Son dərəcə nadir olan “Asiya təkbuynuzlu atı” - saolanın genomu ilk dəfə olaraq xəritələnib. Yeni tədqiqat kritik təhlükə altında olan növlərin xilas edilməsinə kömək edə bilər.
Bizim.Media xəbər verir ki, ilk dəfə 1992-ci ildə tanınan saola (Pseudoryx nghetinhensis) ən son kəşf edilmiş iri məməli növüdür.
Vyetnam və Laosun dağlıq meşələrində yaşayan bu inək növü buynuzlarına və nadirliyinə görə “Asiya təkbuynuzlu atı” kimi tanınır.
Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə İttifaqının (IUCN) məlumatına görə, nəsli kəsilməkdə olan bu növün 100-dən az fərdinin qaldığı təxmin edilir. Üstəlik, sonuncu dəfə 2013-cü ildə görülməsi onun artıq nəsli kəsilmiş ola biləcəyi ehtimalını artırır.
Beynəlxalq tədqiqatçılar qrupu ovçuların evlərindən toplanmış saola qalıqlarının fraqmentlərini təhlil edərək 26 saolanın tam genomunun xəritəsini hazırlayıb.
Nəticələri “Cell” jurnalında dərc edilən araşdırma saolanın 5000-20000 il əvvəl iki fərqli populyasiyaya bölündüyünü müəyyən edib.
“Saolanın ciddi genetik fərqlərlə iki populyasiyaya bölündüyünü görəndə təəccübləndik. Bu, əvvəllər məlum deyildi, genetik məlumatmız yox idi. Bu, önəmli bir nəticədir, çünki növün genetik variasiyasının necə paylanmasına təsir göstərir”, - araşdırmanın aparıcı müəllifi Genis Qarsiya Erill deyir.
Elm adamları həmçinin son Buz dövründən bəri hər iki populyasiyanın azaldığını aşkar ediblər. Komanda hesab edir ki, saolanın ümumi populyasiyası 10 000 il ərzində heç vaxt 5000-dən yuxarı qalxmayıb. Bu, o deməkdir ki, hər iki qrup genetik müxtəlifliyi itirib. Amma hər biri öz genetik kodunun müxtəlif hissələrini itirib. Tədqiqatçıların fikrincə, bu, onların məhv olmaqdan xilas edilməsində mühüm rol oynaya bilər.
Qarsiya Erill qeyd edir: “Bir populyasiyada itirilən genetik variasiya digərində tamamlanır. Beləliklə, onları qarışdırsaq, digərindəki çatışmazlıq aradan qaldırıla bilər”.
Alimlər saolanın salamat qalmasını təmin etmək üçün heyvanların cütləşmələrinə imkan verəcək proqram üzərində işləyirlər. Komandanın hesablamalarına görə, belə bir proqram tükənmə riskinin ən effektiv həllini təklif edir.
Araşdırmanın müəllifi Rasmus Heller deyir:
“Gələcək populyasiyanın əsasını təşkil etmək üçün ən azı onlarla saolanı (ideal olaraq hər iki populyasiyanın qarışığı) bir araya gətirə bilsək, modellərimiz bu növün uzunmüddətli salamat qalma şansının yüksək olacağını göstərir”.
Sonuncu dəfə 2013-cü ildə görülən bir növün 12 üzvünü tapmaq çətin məsələdir. Ancaq tədqiqatçılar yeni araşdırmanın bu problemi həll edə biləcəyinə inanırlar. Saolanın genetik xəritəsinin yaradılması daha əhatəli axtarış səylərinə yol aça bilər.
Məqalənin müəlliflərindən biri Min Duk Li əlavə edir:
“Bir çox tədqiqatçılar suda, hətta eyni mühitdə yaşayan qaniçənlər olan zəlilərdə saolanın DNT izlərini tapmağa çalışsalar da, tapmadılar. Bütün bu üsullar kiçik DNT hissələrinin aşkarlanmasına əsaslanır, amma indi biz bütün saola genomunu bildiyimiz üçün bu parçaları tapmaq üçün daha böyük bir kitabçamız var”. (teleqraf.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта