RU

İraq hansı İŞİD-çiləri Bakıya vermək istəyir?

Terrorçulara qoşulmuş azərbaycanlıların ailələri düşərgələrdə saxlanır; Ərbildə Azərbaycan konsulluğunun açılması yenidən gündəmdə

İki gün əvvəl Bağdadda Azərbaycan və İraqın xarici işlər nazirləri Ceyhun Bayramov və Fuad Hüseyn arasında nümayəndə heyətlərinin tərkibində danışıqlar aparılıb. “Yeni Müsavat” bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorları vurğulamaqla ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər. Həmçinin regional və qlobal gündəmdə olan məsələlər müzakirə edilib, nümayəndə heyətləri təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov İraq tərəfinə Cənubi Qafqaz regionunda münaqişədən sonrakı vəziyyət, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və minalardan təmizlənməsi barədə məlumat verib. Azərbaycan diplomatiyasının rəhbəri Ermənistanla yekun sülhə gedən yolda Bakının sülh səylərindən də danışıb. Fuad Hüseyn belə bir maraqlı fikir də səsləndirib. “Biz Azərbaycan vətəndaşı olan qadın İŞİD üzvlərinin mövcudluğunu və onların öz ölkəsinə qaytarılmasını müzakirə etdik. Xarici İşlər Nazirliyi bu məsələləri davamlı olaraq izləyir”, - İraq XİN rəhbəri əlavə edib. Nazir Azərbaycanı İraq Kürdüstan regionunun Ərbil şəhərində Azərbaycanı Baş Konsulluq açmağa çağırıb. O, Azərbaycanın Ərbildə konsulluğunun açılmasının zəruriliyini də qeyd edib.

Qeyd edək ki, İraqla Azərbaycanı bir çox bağlar bağlayır. Hazırda da Azərbaycan və İraq arasında əlaqələr inkişaf edir, beynəlxalq təşkilatlarda əməkdaşlıq var. Hələ sovet vaxtı, 1974-cü ildə İraq Respublikasının Bakı şəhərində Baş Konsulluğu fəaliyyət göstərib. SSRİ respublikaları arasında yeganə ilk İraq konsulluğu Bakıda açılıb. Sovet İttifaqının dağılmasından sonra İraq Azərbaycanın müstəqilliyini tanıyan ilk on dövlətdən biri olub və 1992-ci ildən etibarən ölkələrimiz arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə yüksəlib.

2015-ci ildə Azərbaycan və İraq arasında birbaşa təyyarə reysləri açıldı və bu, ölkələrimiz arasında turizmin inkişafına böyük dəstək verdi. Azərbaycan və İraq Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Beynəlxalq təşkilatlarda iki ölkə arasında əməkdaşlıq mövcuddur.

İndi də iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlanır. Sadəcə, İraqda uzun illər mövcud olmuş qeyri-sabitlik səbəbindən əlaqələr kəsilib. Və bu müddətdə İraqdakı terror qruplarına, İŞİD-ə qoşulan azərbaycanlılar da olub. Onların bir qismi öldürülüb, bir hissəsi həbsdədir, bəziləri Azərbaycana gələrkən istintaqa cəlb olunub. İraqda İŞİD-in tərkibində döyüşüb həlak olmuş azərbaycanlıların orada qalan arvad-uşaqları da var. Ona görə ərəb nazir onların qaytarılması məsələsini qaldırıb.

Bəs Azərbaycan bu məsələni birdəfəlik həll edə bilərmi? Ərbildə konsulluğun açılması necə, hansı cəhətdən vacibdir?

Yada salaq ki, Azərbaycan 2023-cü ildə İraq Kürdüstan Regionunun Ərbil şəhərində Baş Konsulluq açmağı planlaşdırırdı. Bu barədə xəbərlər həmin ilin fevral ayında yayılmışdı. Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və İraq Kürdüstan Regionunun aşçısı Neçirvan Bərzani arasında görüş baş tutmuşdu. İraq Kürdüstan Regionunun rəsmi açıqlamasına görə, tərəflər Ərbildə Azərbaycan Baş Konsulluğunun açılması barədə razılıq əldə ediblər.

