir şərh yoxdur, çünki bu mövzu mənim gündəliyimdə deyil. Bu, artıq həll olunmuş məsələdir.

Hikmət Hacıyev: Cənab Prezident, biz demək olar ki, iki saatdır müzakirə aparırıq və Sizin gərgin qrafikiniz var. Bununla yanaşı, kifayət qədər suallarımız var. İcazənizlə, mən sualları bir araya toplayardım.

Prezident İlham Əliyev: Auditoriya yorulmayıbsa, davam edə bilərik.

Hikmət Hacıyev: O zaman növbəti sual Jorge Hukladandır, İspaniya.

Jorge Hukla: Çox təşəkkür edirəm. Cənab Prezident, qısa bir şərhim və bir sualım var. Mən beynəlxalq münasibətlər üzrə professoram, ancaq əvvəlki dövrdə İspaniya parlamentinin üzvü və ölkəmin AŞPA-dakı nümayəndəsi olmuşam. Mən Qarabağ probleminin beynəlxalq hüququn əsasında həll edilməsinə illər sərf etmişəm, belə bir qənaətə gəlmişəm ki, bu işdə beynəlxalq hüquq və beynəlxalq təşkilatlar tam uğursuzluğa düçar olublar. Sizi beynəlxalq təşkilatların müdaxiləsi olmadan əldə edilmiş ikitərəfli kompromis münasibətilə təbrik edirəm.

Prezident İlham Əliyev: Bəli, biz sədrliyimizə böyük məsuliyyətlə yanaşdıq. Biz Qoşulmama Hərəkatının nisbətən yeni üzvü idik və sədr seçildiyimiz zaman 10 il idi ki, üzv dövlət idik. Bu o deməkdir ki, bizim bu təsisata qoşulmağımızla bağlı strateji qərarımız düzgün və zamanında atılmış addım idi. Bu illər ərzində biz bu təşkilatı transformasiya etmək üçün gərgin fəaliyyət göstərdik. Biz anlayırıq ki, bu, uzun prosesdir. Ancaq biz müəyyən institusional platformaların yaradılmasına nail olduq. Biz bu haqda artıq danışdıq. Bu, həmçinin bizim üçün özümüzü təqdim etmək fürsəti idi. Təəssüflər olsun ki, bir tərəfdən COVID-19 pandemiyası baş verdi, digər tərəfdən bu, bizim üçün təkcə danışmaq deyil, əməli surətdə iş görmək imkanı yaratdı. Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik. Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi. Azərbaycanın sədrliyindən qalmış növbəti miras “Troyka” formatının təsis edilməsi idi. Bu təşəbbüs dəstəkləndi və o, sinerjinin təmin edilməsinə yönəlmişdi. Biz bu gün sədr ölkə deyilik, ancaq “Troyka” çərçivəsində təmsil olunuruq. Yəni, təşkilatın işinin irəlilədilməsi üçün bizim müəyyən alətlərimiz var və biz bu istiqamətdə işləri davam etdirəcəyik.

Hikmət Hacıyev: Anatoli Boyaşov, Belarus.

Anatoli Boyaşov: Çox sağ olun, cənab Prezident, burada olmaqdan şərəf və məmnunluq duyuram. Mən 2019-cu ildə Prezident Lukaşenko tərəfindən yaradılmış Belarus Strateji Araşdırmalar İnstitutunu təmsil edirəm. Bizim əsas funksiyamız Prezidentimizi analitik informasiya ilə təmin etməkdir. İkitərəfli əməkdaşlığımızın genişlənməsini nəzərə alaraq yalnız bir sual seçmək çox çətindir, lakin buna baxmayaraq, sualımı verim. Müşahidələrimiz göstərir ki, son dövrlərdə seçkiyə müdaxilə texnologiyaları çox təkmilləşib. Buna baxmayaraq, Azərbaycanda prezident seçkiləri ən yüksək sabitlik və siyasi dayanıqlılıq şəraitində keçirildi. Mənim sualım belədir: Azərbaycanda seçki suverenliyinin düsturu nədir? Həmçinin Siz seçkilərə müdaxilə texnologiyalarında dəyişiklikləri müşahidə edirsinizmi? Təşəkkürlər.

