RU

Azərbaycan gimnastı: Dünya Oyunlarında qələbə qazanacağımıza inamımız tamdır

Bakı, 8 may, AZƏRTAC

Çinin Çenqdu şəhərində keçiriləcək Dünya Oyunlarına hazırlıqlarımız davam edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Mədinə Mustafayeva deyib.

Dünya çempionatında Vladimir Dolmatovla qarışıq cütlük proqramında gümüş medal əldə edərək Dünya Oyunlarına vəsiqə qazanan idmançı güclü rəqabətdən çəkinmədiklərini söyləyib: "Cütlər arasında Azərbaycanla yanaşı, Yaponiya, İtaliya, Rumıniya, Ukrayna və Braziliya kimi dünyanın ən iddialı komandaları mübarizə aparacaq. Rəqiblərdən çəkinmirik. Çünki biz də beynəlxalq arenalarda qazandığımız nəticələrlə həmişə öz sözümüzü demişik. Yarışa hazırlıq yüksək səviyyədə gedir. Ona görə də qələbəyə inamımız tamdır. Hədəfimiz fəxri kürsüdə yer almaqdır".

O, Oyunlara hazırlıq məqsədilə bir neçə beynəlxalq turnirdə iştirak edəcəklərini bildirib: "Bir həftədən sonra Fransada, ardınca Türkiyədə təşkil olunacaq yarışlarda qüvvəmizi sınayacağıq. İnanırıq ki, həmin turnirlərdə himnimizi səsləndirəcək, bayrağımızı dalğalandıracağıq".

Qeyd edək ki, qeyri-olimpiya idman növləri üzrə əsas multi-idman tədbiri olan Dünya Oyunları avqustun 7-17-də keçiriləcək. 35 növü əhatə edəcək yarışlarda 100-dən çox ölkədən 4000-dən çox idmançı güclərini yoxlayacaq.

Избранный
0
azertag.az

1Источники