“Atəşkəs üçün danışıqlara ev sahibliyi etməyə hazırıq” – Ərdoğan Makronla danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Yeniavaz.com xəbər verir ki, görüşdə Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Bildirilib ki, Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini, bu fürsətdən istifadə edilməli olduğunu, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib. Türkiyə başçısı Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanması və Ukraynanın bərpası proseslərinin həssaslıqla həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu qeyd edib.