Prezident İlham Əliyev: Əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilə, necə deyərlər, texnoloji proseslə edilmirdi. Amma müxtəlif çox sadə alətlər vasitəsilə edilirdi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi. İkincisi, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Beləliklə, çox sadə idi. Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsini müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq. Beləliklə, bütün bunları yaşamışıq. 2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu. Bunu hamımız xatırlayırıq, heç vaxt unutmuruq. Beləliklə, bu da çox sadə idi. İndi bunu etmək daha çətindir. Çünki birincisi, biz maliyyə sisteminə tam nəzarət edirik. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Amma təəssüf ki, bəzi Qərb təşkilatları hələ çox “yaradıcıdırlar”. Beləliklə, onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər. Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır - xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar vəziyyətin sabitliyini pozmaq üçün buraya gətirilir. Amma bunun izinə düşəndə, hüquq-mühafizə orqanlarımız həmin pul qaçaqmalçılarını məsuliyyətə cəlb edəndə bizi ittiham etməyə başlayırlar ki, guya biz bəzi qeyri-demokratik işlər görürük. Azərbaycanda vəziyyət belə idi. Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər.

Hikmət Hacıyev: Əhməd Taher, Misir.

Əhməd Taher: Təşəkkürlər, Zati-aliləri cənab Prezident. İkinci dəfə burada olmaq şansı yaratdığınız üçün təşəkkür edirəm. Bir şərhim və bir sualım var. Şərhim dünən Qarabağda gördüklərimlə bağlıdır. Mən Qarabağda üç dəfə olmuşam. Dünən mən Azərbaycanın 1918-ci ildə müstəqillik əldə etdikdən və 1991-ci ildən sonra uğur hekayəsini görürəm. Deməli, bu gün Qarabağın işğaldan azad edildikdən sonra yenidən qurulmasını, Azərbaycanın Qarabağı işğaldan sonra necə bərpa etdiyini görmək çox xoşdur. Mən bunu nadir uğur və nailiyyət hesab edirəm. Buna görə Sizi təbrik edirəm. Sualım isə Azərbaycanın İslam dünyasında mühüm yeri ilə bağlıdır. Ona görə də biz Azərbaycanın Yaxın Şərqdəki böhranla bağlı siyasətinə, xüsusilə Qəzza, Suriya və Livanda baş verənlərə dair fikirlərini öyrənmək istərdik.

