Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir.
“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, işğal dövründə – 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq: “Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir”.
Prezident İlham Əliyevin sözlərinə görə, bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi.
“Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük”, – deyə Azərbaycan Prezidenti qeyd edib.