Bu mövsüm “Nottingem Forest” Premyer Liqanın əsl sürpriz komandalarından birinə çevrildi.
Publika.az xəbər verir ki, bir il əvvəl Çempionşipə düşmək təhlükəsi ilə üz-üzə qalan klub gözlənilmədən "ilk dördlüy"ə yüksəldi və Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardı. Bu uğurun əsas səbəbkarı isə baş məşqçi Nunu Eşpiritu Santu idi.
Lakin çempionatın sonunda “Forest” azarkeşləri məyusluq yaşayır. Ümidlə dolu çıxışlardan sonra komanda ardıcıl 2 oyuna məğlub olub və 2 heç-heçə edib. Turnir cədvəlindəki sıx rəqabət şəraitində bu nəticələr onları ilk beşlikdən kənarda qoyub, amma “Forest” avrokuboklara vəsiqə qazanmağı bacarıb.
Eşpiritu Santunun komandası son olaraq artıq Çempionşipə düşməsi rəsmiləşmiş “Lester”lə oyunda xal itirib - 2:2. Oyunun sonunda isə qəribə hadisə baş verib. “Meşəbəyilər”in sahibi, Yunanıstanda ekstravaqant davranışları və haqqında başladılmış inzibati və cinayət işləri ilə tanınan Evanqelos Marinakis meydana daxil olub. O, portuqaliyalı məşqçi ilə mübahisə edib.
Kamera onların mübahisəsini qeydə alıb, lakin yunan sahibkarın portuqal məşqçiyə nə dediyi eşidilməyib. Hər nə deyibsə də, görünür, bu sözlər heç də xoş olmayıb.