RU

Mirasla bağlı yeni qaydalar: Vərəsəlik şəhadətnaməsində bütün şəriklərin payları göstəriləcək

BAKI, 23 may. TELEQRAF

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhadətnamə almaq üçün müraciət etməmiş miras şəriklərinin hüquqlarının təmin edilməsi, habelə miras şərikləri arasında miras paylara sərəncam verilməsini nəzərdə tutan yeni qaydalar müəyyən edilir.

Teleqraf xəbər verir ki, bu, Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” Qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, notarius vərəsəlik şəhadətnaməsinin əldə olunması üçün müraciət edən vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrin (miras şəriklərinin) də mirasdan onlara çatacaq paylarını müəyyən edərək həmin şəhadətnamədə göstərəcək.

Daşınmaz əmlakın dövlət reyestrini və daşınar əmlakın rəsmi reyestrlərini aparan orqan tərəfindən yuxarıda nəzərdə tutulmuş vərəsələr (miras şərikləri) və onların payları barədə məlumat müvafiq reyestrə daxil ediləcək.

Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişir. Təklif edilən dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək.

Həmçinin irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq. Təklif edilən dəyişikliklə yuxarıda göstərilən müddət şərti aradan qaldırılır.

Belə ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçəcək. Ölmüş vərəsənin vərəsəsinin mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddəti üç aydan az olarsa, həmin müddət üç ayadək uzadılacaq.

Bundan əlavə, təklif edilən dəyişikliklə aşağıdakı qaydalar da aradan qaldırılır:

Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir;
Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

Sənəddə qeyd olunub ki, mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq. Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

Qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul olunub.

Избранный
0
13
teleqraf.com

10Источники