BAKI, TurkicWorld
Mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna görüşündə ABŞ prezidenti Donald Tramp da iştirak edə biləcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, ABŞ prezidenti "Truth" sosial şəbəkəsində paylaşım edərək qeyd edib ki, həmin gün Yaxın Şərqdə olacağını gözləyir, lakin görüşün faydalı olacağına əmin olsa, İstanbula uça bilər.
"Cümə axşamı Türkiyədə keçiriləcək görüşü kiçiltməyin. Prezident Ərdoğan əla ev sahibidir", – deyə o bildirib.
Tramp, görüş çərçivəsində Suriya ilə bağlı məsələlərin də müzakirə olunacağını, bu kontekstdə Vaşinqtonun Dəməşqə tətbiq etdiyi sanksiyaların ləğv edilə biləcəyini istisna etməyib.
ABŞ prezidenti ikinci dönəminin ilk xarici səfərində Yaxın Şərqi ziyarət etsə də, onun marşrutunda İsrail yer almayıb. ABŞ-a yaxın media orqanlarına görə, Tramp İsraili deyil, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətəri ziyarət edəcək. İsrail mediası bu qərarı Trampla İsrail baş naziri Benyamin Netanyahu arasında artan fikir ayrılıqları ilə əlaqələndirib.
Xüsusilə Qəzzada atəşkəslə bağlı verilmiş vədlərə Netanyahu hökumətinin əməl etməməsi və hərbi əməliyyatları davam etdirməsi ABŞ administrasiyasının narazılığına səbəb olub.
Tramp İsrailə səfər etməsə də, nümayəndəsi Stiv Vitkovu Netanyahu ilə görüşmək üçün Təl-Əvivə göndərəcək. Witkoff səfərdən əvvəl İsrail rəhbərliyini tənqid edib və bildirib ki, “biz girovları azad etmək istəyirik, lakin İsrail müharibəni dayandırmağa hazır deyil.”
Tramp, HƏMAS tərəfindən azad ediləcək ABŞ-İsrail vətəndaşı İdan İskəndərlə Qətərdə təkbətək görüşəcəyini açıqlayıb. Bu addım İsrailin kənarda qalması fonunda Vaşinqton-Təl-Əviv münasibətlərindəki soyuqluğun başqa bir göstəricisi kimi qiymətləndirilib.
Buna cavab olaraq İsrail Baş Nazirliyi İskəndərin "təzminatsız" azad edildiyini, atəşkəs və ya məhbus mübadiləsi ilə əlaqəli heç bir razılaşmanın olmadığını bildirib. İsrail yalnız təhlükəsiz dəhlizin təmin olunmasına razılaşıb.
Ukrayna prezidenti Vladimir Zelenski də İstanbulda keçiriləcək görüşə müsbət yanaşdığını bildirib. O, sosial şəbəkədə paylaşdığı mesajda Prezident Ərdoğanın sülh prosesinə liderlik etdiyini vurğulayıb. “Biz tam və qeyd-şərtsiz atəşkəsə hazırıq. Əlbəttə, prezident Trampın da bu görüşdə bizimlə birgə iştirak etməsini istəyirik.” - deyə o bildirib.
Zelenski, Prezident Ərdoğanın yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcəyini qeyd edərək, “Biz çox şeyi dəyişə bilərik. Sülhə töhfə verən hər kəsə təşəkkür edirik,” – deyə əlavə edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda atəşkəs masası qurulmasını təklif etmişdi. Bu təklifdən sonra bölgədə diplomatik aktivlik daha da artıb.