RU

Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...


Dövlətləri bir-birinə yaxınlaşdıran yalnız siyasi və iqtisadi əlaqələrin qurulması deyil, burda müstəsna rolu məhz mədəniyyət və incəsənətin oynadığı danılmazdır.

Azərbaycanla Vyetmam arasında siyasi, iqtisadi, neft-qaz və sair sahələrlə yanaşı mədəniyyət sahəsində də qırılmaz bağlar mövcuddur.

Əsası ötən əsrin 50-ci illərində qoyulan Azərbaycan Vyetnam əlaqələri bu gün yüksələn xətt üzrə davam edir. Dediyimiz kimi, bu əlaqələrin daha da möhkəmlənməsində ədəbiyyat, mədəniyyət və incəsənət əvəzsiz rol oynayıb.

Azərbaycanın mədəniyyət adamları, yazıçı və şairləri, musiqiçiləri, kino xadimləri Vyetnama böyük maraq göstəriblər. Xüsusən də Vyetnam müharibəsi dövründə incəsənət xadimlərimiz qələmləri ilə bu ölkənin haqq işinə dəstək veriblər.

Azərbaycanla Vyetnam arasında ədəbiyyat və mədəniyyət sahələrində uzun illərə dayanan əlaqələrin olduğu məlumdur. Mətbuatda da qeyd olunduğu kimi, bu əlaqələr xüsusilə sovet dövründə daha da dərinləşib, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yeni bir mərhələyə keçib. 1991-ci ildən sonra Azərbaycan və Vyetnam arasında əlaqələr daha da güclənib, xüsusilə mədəniyyət və ədəbiyyat sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq yüksəlib.

Azərbaycanın Vyetnamla əlaqələri həm tarixi, həm də müasir dövr baxımından çox önəmlidir. Bu əlaqələr yalnız dövlət səviyyəsində deyil, həm də ədəbiyyat və mədəniyyət sahələrində hər iki xalq arasında möhkəm dostluq körpüsünü yaradıb. Hər iki ölkə müstəqil dövlətlər olaraq öz milli kimliklərini qoruyub saxlamaqla yanaşı, beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq ediblər. Bu əməkdaşlığın ən mühüm sahələrindən biri ədəbiyyat və mədəniyyət sahəsi olub. Azərbaycanın ədəbiyyatını və mədəniyyətini tanıdan, Vyetnamın zəngin mədəni irsini nümayiş etdirən müxtəlif təşəbbüslər, qarşılıqlı tərcümələr və ədəbi mübadilə ölkələr arasındakı dostluq əlaqələrini daha da gücləndirib.

Məlum olduğu kimi, 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.

Vyetnam yazıçılarının əsərləri də dilimizə çevrilib və biz bu ölkənin ədəbi simalarını yaxından tanımaq fürsəti əldə etmişik.

Azərbaycan mətbuatında gedən məlumata görə, Müasir Vyetnam yazıçılarından olan Ma Van Kanq müstəmləkəçilərə qarşı döyüşlərin iştirakçısı olub. O, şahidi olduğu hadisələri öz hekayələrində əks etdirib. Onun bir neçə povest və hekayəsi rus və fransız dillərinə tərcümə olunub, fransızcadan isə Azərbaycan dilinə AZƏRTAC-ın xüsusi müxbiri kimi fəaliyyət göstərmiş, filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyev tərəfindən çevrilib. 1964-cü ildə Hanoyda fransız dilində çap olunan “Ağ öküz və başqa hekayələr” kitabında yer alan “Dalan” hekayəsi də Əsgər Əliyevin tərcüməsində oxuculara təqdim olunub. Bu hekayədə müharibənin ağrı-acısını yaşamış iki gəncin sülh dövründəki əməksevərliyi, vətənə sədaqəti və Vyetnam mənəviyyatına əsaslanan sevgiləri təsvir olunur.

Əsgər Əliyevin Vyetnam ədəbiyyatından tərcümə etdiyi daha bir mühüm əsər Men Nqunun “Beşiklər” hekayəsidir. Bu əsər 1970-ci ildə “Şərq qapısı” qəzetində dərc olunub. Müqavimət hərəkatının beşinci ilində baş verən hadisələr əsasında yazılmış bu hekayə müharibənin körpələr və analar üçün yaratdığı fəlakətləri bədii dillə təsvir edir. Xəstəlik, aclıq, şaxta və düşmən zərbələri nəticəsində həyatını itirən körpələrin taleyi oxucuda dərin təəssürat yaradır. Hekayədə təsvir olunan, uşaqlar üçün tabut düzəltmək məcburiyyətində qalan qoca dülgər obrazı, eyni zamanda, yeni doğulan uşaqlar üçün beşik hazırlayan bir simvola çevrilir. Bu təsvirlər Azərbaycan oxucusuna Xocalı və 20 Yanvar faciələrini xatırladır. Xüsusilə 20 Yanvar gecəsi dünyaya gələn və gələcək əsgərlər olacaq oğlan uşaqlarının çoxluğu xalqın məğrurluğunu və əzmini simvolizə edir.

Nquyen Layın Fərhad Abdullayevin tərcüməsində təqdim olunan “Nqe dağının ətəklərində” hekayəsində də müharibə mövzusu qaldırılır. Lon adlı gəncin doğma kəndini və ailəsini düşmənin əlindən xilas etməsi onun vətənə olan sevgisinin və mübarizə əzminin göstəricisidir. Manqo ağaclığı, şəkər qamışlığı, biçənəklər və doğma torpaqla bağlı bütün xatirələr Lonun azadlıq uğrunda apardığı mübarizənin əsas dayaq nöqtəsinə çevrilir. Hekayənin sonunda qəhrəmanın düşməndən aldığı silahı çox yüngül hiss etməsi onun qarşısına qoyduğu məqsədin böyüklüyünü və bu yolda hər şeyə hazır olduğunu simvolizə edir.

Müharibə mövzusuna həsr olunmuş Vyetnam hekayələrində qadın obrazı da mühüm yer tutur. Vyetnam qadını vətənin xilası üçün döyüş meydanına atılmaqdan çəkinmir, kişilərlə çiyin-çiyinə vuruşur və canını fəda etməyə hazır olur. Vyetnamlı jurnalist V.Xonqun “Tüstü” oçerkində yer alan Ke adlı qadın obrazı bu qəhrəman qadınların təcəssümüdür. Düşmənin nizəsinə tuş gəlsə də səngərdəki əsgərlərin varlığını gizlətmək üçün qan izlərini yaylığı ilə silən bu gənc qızın cəsarəti insanı heyrətləndirir. Bu obrazlar Azərbaycan tarixində də silaha sarılan, vətən uğrunda canını fəda edən qadınlarla səsləşir.

Azərbaycan–Vyetnam ədəbi əlaqələrinin inkişafında azərbaycanlı yazıçıların da böyük rolu var. Bu baxımdan Ağasəfa Yəhyayevin “Odla oynayıram” əsəri xüsusi qeyd edilməlidir. Əsər Vyetnam xalqının müstəqillik və azadlıq uğrunda apardığı şanlı mübarizəyə həsr olunub. Yazıçı Vyetnam xalqının mübarizə əzmini, qəhrəmanlığını və humanist ideallarını böyük ustalıqla təsvir edərək, Azərbaycan oxucusuna uzaq bir diyarda gedən haqq savaşını daha da yaxın və doğma edib. “Odla oynayıram” əsərində Vyetnamın işğalçılara qarşı apardığı mübarizə təkcə hərbi qarşıdurma kimi deyil, həm də insan iradəsinin, azadlıq sevgisinin və vətənə sədaqətin parlaq təcəssümü kimi təqdim edilir. Yazıçı əsərdə müharibənin gətirdiyi ağır itkiləri, insan talelərində buraxdığı dərin izləri emosional təsvir gücü ilə qələmə alıb. Ağasəfa Yəhyayevin bu əsəri Azərbaycan və Vyetnam xalqları arasında dostluq və həmrəylik duyğularının ədəbiyyat vasitəsilə daha da güclənməsinə xidmət edib.

Belə əsərlər iki xalqın bir-birinin mübarizə tarixini, mədəniyyətini və bəşəri ideallarını daha dərindən tanımasına və qiymətləndirməsinə imkan yaradır. Azərbaycan ədəbiyyatının Vyetnama bu bədii ehtiramı qarşılıqlı mədəni zənginləşmənin gözəl nümunəsidir.

Xalq şairi Fikrət Qocanın “Salam, Vyetnam!” şeiri isə müharibənin insan həyatına və torpağa vurduğu zərbələri dərindən təsvir edir. Şair Vyetnamın yaşadığı müharibə travmalarını, xalqın acılarını və torpağa olan bağlılığını poetik bir dillə çatdırır. “Bir əlinlə avtomat, bir əlinlə torpaq becərmək” misrası müharibə ilə mübarizəni, eyni zamanda, torpağın təkrar bərpasına olan ehtiyacı simvollaşdırır. Şeirdə uşaqların və gənclərin müharibənin fəlakətlərinə məruz qalmaları, onların həyatda qalmaq üçün apardıqları mübarizə təsvir olunur. Bu əsər Vyetnam xalqının həm öz keçmişinə, həm də ümumbəşəri dəyərlərə olan bağlılığını nümayiş etdirir, müharibənin yaratdığı sosial və psixoloji izləri təsvir edərək, insanlıq adına bir çağırışdır.

1988-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən Bakı və Vunq Tau şəhərlərinin dostluğu haqqında “Ağ pələnglə görüş” adlı sənədli film çəkilib. Həmin dövrdən etibarən Bakı şəhərinin Xətai rayonundakı küçələrdən birinin “Vunqtau küçəsi” adlandırılması iki ölkə arasındakı dostluğun rəmzi olaraq yadda qalıb. Vunq Tau şəhəri hazırda Bakı ilə rəsmi olaraq qardaşlaşmış şəhər statusuna malikdir.

Azərbaycan və Vyetnamın mədəniyyət və incəsənət, ədəbiyyat adamlarının bu dostluğa verdiyi töhfələr danılmazdır. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın günü-gündən güclənməsi yeni yaradıcılıq nümunələrinin, bədii əsərlərin, musiqi örnəklərinin ortaya çıxacağını deməyə əsas verir.

İradə SARIYEVA

Избранный
0
baki-xeber.com

1Источники