RU

SON DƏQİQƏ: Ukraynaya kütləvi HÜCUM GÖZLƏNİLİR - Bombardmançılar havaya qaldırdı

Rusiya “Kalibr” raketləri ilə silahlanmış daşıyıcı gəmiləri Qara dənizə çıxarıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda, Ukrayna səmasında rusların strateji aviasiyası müşahidə olunur.

“Aviasiyanın fəallığını nəzərə alaraq, dənizə diqqət yetirmək lazımdır. Onların aviasiya və “Kalibr” daşıyıcılarından eyni vaxtda istifadə etmələri olduqca adi bir təcrübədir. Adətən “Kalibr” raketlərini hava hücumları zamanı, aviasiya ilə birgə istifadə edirlər. Əgər hava hücumu olarsa, “Kalibr”  raketlərindən də istifadə edə bilərlər”, – deyə Pletençuk telemarafonda bildirib.

Rus aviasiyasının səma üzərindəki hərəkətləri ilə bağlı isə “Nikolayevskiy Vanek” adlı Telegram kanalı təxminən 7 ədəd  “Tu-95MS” bombardmançısının “Olenya” aerodromundan havaya qalxdığını bildirib. Ehtimal olunur ki, bu döyüş uçuşlarıdır.

Məlumata görə, bu təyyarələrin 00:50 – 01:30 aralığında Engels bölgəsində olması gözlənilir. Əgər buradan raket buraxılışı baş verərsə, o zaman raketlər təxminən 01:30 – 02:00 aralığında Ukrayna hava məkanında ola bilər. Əgər buraxılışlar Xəzər dənizi üzərindən həyata keçirilərsə, o zaman raketlər 03:00 – 04:00 arasında Ukrayna səmasında görünə bilər.

Bundan əlavə, “Engels” aerodromundan iki ədəd  “Tu-160”  strateji bombardmançısı da havaya qalxıb.

Ukrayna Hərbi Hava Qüvvələri hələlik bu təyyarələrə dair rəsmi məlumat yaymayıb. Lakin Ukrayna hava məkanında “Şahed” tipli çoxsaylı dronların olduğu bildirilir. Həmçinin ballistik raketlərin buraxılması ilə bağlı məlumatlar da daxil olub.

Rusiya Ukraynaya hücumlarını davam etdirir

Mayın 24-nə keçən gecə Rusiya Ukraynaya dronlarla hücum edib. Dron və ballistik raketlərdən istifadə olunan kütləvi hücum zamanı Kiyev birbaşa hədəfə çevrilib. Paytaxtın bir neçə rayonunda yanğınlar baş verib, xəsarət alanlar var.

Bundan başqa, ruslar yenidən Odessa vilayətinin limanlarına zərbələr endirib. Mayın 24-də baş verən hücum nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin 23 mayda baş vermiş hücum nəticəsində bir nəfərin həlak olduğu deyilir.

İqbal RZAYEV,
Musavat.com

Избранный
0
9
musavat.com

10Источники