Prezident İlham Əliyev: Ölkəmiz haqqında fikirlərinizə görə təşəkkür edirəm. Çox minnətdaram ki, siz artıq bir neçə dəfə Qarabağda olmusunuz. Bunun üçün sizə təşəkkür edirəm. Qəzzadakı vəziyyətlə bağlı qeyd edim ki, Azərbaycan böhranın ilk günlərindən atəşkəsin olmasını, hərbi əməliyyatların dayandırılmasını fəal şəkildə müdafiə edib və bizim mövqeyimiz dəyişməz olaraq qalmaqdadır. Hər bir ölkədəki vəziyyətə gəldikdə - onlar üçün nəyin prioritet olduğuna ölkələrin özləri qərar verməlidirlər. Ona görə də heç bir ölkədə, hətta işğal dövründə Ermənistanda belə daxili vəziyyəti şərh etmirdik. Biz heç vaxt daxili gündəmə münasibət bildirməmişik. Amma, eyni zamanda, Suriya ilə bağlı deyə bilərəm ki, biz hökumət dəyişikliyinin baş verməsinə görə şadıq. Çox təəssüf ki, Suriya əvvəlki rəhbərliyin dövründə ermənipərəst və anti-Azərbaycan mövqe tuturdu. Ermənistan rəhbərliyi ilə Suriyanın əvvəlki rəhbərliyi arasında çoxlu siyasi təmaslar - təbrik məktubları, qarşılıqlı səfərlər olub. İndi isə Ermənistan hökuməti elə bilir ki, bunu heç kim xatırlamır. Amma hamımız onların prezident Əsəd hökumətinə nə qədər yaxın olduqlarını, necə ünsiyyət qurduqlarını, necə əməkdaşlıq etdiklərini xatırlayırıq. İndi Suriyaya humanitar yardım göndərməyə çalışmaları bir daha erməni riyakarlığını nümayiş etdirir. Ümid edirəm ki, Suriyanın yeni hökuməti bu riyakarların və yeni hökumətin düşmənlərinin bu ölkədə yer tapmalarına çalışmalarına imkan verməyəcək. Biz Suriyanın yeni hökumətini dəstəkləyirik, rəsmi məktublar mübadiləsi oldu, təbrik etdik. Təbii, biz çox şadıq ki, indi nəhayət qardaş ölkəmiz Türkiyənin bu cənub sərhədində sülh olacaq, Türkiyəyə Suriyadan heç bir təhlükə olmayacaq. Bu, bizim üçün çox vacib bir inkişafdır. Bu, həm də qlobal dəyişikliklərin bir hissəsidir və bundan başqa, biz özümüz Suriya xalqı və Türkiyə üçün sevinirik.

Hikmət Hacıyev: Cənab Prezident, Urs Ankauf, Almaniya.

Urs Ankauf: Zati-aliləri möhtərəm cənab Prezident Əliyev, bu gün bizimlə olduğunuza görə çox sağ olun. Mən Almaniya ilə ikitərəfli münasibətlərə diqqəti cəlb etmək istərdim. Qeyd etdiniz ki, Prezidentimiz Frank-Valter Ştaynmayer bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə idi. Almaniya Prezidentinin administrasiyası tərəfindən səfərdən əvvəl ləğv edilmiş qeyri-qanuni işğalçı rejimin bayrağının yerləşdirilməsi narazılıq yaratmışdır. Xoşbəxtlikdən, Prezidentin saytından həmin məlumat silindi və Sizə üzrxahlıq məktubu göndərildi. Rəsmi bəyanatı oxumuşam, lakin sualım belədir ki, hazırda bizdə yeni hökumətin formalaşdırılmasının son mərhələsində olmağımızı nəzərə alaraq, Azərbaycanın Almaniya ilə siyasi və iqtisadi əməkdaşlıqla bağlı gözləntiləri nədir?

Prezident İlham Əliyev: Çox sağ olun. Birincisi, bayraqla bağlı vəziyyətə gəlincə, təbii ki, bunu görəndə hamımız çox təəccübləndik. Düzünü desəm, mən həmişə olduğu kimi, maksimum səmimi olmağa çalışıram, bunun səhv olduğunu düşünmək bizim üçün çox çətin idi. Çünki Almaniya çoxillik dövlətçilik ənənələri olan bir ölkədir və bütün atributlara diqqətlə yanaşılır. Bu, təkcə separatçıların bayrağı olan bayraq deyildi, artıq ölmüş separatçı qurumun bayrağı idi və orada əlavə bir şərh var idi – “Dağlıq Qarabağ” adını gördük. Bu, artıq mövcud deyil. Bu, dediyimiz kimi, yalnız erməni revanşistlərin və onlara dəstək verənlərin xəyallarında mövcuddur. Ona görə də həmin bəyanatda o ifadənin yer almasını Azərbaycana qarşı təhqir hesab edirik. Bunun səhv olduğunu düşünməyə imkan verməyən başqa bir amil də var. Şəkli xatırlayırsınızsa, orada bayraq cırılmış vəziyyətdə idi. Ermənistanın bayrağı olduğunu düşünüblərsə, o zaman niyə cırılmış bayraq şəkli paylaşıblar? Güman ki, o şəkli qoyanların beynində cırılmış bayraq “Artsax” adlanan yerin yaralı olmasına işarə idi. Bu, Azərbaycana bir mesaj idi. Biz bunu çox ciddi qəbul etdik və düzünü desəm, bizim hərəkət etməyimiz üçün bir neçə variant mövcud idi. Əgər üzrxahlıq olmasaydı, yəqin ki, səfərin vaxtı dəyişdirilə bilərdi. Beləliklə, bununla, sadəcə olaraq, sizə daxili “mətbəximizi” açıqlayıram. Vəziyyəti aydınlaşdırmaq üçün Almaniya səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. O dedi ki, səhv etmirəmsə, üzr istəməyəcəklər, belədir, Hikmət? Beləliklə, bu, digər bir sürpriz oldu. Sonra köməkçim Hikmət Hacıyev Prezident Ştaynmayerin Administrasiyasının rəhbəri ilə əlaqə saxladı.

