RU

Yarım tonluq sovet kosmik aparatı Yerə yaxınlaşır: Azərbaycan təhlükədədir?

BAKI, 8 may. TELEQRAF

Sovet İttifaqına aid “Kosmos-482” kosmik aparatı mayın 9-dan 11-nə qədər Yer atmosferinə daxil olacaq.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, cihazın əhali sıx məskunlaşan ərazilərə düşmə ehtimalı çox azdır.

“Cihazın əksər hissəsi atmosferə daxil olduqda yanacaq və qalan fraqmentlər böyük ehtimalla okeana və ya əhalisi olmayan ərazilərə düşəcək. Lakin cihazın dayanıqlı konstruksiyası səbəbindən bəzi hissələrinin Yerə düşməsi mümkündür, amma bunun ehtimalı çox azdır. “Kosmos-482”-nin atmosferə daxil olması və Yerə düşməsi ehtimalı daha çox ekvator və 60° enlikləri arasında olan ərazilərdədir. Bu, Yer kürəsinin geniş bir hissəsini əhatə edir. Cənub və şimal qütblərinə yaxın ərazilərə düşmə ehtimalı isə cüzidir.

“Kosmos-482”-nin Azərbaycan ərazisinə düşməsi mümkünlüyünə gəlincə, bu ehtimal da çox aşağıdır".

Qeyd olunub ki, “Kosmos-482” 1972-ci ilin martın 31-də "Venera" proqramı çərçivəsində buraxılmış keçmiş Sovet İttifaqına aid avtomatik planetlərarası stansiyadır. Bu cihaz Veneranın səthinə eniş etmək üçün nəzərdə tutulub və buna uyğun olaraq, planetin atmosferində olan ekstremal şəraitləri nəzərə alaraq hazırlanıb.

Cihazın korpusu titandan hazırlanıb, həmçinin ona yüksək temperatur və təzyiqlərə davamlı istilik ekranı quraşdırılıb. Cihazın çəkisi təxminən 500 kiloqram, diametri isə bir metrə yaxın idi. Lakin "Molniya-M" raket daşıyıcısının sürətləndirmə blokunun qəzası nəticəsində cihaz planetlərarası trayektoriyaya daxil ola bilmədi və Yer ətrafı orbitdə qaldı.

50 ildən artıq bir müddətdə cihazın Yer ətrafında dövr etməsi onun orbitinin tədricən enməsinə səbəb oldu. “Kosmos-482”-nin sonsuz müddətə orbitdə qalması gözlənilmirdi və nəticədə onun atmosferə düşməsi qərara alındı. Bu qərar yalnız missiyanın başa çatdırılması üçün deyil, həm də cihazın kosmik tullantıya çevrilməsinin qarşısını almaq məqsədilə verildi.

Bundan əlavə “Kosmos-482”-nin endirilməsi mövcud peyklər və gələcək kosmik missiyalar üçün mümkün olan riskləri azaltmağa kömək edəcək. Bu il Rusiya Kosmos Agentliyinin (Roscosmos) qərarı ilə “Kosmos-482”-nin Yerə enişi qərara alınıb.

Aparat tam yanıb kül olmadan Yerə çatacaq

Mövzu ilə bağlı sualımıza cavab olaraq Nəsrəddin Tusi adına Şamaxı Astrofiizka Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirdi ki, NASA-nın məlumatlarında peyk qalığının düşəcəyi ölkələrin adları qeyd edilməyib.

"Hazırda belə kosmik "zibillərin" sayı olduqca çoxdur. Kosmosda minlərlə belə peyk var. Bunlar həm atmosferə daxil ola, həm də kosmosda digər peyklərlə toqquşa, onlara mane ola bilər. NASA-nın 6 may tarixinə olan məlumatlarına görə, "Kosmos-482" peykinin qalıqları təxminən yarım ton ağırlığındadır və Yerə doğru yaxınlaşmaqdadır. Ehtimal olunur ki, atmosferi keçərkən yansa da, tam yanıb kül olmadan Yerə də gəlib çatacaq.

NASA-nın məlumatında peykin qalıqlarının düşmə ehtimalı olan hansısa ölkənin adı çəkilməyib, Şimal və Cənub en dairələri arasında bir əraziyə düşəcəyi deyilir.

Təşviş keçirməyə ehtiyac yoxdur. Bu cismin Azərbaycan ərazisinə düşməsi ehtimalı olduqca azdır".

Qeyd edək ki, “Kosmos-482”-nin Yer atmosferinə daxil olmaq üzrə olduğu haqda Rusiya mediası məlumat yayıb və mütəxəssislərin orbital parametrlər əsasında aparılan hesablamalar göstərir ki, aparat tamamilə quru üzərinə, çox güman ki, Misir, Suriya, Türkiyə, Azərbaycan və Cənub-Şərqi Avropanın ərazisinə düşə bilər. Modulun yaşayış məntəqələrinə düşməsi riskinin olduğu vurğulanıb.

Избранный
0
2
teleqraf.com

3Источники