RU

“Fənər” derbidə rüsvay oldu, Mourinyo yenə “nağıl danışdı”! - İCMAL

Tur “Konyaspor”un Antalyadan xalsız qayıtması ilə start götürdü. Yanvarın əvvəllərindən bəri evdə heç kimə uduzmayan “Antalyaspor”un doğma meydanda qələbə seriyası 5 oyuna yüksəldi.

Alt pillələrdə gərgin mübarizə davam edir. “Çaykur Rizəspor” “Qaziantep”i yenməklə dərin bir nəfəs aldısa, “Alanyaspor”a “Kayserispor”la matçda qazanılan 1 xal düşmə zonasından çıxmağa yardım etdi. Elitadan düşməsi ötən həftə rəsmiləşən “Hatayspor” “İstanbul BŞ”yə qarşı 82 dəqiqə layiqincə mübarizə aparsa da, xal qazana bilmədi.

Adəti üzrə mövsümün sonu yaxınlaşdıqca performansını artırmağa başlayan “Qalatasaray”ın budəfəki qurbanı “Sivasspor” oldu. Darmadağının əsasını Torreyra qoydu. Rza Çalımbayın komandası meydanda nə baş verdiyini anlamağa çalışınca daha 3 top buraxdı. Düzdü, Manay qollardan birinin əvəzini çıxmaqla “Cim-Bom”un evdə qol buraxmamaq seriyasına son qoydu. Amma bu məqam “sarı-qırmızılar”ın gözəl qələbəsinə kölgə salmadı. Superliqada ardıcıl 4-cü qələbəsini qazanan Okan Burukun komandası xalını 83-ə çatdırdı. Turnirin tarixində mayda ən çox qələbə qazanan komanda olan “Qalatasaray” (142 qələbə, 49 heç-heçə, 50 məğlubiyyət) bu ayda 5-dən artıq oyuna çıxan komandalar arasında ən yüksək qələbə faizinə (59) malik kollektivdi.

Bazar günü daha 3 oyun keçirildi. Arda Turanın “Eyüpspor”u sürətli eniş yaşamaqda davam edir. Samsunda darmadağın olan debütant ardıcıl 3-cü turu xalsız başa vurmaqla 6-cı pilləyə gerilədi. “Göztəpə” isə elita ilə çoxdan vidalaşan “Adana Dəmirspor”la qarşılaşmada sürprizə imkan vermədi. Türkiyə futbol ictimaiyyətinin maraqla gözlədiyi mövsümün son böyük İstanbul derbisi Kadıköydə keçirildi. Sulşer həmişə solda görməyə alışdığımız Masuakunu məcburiyyətdən müdafiənin mərkəzində oynatmalı oldu. Çünki digər mərkəz müdafiəçi Əmirhan Topçu zədəli idi. Masuakunun əvəzinə sol cinahda qərarlaşan gənc Əmrəcan Terzi isə bu mövsüm superliqada cəmi 2-ci (!) oyununa çıxmışdı. Həm bu məqam, həm də doğma meydan amili üzündən “Fənər” aşkar favorit sayılırdı. Stadionda gözəl atmosfer yaradan fanatlar sevimlilərinin, nəhayət, derbi sindromuna son qoyacağına ümid bəsləyirdilər. Amma Mourinyonun komandası nə stadiona gələn, nə də ekran başında oyunu izləyən milyonlarla fanatının ümidlərini doğrulda bildi.

İlk yarıda daha istəkli görünən qonaqlar 34-cü dəqiqədə Talişkanın əllə oyununa görə penalti qazandılar. Amma İrfan Can Eğribayat Jedson Fernandeşin zərbəsini dəf etdi. Qəribədi ki, qapıçının belə qəhrəmanlığı da meydan sahiblərini ruhlandırmadı. Fernandeş penaltidən bacarmadığını fasilə ərəfəsində Mərt Müldürün köməyi ilə bacardı. Mərt uzun ötürmə zamanı başla topu qapıçıya ötürmək istəyərkən səhvə yol verdi. Özünü yetirən portuqaliyalı bir toxunuşla topu, demək olar, boş qapıya göndərdi. Fernandeş “Beşiktaş”ın Mario Qomesdən (2015/16) bəri bir mövsümdə həm “Fənərbaxça”, həm “Qalatasaray”, həm də “Trabzonspor”a qol vuran ilk əcnəbi futbolçusu oldu.

