RU

Avropa Liqasında 2024/25 mövsümünün qalibi bəlli olur

Bu gün futbol üzrə UEFA Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşəcək.

Arena.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək.

Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Görüşü almaniyalı referi Feliks Zoyer idarə edəcək.

Finalda qarşılaşacaq komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) turnirin qalibi adını qazanıb. Avropa Liqasında indiyədək ən çox çempionluq yaşamış komanda isə İspaniya təmsilçisi “Sevilya”dır – 7 dəfə.

Avrokuboklarda sonuncu dəfə “Tottenhem” 1984-cü ildə UEFA kubokunu, “Mançester Yunayted” isə 2017-ci ildə Avropa Liqasını qazanıb.

Rəqiblərin şəxsi görüşlərinə gəlincə, 2023-cü ildən bəri keçirilən 6 qarşılaşmadan 4-də “Tottenhem” qalib gəlib, 2-də isə heç-heçə qeydə alınıb.

Maraqlıdır ki, Avroliqadakı uğurlu çıxışa rəğmən, bu komandaların milli çempionatın cari mövsümündəki nəticələri biabırçıdır. Premyer Liqada finişə bir tur qalmış “Tottenhem” 17-ci pillədə, “Mançester Yunayted” isə 16-cı mövqedə yer alıb.

Turnirin tarixində ən çox qol vuran futbolçu İsveç millisinin sabiq üzvü Henrik Larsendir. 59 yaşlı keçmiş yarımmüdafiəçi 40 qolla bombardirlər siyahısına başçılıq edir.

Xatırladaq ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olub.

Avropa Liqası
Final

21 may

23:00. “Tottenhem” – “Mançester Yunayted”
Bilbao, “San Mames” stadionu.

Избранный
0
1
arena.az

10Источники