Google şirkəti Texas ştatına məxfilik iddiaları üzrə 1,4 milyard dollar ödəyəcək
Valyuta.az xəbər verir ki, “Google” şirkəti Texas ştatı ilə istifadəçilərin şəxsi məlumatlarının icazəsiz izlənilməsi ilə bağlı qaldırılmış iki məhkəmə iddiasını 1,375 milyard ABŞ dolları ödənişi ilə həll etməyə razılaşıb.
Belə ki, 2022-ci ildə Texas ştatının baş prokuroru Ken Pakston tərəfindən qaldırılan iddialarda “Google”un istifadəçilərin coğrafi yerləşmə, “incognito” rejimində axtarış, səs və üz tanıma məlumatlarını onların razılığı olmadan topladığı bildirilirdi. Məhz buna görə də, “Texasda texnologiya nəhəngləri də qanun qarşısında cavabdehdir,” – deyə Pakston bildirib.
“Google”un illər boyu insanları gizli şəkildə izlədiyini deyən prokuror bununla bağlı mübarizədə qalib gəldiyini vurğulayıb. Prokurorluq bu razılaşmanın ABŞ-də bir baş prokuror tərəfindən “Google”a qarşı məxfilik qanunları çərçivəsində əldə edilmiş ən yüksək təzminat olduğunu açıqlayıb.
Qeyd edək ki, məhkəmə gedişində “Google” bəzi mərhələlərdə hüquqi üstünlük qazanıb. 2023-cü ildə isə Pakston “Meta” şirkətinə qarşı bənzər məxfilik iddiası üzrə oxşar məbləğdə razılaşma əldə edib. Bu razılaşma, həmçinin “Google”un veb axtarış və reklam bazarında inhisarçılıqla bağlı pozuntularına dair qərarların ardınca baş tutub. Şirkət həmin qərarları apellyasiya qaydasında mübahisələndirəcəyini açıqlayıb.
Sərvanə Rəmixanova