“Sarı-lacivərdlilər” ikinci hissədə fəallığı və təzyiqi artırdılar. Mərt Günok üçün əsas təhlükə yaradan futbolçu Talişka idi. Amma “sambaçı”nın bütün cəhdlərinə, eləcə də Mourinyonun əvəzetmələrinə baxmayaraq, Mərt derbidə qol buraxmadı. Türkiyə yığmasının qapıçısı bu mövsüm ən çox (7) seyv etdiyi matçını keçirdi! Son anlarda tribunalarda artıq kabus ab-havası hökm-sürürdü. “İstefa” şüarları final fitindən sonra da davam etdi. Əzmkarcasına döyüşən “Beşiktaş” ilk dövrədə olduğu kimi yenə güclü rəqibini 1:0 hesabı ilə məğlub etdi.

Mourinyonun oyunsonrası açıqlamaları onun nə qədər eqolu insan olduğunu göstərdi. Portuqaliyalı sakitcə qarşıya qoyulan hədəfə çata bilmədiyini etiraf etmək əvəzinə “sonluq mövsüm başlamadan bəlli idi” kimi “nağıllar danışmaqda” davam etdi. XXI əsrdə “Fənər”in heç bir məşqçisi “Beşiktaş”a qarşı ilk iki oyundan məğlubiyyətlə ayrılmamışdı! “Beşiktaş” 2004/05-dən bəri, yəni son 20 ildə ilk dəfə “Fənər”i mövsümün hər iki oyununda məğlub etdi. Sulşer isə “Beşiktaş”ın tarixində “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor”a qarşı ilk superliqa matçından qələbə ilə ayrılan birinci baş məşqçi oldu! Beləliklə, sona 4 tur qalmış zirvədə fərq 8 xala yüksəldi. Yəni “Qalatasaray” artıq çempionluğu yalnız möcüzə sayəsində əldən verə bilər.

34-cü tur
Qalatasaray – Sivasspor 4:1

Torreyra, 9. Osimhen, 15; 31. Barış Alpər Yılmaz, 21 – Manay, 33.
Qalatasaray: Muslera, Şallai, Sançes (Kaan Ayhan, 70), Əbdülkərim Bardakcı, Ərən Elmalı (Yakobs, 25), Lemina (Sara, 70), Torreyra (Berkan Kutlu, 86), Yunus Akgün, Barış Alpər Yılmaz, Morata, Osimhen (Mertens, 70).

Fənərbaxça – Beşiktaş 0:1
Fedrnandeş, 44.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Ciku, 59), Çağlar Söyüncü (Ceko, 58), Şkrinyar, Mərt Müldür, İsmayıl Yüksək, Fred (Cenk Tosun, 84), Şimanski (Tadiç, 46), Oğuz Aydın, Talişka, Ən-Nəsiri (İrfan Can Kahveci, 70).
Beşiktaş: Mərt Günok, Svensson, Paulista, Masuaku, Əmrəcan Terzi (Uduoxai, 62), Haciahmetoviç (Onur Bulut, 90), Oksleyd-Çembereyn, Raşitsa (İmmobile, 90), Fernandeş, Mustafa Həkimoğlu (Mario, 66), Rafa Silva.

Kasımpaşa – Trabzonspor 1:1
Bataqov, 18-öz qapısına – Sikan, 47.

Hatayspor – İstanbul BŞ 2:4
Strannberq, 4. Butobba, 56 – Pyontek, 9. Yusuf Sarı, 30. Brniç, 82. Fiqeyredo, 90+1-p.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Duarte, Opoku, Operi, Berat Özdəmir (Umut Günəş, 76), Krespo, Kemen (Fiqeyredo, 76), Dəniz Türüc (Brniç, 62), Yusuf Sarı (Ebosele, 88), Pyontek (Keni, 87).

Samsunspor – Eyüpspor 3:0
Dimata, 4; 61. Muandilmaci, 90+5.

Antalyaspor – Konyaspor 1:0
Safuri, 62.

Çaykur Rizəspor – Qaziantep 2:0
Sou, 77. Olavoyin, 90+4.

Alanyaspor – Kayserispor 1:1
Attamah, 30-öz qapısına – Ramazan Civelek, 52.

Adana Dəmirspor - Göztəpə 1:2
Əli Yavuz Kol, 33 – Kubilay Kanatsızkuş, 3. Nilsen, 9.

1. Qalatasaray 32 26 5 1 82-31 83
2. Fənərbaxça 32 23 6 3 80-32 75
3. Samsunspor 33 17 6 10 50-38 57
4. Beşiktaş 32 15 10 7 49-32 55
5. İstanbul BŞ 32 15 6 11 54-45 51
6. Eyüpspor 33 14 8 11 49-41 50
7. Göztəpə 32 12 10 10 53-40 46
8. Trabzonspor 32 12 10 10 53-40 46
9. Kasımpaşa 32 10 13 9 54-56 43
10. Konyaspor 32 12 7 14 41-45 43
11. Antalyaspor 32 12 7 13 35-55 43
12. Qaziantep 32 12 6 14 41-45 42
13. Kayserispor 32 10 11 11 40-50 41
14. Çaykur Rizəspor 32 12 4 16 38-50 40
15. Alanyaspor 32 9 8 15 37-48 35
16. Sivasspor 33 9 7 17 44-57 34
17. Bodrum 32 9 7 16 24-37 34
18. Hatayspor 32 4 7 21 35-66 19
19. Adana Dəmirspor (-12) 32 2 4 26 28-79 -2

Bombardirlər: Osimhen (Qalatasaray) – 24, Pyontek (İstanbul BŞ) – 21, Banza (Trabzonspor) – 19, Ən-Nəsiri (Fənərbaxça) – 16.

Turun rəqəmi
0 – Mourinyo kimi dünya futbolunun sayılıb-seçilən məşqçisi Türkiyədə ilk (və bəlkə də sonuncu) movsümünü derbilərdə qalib gəlmədən tamamladı. “Fənərbaxça” bu mövsüm “Qalatasaray” və “Beşiktaş”a qarşı keçirdiyi 4 superliqa matçından 1 heç-heçə, 3 məğlubiyyət ilə ayrıldı. Üstəlik bu 4 oyunun 3-də meydanı qol vurmadan tərk etdi. Hələ bura ölkə kubokunu da əlavə etsək, qələbəsiz seriya 5 oyuna yüksəlir! 7 il ərzində komandaya cəmi bir titul qazandıran Əli Koçun dönəminin necə rəzil keçdiyini göstərən daha bir mühüm fakt var. “Fənər” son 5 mövsümdən üçünü prinsipial rəqiblərini məğlub edə bilmədən tamamlayıb. Halbuki ondan əvvəlki 29 mövsümdə komandanın başına cəmi bir dəfə (!) belə hadisə gəlmişdi. Və nəhayət, xatırladaq ki, “Fənər” ötən mövsüm İsmayıl Kartal ilə 4 derbinin heç birində uduzmamışdı (3 qələbə, 1 heç-heçə).

Turun ulduzu
Viktor Osimhen (Qalatasaray) – qoldan doymayan nigeriyalı qoleador yavaş-yavaş “Qalatasaray” tarixində əcnəbilər arasında heç kimin “ayağı dəyməyən” zonalara yaxınlaşır. Osimhen Türkiyə karyerasında 37-ci rəsmi oyununda vurduğu qolların sayını 33-ə çatdırdı. Artıq şəxsi rekordunu yeniləyən 26 yaşlı forvard indi də gözünü klub rekorduna dikib. Osimhen artıq klub tarixində bir mövsümdə ən çox qol vuran əcnəbilərin siyahısında Mauro İkardi ilə Bafetimbi Qomisi (hər ikisi 32) geridə qoyub. İndi o, bu göstəricidə yalnız Mario Jardeldən (34) geri qalır və rekordu yeniləmək üçün daha 2 qola ehtiyac duyur.

