Şuşa Müalicə - Sağlamlıq Mərkəzində rayon ərazisindən çıxan Turşsu mineral suyundan istifadə etməklə müalicə vannaları tətbiq olunacaq.
Bu barədə "Report"un Şuşaya ezam olunan əməkdaşına Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Cabir Muradov bildirib.
"Şuşa Müalicə-Sağlamlıq Mərkəzində əsas bina ilə yanaşı 5 korpus da inşa edilib. Burada əsas binanın şöbələri Yoluxucu xəstəliklər və Hemodializdir. Bina 90 çarpayılıqdır. Sağlamlıq mərkəzi Terapiya, Pediatriya, uşaq və böyüklər üçün poliklinika, Reablitasiya və bərpa, Cərrahiyyə, Ginekologiya və Doğum şöbələrindən ibarətdir."
C.Muradov bildirib ki, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin reablitasiya şöbəsində müalicəvi vannalar fəaliyyət göstərəcək.
"Burada həmçinin Turşsu və yod brom vannalarından da istifadə olunacaq. Vannalar üçün Şuşa rayonundan çıxan Turşsu müalicəvi suyundan istifadə olunacaq”, - o bildirib.