Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə ekskavator operatoru vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir.
Bu barədə AZƏRTAC-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Təminatlar:
Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;
Gündə 3 dəfə yemək ilə təmin edilmə;
Yaşayış yeri ilə təmin olunma.
Maraqlananlar əlaqə telefonunu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidirlər:
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənəd qəbulu cari ilin mayın 31-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Maraqlananlar əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilərlər.