RU

İlham Əliyev: "Dırnaqarası “Dağlıq Qarabağ Respublikası” tarixin zibilxanasına göndərildi”

“2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

“Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım.

O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu.

Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı”, - dövlətimizin başçısı xatırladıb.
 

İlham Əliyev bildirib ki, Ermənistan tərəfinə dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı: “İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi.


Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq.

Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi”.

Bizim.Media

Избранный
0
1
bizim.media

2Источники