RU

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 8 may, AZƏRTAC

Energetika Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən energetika naziri Pərviz Şahbazov 10 may tarixini Azərbaycanda böyük bir tarixin başlandığı gün, öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirən Heydər Əliyev ömrünü isə bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsi kimi dəyərləndirib.

Ulu Öndərin Azərbaycan xalqının ictimai-siyasi həyatında, ölkəmizin demokratik-hüquqi dövlət kimi inkişafı və beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində yürütdüyü dövlət siyasətindən və əvəzsiz xidmətlərindən bəhs edilib.

Qeyd olunub ki, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi iki fərqli tarixi şəraitə malik dövrün hər birində bütün çətinliklərə rəğmən elektroenergetika və karbohidrogen sənayesində mühüm uğurlara imza atıb. Ümummilli Liderin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşan neft strategiyası, Azərbaycanı neft və təbii qazın təhlükəsiz və dayanıqlı təchizatçısına çevirərək ölkəmizin enerji müstəqilliyini və beynəlxalq nüfuzunu möhkəmləndirib. Ulu Öndərin quruculuq missiyasının bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Bildirilib ki, ölkə başçısının mütərəqqi siyasəti nəticəsində tarixin ən güclü Azərbaycanı qurulub, torpaqlarımız düşməndən təmizlənib, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edilib. Bugünkü Azərbaycan Ulu Öndərin arzuladığı, tarixin ən qüdrətli Azərbaycanıdır.

Tədbirdə, həmçinin nazirlik əməkdaşlarının Heydər Əliyevin ölkəmizin neft-qaz siyasətinin formalaşması, elektroenergetika sisteminin inkişafı, eləcə də Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyətindəki rolundan bəhs edən çıxışları dinlənilib.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.

Избранный
0
azertag.az

1Источники