Bu ilin yanvar-aprel aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 66,4 milyon manat vəsait ödənilib.
Bu barədə "APA-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,2% çoxdur.
4 ayda 14 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 4 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 51,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.
Hesabat dövründə 190-ı qeyri-yaşayış, 1 254-ü isə torpaq sahələri üzrə olmaqla 1 444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım qeydə alınıb.