TBİLİSİ, 10 may. TELEQRAF
Giorgi Gegeçkori tanınmış portretçi rəssam, Gürcüstanın Teatr Cəmiyyətinin rəhbəridir. Onun əsərləri arasında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin portreti də yer alır. Rəsm əsərinin çəkilməsi və Tbilisidə Ulu Öndərə hədiyyə edilməsinin maraqlı tarixçəsi var.
Teleqraf-ın Gürcüstan bürosunun əməkdaşı Giorgi Gegeçkori ilə görüşüb. Onunla həm portretlə, həm Gürcüstan-Azərbaycan münasibətləri, teatr sahəsində qarşılıqlı əməkdaşlıq, həm də Tbilisidəki Azərbaycan teatrının vəziyyəti ilə bağlı mövzular ətrafında söhbət edib.
Həmin müsahibəni təqdim edirik.
- Cənab Gegeçkori, öncə Heydər Əliyevin portretinin çəkilməsi tarixçəsini xatırlamağınızı xahiş edirəm.
- 1998-1999-cu il olardı. O zaman Eduard Şevardnadze rəsmi səfərlə Bakıya getməli idi. Daha sonra Heydər Əliyevin Tbilisiyə səfər edəcəyi gözlənilirdi. Gürcüstanın o vaxtkı mədəniyyət naziri Valeri Asatiani mənə dedi ki, Şevardnadze Bakıya hazırlaşır və məndən Heydər Əliyevə hədiyyə üçün onun böyük ölçüdə portretini çəkməyimi xahiş etdi. Portreti Heydər Əliyevin fotoşəklindən istifadə edərək çəkdim. İki həftəyə başa çatdırdım. Elə oldu ki, Şevardnadzenin Azərbaycana səfəri baş tutmadı. Portret haradasa bir il emalatxanamda qaldı. Əsər artıq unudulmuşdu. 2000-ci ilin əvvəli idi. O vaxt Gürcüstan parlamentinin üzvü olan dostum zəng vurub dedi ki, mart ayının 22-də Heydər Əliyev gəlir. Mən ona nə hədiyyə veriləcəyi barədə maraqlandım. Cavab verdi ki, hələ bilmirlər, amma nəsə fikirləşəcəklər. Dedim ki, məndə Heydər Əliyevin hazır portreti var. O, bu barədə parlamentin o vaxtkı sədri Zurab Jvaniyaya bildirdi. Jvaniya inanmadı və portretin tamamlanması üçün nəyinsə lazım olub-olmadığını maraqlandı. Bildirdim ki, heç nə tələb olunmur. Portreti taxtadan olan qızılı rəngli çərçivəyə saldım. Çəkisi haradasa 60 kiloqram olardı. Əsər yaxşı alınmışdı. Təəssüf ki, portretin fotoşəkli məndə yoxdur. Parlamentdən nümayəndə göndərdilər, portreti ona təhvil verdim. Rəsm əsərini parlamentdə Heydər Əliyevə özləri təqdim edəcəkdilər. Amma zəng vurub dedilər ki, mən özüm şəxsən Heydər Əliyevə portretini təqdim etməliyəm. Həmin ərəfədə parlamentdə Çar Baqrationi adlı zalı tərtib etmişdim. Orada mənim 6-7 əsərim asılmışdı.
Martın 23-də Heydər Əliyev Gürcüstan parlamentini ziyarət etdi. Zurab Jvaniya çıxış edərək Heydər Əliyevi nəzərdə tutaraq dedi ki, bizim qeyri-adi qonağımız var və ona qeyri-adi hədiyyə etmək istəyirik. Qeyd etdi ki, Baqrationi zalını tərtib edən rəssam Heydər Əliyevin portretini çəkib. Eduard Şevardnadze, Zurab Jvaniya və bir sıra digər rəsmi şəxslərin iştirakı ilə həmin zalda portreti Heydər Əliyevə təntənəli şəkildə təqdim etdik. Üzərindəki ağ ipək parçanı qaldırdım. Heydər Əliyev portretə valeh oldu və təşəkkürünü bildirərək dedi: “Nə böyük zəhmət çəkmisiniz”. O, portretindən çox razı qaldı. Əlimi sıxıb, qucaqladı. Şevardnadzenin bir çox dostlarının portretini çəkmişəm. Heydər Əliyevə xüsusən böyük hörmət bəsləyirdim. Onun xarakterik üz cizgiləri var idi. Portreti Bakıya apardılar, amma harada asıldığı barədə məlumatım yoxdur.
Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin portreti ilə bağlı da xoş xatirəm var. Yaxşı xatirimdədir, 1995-ci ildə Dəmirəl Gürcüstana ilk dəfə səfərə gəlmişdi. Həmin vaxtlar Gürcüstanda vəziyyət çox ağır idi. Onun portretini kerosin lampanın işığında çəkdim. İki günə tamamladım. Portreti ona təqdim edəndə maraqlı an yaşandı. Dəmirəl Şevardnadze ilə söhbət edirdi. Portret arxasında idi. Arxaya çevriləndə portreti ilə üzləşdi. Həmin gün Dəmirəl portretdə təsvir olunan geyimində idi. Ona baxan kimi elə bil özü ilə qarşılaşdı, sanki güzgüdə özünə baxdı. Çox təəccüblənmişdi.
- Əliyev-Şevardandze dostluğunun çox möhkəm olduğu məlumdur. Siz onların sıx əlaqələrini necə xarakterizə edərdiniz?
- Hər ikisi yüksək vəzifələrdə çalışıb. Demək olar ki, Sovet İttifaqını idarə edənlər olublar. Görkəmli dövlət xadimləri idilər. Heydər Əliyevin Gürcüstana dəstəyi əvəzsiz olub. Bizim münasibətlərimizin təməlini Əliyev Şevardnadze ilə birgə qoyub. Təməl elə möhkəm və dayanıqlıdır ki, indi də Gürcüstanla Azərbaycan arasında münasibətlər onun üzərində qurulur. Gürcüstan və Azərbaycan olmadan regionumuzda hər hansı bir layihənin icrası mümkünsüzdür. Hər iki ölkənin liderlərinin müdrik siyasətinin nəticəsidir ki, hazırda bölgədə sabitlikdir, müharibə yoxdur. Ətrafımıza nəzər salaq. Hər tərəf müharibənin od-alovuna bürünüb.
- Həm keçmiş dövlət xadimi, həm də mədəniyyət xadimi kimi Gürcüstan-Azərbaycan münasibətlərini necə dəyərləndirə bilərsiniz?
- Münasibətlərimiz əsrlərlə söykənir, çox dərin kökləri var və nümunəvidir. Aramızda heç vaxt fikir ayrılıqları olmayıb. Bir-birimizə qarşı olmağımız üçün səbəb belə fikirləşmək mümkün deyil. Bizim xristian, azərbaycanlıların isə müsəlman olmalarına baxmayaraq, mentalitetimizdə oxşarlıqlar, əcdadlarımızdan gələn sıx əlaqələrimiz, adətlərimizin yaxınlığı bizi bir-birimizə olduqca sıx bağlayır. Bu kökləri qoparmaq mümkün deyil. Heç kəs bu kökləri zədələyə bilməz.
- Gürcüstanın Teatr Cəmiyyətinin rəhbəri olaraq yerli teatrlar və Azərbaycan teatrları arasında əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirərdiniz?
- 2018-ci ildə Bakıda Cəmiyyətimiz və Azərbaycanın Teatr Xadimləri İttifaqı arasında memorandum imzalandı. O zaman ittifaqın rəhbəri mənim böyük və yaxın dostum Azərpaşa Nemətov idi. Onun vəfatı xəbəri məni çox sarsıtdı. Pandemiya olmasaydı, memorandumda yer almış bəndlər üzrə planlaşdırdığımız layihələr həyata keçiriləcəkdi. Biz əsasən region teatrları arasında əlaqələrin qurulmasını, qarşılıqlı səfərlər və qastrolların təşkilini planlayırdıq. Təəssüf ki, Azərpaşanın vəfatından sonra qarşılıqlı əlaqələr bir az zəiflədi. Amma əlaqələrimizi mütləq bərpa edib yeniləyəcəyik. Bu məqsədlə Bakıya gedəcəyəm və ilk növbədə dostum Azərpaşanın məzarını ziyarət edəcəyəm. Teatrlarımız arasında əlaqələr var. Bu ilin fevralında Tbilisidə Şota Rustaveli adına Milli Teatr ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında memorandum imzalanıb. Ozurgeti Milli Dram Teatrı Gəncə Dövlət Milli Dram Teatrı ilə əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq çərçivəsində Gəncə teatrında Nodar Dumbadzenin “Kukaraça” əsəri səhnələşdirilir.
- Batono Giorgi, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.