Bakı, 12 may, AZƏRTAC
ABŞ hərbi kontingentinin bir hissəsini Asiyaya yönəltmək üçün Avropadakı qüvvələrinin sayını hələ ki azaltmağı planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, NATO-nun hərbi komitəsinin sədri, admiral Cüzeppe Kavo Draqone bu barədə “Defense News” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda Vaşinqtonun NATO-nun müdafiə planlarında iştirak edən qüvvələrini Avropadan geri çəkərək Hind-Sakit okean regionuna yerləşdirəcəyinə dair heç bir əlamət yoxdur.
Bununla belə, admiral qeyd edib ki, Avropa ölkələri gələcəkdə ABŞ-ın qitədəki qüvvələrinin mümkün ixtisarını kompensasiya edə bilərlər. Buraya hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri, strateji hava daşımaları və pilotsuz uçuş aparatları da daxildir.
Cüzeppe Kavo Draqone, həmçinin vurğulayıb ki, alyans ABŞ-ın diqqətinin qitədən yayınması ehtimalına qarşı əvvəlcədən hazırlıqlı olmalıdır.
Qeyd edək ki, hazırda Avropada 100 minə yaxın amerikalı hərbçi dislokasiya olunub. ABŞ administrasiyasının bəzi nümayəndələri Birləşmiş Ştatların Avropadakı hərbi mövcudluğunun azaldılmalı olduğunu düşünürlər. Avropa rəsmiləri isə öz növbəsində Pentaqonun üç il öncə Prezident Cozef Baydenin qərarı ilə Avropaya göndərilən əlavə 20 min hərbçini geri çəkə biləcəyini ehtimal edirlər.