Hikmət Hacıyev: İlkin olaraq xanım rəhbər dedi ki, bu, ciddi texniki səhvdir və xahiş etdi ki, üzrxahlığımızı qəbul edin və biz onu siləcəyik. Lakin bu, aramızda olan bir üzrxahlıq idi. Amma mən Sizin tərəfdən əlavə göstəriş aldım ki, Azərbaycan israrlıdır və biz almaniyalı həmkarlarımızdan açıq və rəsmi üzrxahlıq gözləyirik. Bundan sonra yazılı üzrxahlıq göndərildi.

Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Beləliklə, məsələ həll olundu, amma təbii ki, bunu etməməli idilər. Xətrimizə dəymək üçün tamamilə faydasız və mənasız cəhd. Mən tamamilə əminəm ki, Prezident Ştaynmayerin bundan heç xəbəri olmayıb. O, özü bunu mənə dedi. Birincisi, mən ona tam inanıram, çünki ona çox hörmətlə yanaşıram. İkincisi, düzünü desəm, mən də şəkillərimə bir o qədər baxmıram. Səhv bir şey varsa, buna görə kimi günahlandıracağını bilirsən. Ancaq səhv bir şey olsaydı, şübhəsiz ki, müraciət olmadan belə biz üzr istəyəcəkdik.

Hikmət Hacıyev: Son sualımız Şimali Kiprdən Hüseyn İşıksaldan.

Hüseyn İşıksal: Hörmətli cənab Prezident. 2023-cü ilin oktyabrından Prezidentimi müşayiət etdiyim və bizi rəsmi səfər çərçivəsində qəbul etdiyiniz gündən sonra burada Sizi yenidən görmək çox xoşdur. Mən Şimali Kipr Türk Respublikası Prezidentinin xüsusi müşaviriyəm. Ona görə də, ilk növbədə, icazə verin, şəxsən Sizə Prezidentimin ən səmimi salamlarını çatdırım. Burada olmaq həmişə xoşdur, çünki biz qardaşıq və özümü evimdəki kimi hiss edirəm, özümü xarici ölkəyə gəlmiş kimi hiss etmirəm. Türk Dövlətləri Təşkilatı ilə bağlı sual vermək istəyirdim. Amma bu məsələni artıq səfir soruşdu. Ona görə də mən, sadəcə, ölkəmlə Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsi barədə dəyərli fikirlərinizi və tövsiyələrinizi eşitmək istəyirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub və biz beynəlxalq tədbirlərdə həmişə görüşməyə vaxt tapırıq. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər. Çünki onların başağrısı yarada biləcəklərini hamı təsəvvür edə bilər və başağrısı heç də onların yarada biləcəyi ən böyük zərər deyil. Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik.

Hikmət Hacıyev: Tədqiqatçılar Sizə minnətdarlıqlarını və təşəkkürlərini bildirmək istəyirlər. Təqribən üç saatlıq müzakirəmiz oldu. Vaxt ayırdığınız üçün təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.

x x x

Seçilən
78
49
mia.az

10Mənbələr