Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda mayın 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 15-dən 16-na keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 17-20° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 20-24° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.