Siyasi

Kənan Rövşənoğlu

Yaxın Şərq siyasəti üzrə yazar Kənan Rövşənoğlunun sözlərinə görə, o zaman həm İraq, həm Suriyada döyüşən azərbaycanlılar, eləcə də onların ailələri var idi: “Hazırda kürdlərin əlində olan əl-Holl düşərgəsində də çox sayda İŞİD üzvləri var. İraqda 300-dən bir qədər çox azərbaycanlı İŞİD üzvü, o cümlədən qadın və uşaq var idi. Daha sonra hökumət, mərhum deputat Qənirə Paşayevanın da səyləri nəticəsində İraqdan qadınların və uşaqların bir hissəsini gətirdi. Amma görünür, hələ də qalanlar var”.

K.Rövşənoğlunun fikrincə, xüsusən də uşaqların düşərgələrdə qalması Azərbaycanda narahatlıqla qarşılanır: “Onların ailə üzvləri, yaxın qohumları var. Bəziləri burada yaxın qohumlarının - baba və nənələrinin himayəsinə verilir, bəziləri də uşaq evlərinə yerləşdirilir”.

Ramiyə

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın məlumatına görə, hələ 7-8 il əvvəl İraqda İŞİD-ə qoşulmuş 6 azərbaycanlı qadın ömürlük azadlıqdan məhrum edilib: “Bundan başqa, İŞİD terrorçuları ilə ailə quran azərbaycanlılar var. Bunu İraq hökuməti açıqlamışdı. Sadəcə, onların arasında gizlənənlər və yaxud daha döyüşlərdə iştirak etməyənlər var. Onların aşkarlamaq çətindir. Eyni zamanda imtina edə bilərlər. Çünki artıq ailə həyatı qurduqlarını bildirirlər. Ona görə də bu məsələnin birdəfəlik həlli çətindir. Həmin şəxslər Yaxın Şərq həyatına adaptasiya olublar. Yəni Azərbaycana qayıtmaq da istəməzlər. Bu qadınların təfəkkürü, həyata münasibəti fərqlidir. Onlar qapalı həyat yaşayırlar”.

Təhlilçinin fikrincə, təkcə İraq deyil, Suriyada da belə qadınlar ola bilər: “Onların bəzilərinin ərləri döyüşlərdə həlak olub, uşaqları ilə düşərgələrdə qalıblar, bəziləri təkrar ailə həyatı qurub. Əslində Suriyadakı azərbaycanlı qadın və uşaqların taleyi ilə maraqlanmaq imkanı da yaranıb. Artıq yeni hökumətlə əlaqələr var, baş nazirin müavini Samir Şərifov da Suriyanın keçid prezidenti ilə görüşüb. Odur ki, Suriyada olan azərbaycanlılarla bağlı araşdırmalar da aparıla bilər”.

Ərbildə konsulluq açılmasına gəlincə, R.Məmmədova hesab edir ki, çoxdan olmalıydı: “Artıq Kürdüstan muxtariyyəti ilə müəyyən təmaslarımız da var. Bu muxtar hökumətin baş naziri Neçirvan Bərzani ilə görüşlər keçirilib. Ərbildə böyük potensial var. Həm enerji sektorunda layihələr həyata keçirmək olar. Necə ki SOCAR Suriyada da bu planları nəzərdən keçirir. Eləcə də İraqın şimalında projelər reallaşdırmaq mümkündür. Bundan əlavə, bu bölgədə Türkiyənin təsiri böyükdür. Azərbaycan qardaş ölkə ilə birlikdə müştərək layihələr həyata keçirə bilər”. Ekspertin ediyinə görə, Ərbildə 2 milyon insan yaşayır, onların 400 mini türkmənlərdir: “Onlarla əlaqələri yaxınlaşdırmaq üçün konsulluq açılması vacibdir. Onlar dəfələrlə Azərbaycana gəliblər, amma konsulluq açılarsa, daha rahat gediş-gəliş imkanı yaranar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Избранный
0
2
musavat.com

10Источники