Turun sitatı
Rıdvan Dilmən, futbol şərhçisi:
“Mourinyonun yerində olsam, açıqlama verməyə çəkinərəm. Fanatlar hər şeyi çox gözəl görür və dərk edirlər. Onlar nə üçün federasiyanı və ya Hakimlər Komitəsini istefaya səsləmirlər? Çünki problemin oralarda olmadığını görürlər. Bu bəhanələr artıq inandırıcı səslənmir. Demək istəyir ki, burda çempionat məhz belə oynanılır və hər şey əvvəlcədən bəllidi. Mourinyonun oyunsonrası açıqlamaları tam yanlışdı. İlk dövrədə də “Beşiktaş”a məğlubiyyətdən sonra eyni ifadələri işlətmişdi. Sanki özünün heç bir günahı yoxdu”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Yenə öz meydanımızda fanatlarla birləşərək gücümüzü göstərdik. İntriqanı çox erkən öldürdük. “Sivasspor”la oyunda belə qələbə qazanmaq asan deyil. 4 qol vurub rahatlaşdıqdan sonra zədə və cəza risklərini azaltmağa çalışdıq. Yeganə üzücü məqam Ərən Elmalının zədələnməsi oldu. Onun durumuna bir-iki günə aydınlıq gələcək. “Qalatasaray”ın mayda qələbə faizi həmişə yüksək olur. Fanatlar da sağ olsun, derbi ab-havası yaratmışdılar. İnamla yolumuza davam edirik. Bu mövsüm hər iki titulu qazanmaq istəyirik”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Beşiktaş”ı təbrik edirəm. Komanda şəklində yaxşı müdafiə olundular. Amma biz ən azı məğlubiyyətə layiq deyildik. Bu gün əleyhimizə verilən penalti, Ən-Nəsiriyə qarşı kobudluğa görə verilməyən penalti... Bugünkü penaltidən dəfələrlə bu mövsüm bizə verilməyib. Bunları dilə gətirməkdən yorulmuşam. İkinci hissədə daha yaxşı oynadıq. Onların qapıçısı bir neçə önəmli seyv etdi. Çempionatın sonluğu hələ mövsüm başlamadan bəlli idi. Düzdü, son turlarda öz meydanımızda itirdiyimiz xallar da həlledici oldu. Amma dediyim kimi hər şey əvvəlcədən bilinirdi. Gələn mövsüm komandada olub-olmayacağımla bağlı məsələni burda müzakirəyə çıxarmaq istəmirəm. Bu, klubun daxili işidi və mətbuat önündə müzakirə olunmamalıdı. Fanatların etirazını normal qarşılayıram. İşlər istənilən şəkildə irəliləmədikdə etirazların olması normaldı. Özü də bu cür mədəniyyətə malik ölkədə. Etirazlar haqda pis bir söz deyə bilmərəm. Onlar (“Qalatasaray”ı nəzərdə tutur – red.) haqda danışmaq istəmirəm. Mövsümboyu onlar haqda çox danışdım və dediyim bütün sözlərin üstündə dururam. “Fənər”in problemlərindən biri odu ki, bəzi qüvvələrə qarşı mübarizə aparmaqda çətinlik çəkir. Futbolçular da bunu hiss edir. İstədikləri şeyi qazanmağın mümkün olmadığını görürlər. Təbii ki, özümüzə qarşı da tənqidi yanaşmalıyıq. Amma oyunçularım həmişə əlindən gələni edir”.

Ole Qunnar Sulşer, “Beşiktaş”ın baş məşqçisi:
“4-3-3 sistemi ilə oynadıq. Bu gün hər futbolçumuz meydanda savaşdı. Əsl “Beşiktaş ruhunu nümayiş etdirdilər. Qapıçımızı da təbrik edirəm. Mərt Günok əla performans səırgilədi. Bəzən qol vurmaq üçün bəxtə də ehtiyac olur. Qoldan öncə Fernandeş penaltini qaçırdı. Sonra bir növ günahını yudu. Müdafiəçilərimiz də inamlı təsir bağışladı. Uduoxai çoxdan oynamırdı. Amma ona ikinci hissədə şans verdim və Ceko ilə Ən-Nəsiriyə fərqlənməyə imkan vermədi. Bu gün mükəmməl oynadığımızı deməzdim. Amma meydanda bir-biri üçün canını qoymağa hazır olan futbolçular gördük. Mövsümün son oyunları da mühüm əhəmiyyət kəsb edəcək. Çünki həm 3-cü pilləni tutmaq hədəfimiz davam edir, həm də bəzi futbolçuların klubdakı gələcəyi son oyunlarda sərgiləyəcəkləri performansdan asılı olacaq".
Избранный
0
football-plus.az

1Источники