Azərbaycanın ən böyük arqoholdinqlərindən sayılan “Karat Holding” MMC-nin direktoru və qanuni təmsilçisi dəyişib.
Ulusal.az xəbər verir ki, Umudov İqdam Əliş oğlu MMC-nin direktoru və qanuni təmsilçisi vəzifəsindən azad olunub.
Onun yerinə Xəlilov İlham Şəmil oğlu təyin edilib.
Xatırladaq ki, “Karat Holding” 2004-cü ilin martın 14-də qeydiyyata alınıb. Nizamnamə kapitalı 430 manat olan şirkət özündə qida, aqro, sənaye, tikinti, turizm sahələrini birləşdirən holdinq daha çox un istehsalı ilə tanınır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201-də yerləşir. “Karat Holding”in mütəmadi olaraq mətbuatda Milli Məclisin keçmiş üzvü, 5-ci çağırış deputat Əsabil Qarakişi oğlu Qasımova məxsus olduğu barədə təkzib edilməyən məlumatlar dərc olunub. Uzun illər holdinqdə direktor vəzifəsi tutan İ.Umudovun isə sabiq deputatın qaynı olduğu bildirilir. Holdinqə rəhbərliyi keçmiş deputatın oğlu, iş adamı Taleh Qasımov həyata keçirir.
Bundan başqa, Taleh Qasımov “Sanatoriy İstoçnik Kislovodsk” MMC-nin təsisçilərindən biridir. MMC 30 mart 2017-ci ildən fəaliyyətdədir. Hüquqi ünvanı Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir. Taleh Qasımov həm də 2019-cu ildə təsis edilən “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib (iqtisadiyyat.az).