RU

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate turniri təşkil edilib

Naxçıvan, 11 may, AZƏRTAC

Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş karate turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Karate Federasiyasının (AKF) birgə təşkil etdiyi yarışa oğlanlar və qızlar olmaqla, 6 komandadan ümumilikdə 130 idmançı qatılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 11-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində yarışın rəsmi açılış mərasimi reallaşıb. Əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı sahəsindəki misilsiz xidmətlərindən bəhs edib, müdrik dövlət xadimi tərəfindən əsası qoyulan idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini həmçinin, dövlət idman siyasətinin Naxçıvanda da uğurla icra olunduğunu, yaradılan müasir infrastruktur və sistemli fəaliyyətin region gənclərinin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

AKF-nin vitse-prezidenti Rəhman Hətəmov ölkəmizdə karate idman növünün inkişafında Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycan karateçilərinin son zamanlar əldə etdiyi uğurlardan söz açıb, turnirin gənc karateçilər üçün yarış təcrübəsi və vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətli olduğunu bildirib.

Sonra "Qapıçıq" və "Naxçıvan" karate klublarının idmançılarının nümunəvi çıxışları olub, mübarizəyə start verilib.

İdmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə kata, kumite yarışlarında bacarıqlanı nümayiş etdiriblər.

İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Избранный
0
azertag.az

1Источники