RU

Azərbaycanın beynəlxalq əlaqələri Şərqə doğru inkişaf edir

Azərbaycanın yerləşdiyi coğrafi məkan, artmaqda olan beynəlxalq nüfuzu, tarixi əhəmiyyətli təşəbbüsləri, yüksəlməkdə olan iqtisadi potensialı ölkəmizi həm Avropa, həm də Asiya coğrafiyasında önəmli aktora çevrilməsini şərtləndirir. Bu kontekstdə Şərqlə Qərb arasındakı loqistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamızın son dövrlər çoxvektorlu beynəlxalq və ikitərəfli əlaqələri daha çox diqqət çəkməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin geosiyasi və geoiqtisadi təşəbbüsləri və atdığı düşünülmüş səmərəli diplomatik addımları sayəsində Şimalda Rusiya ilə formalaşmış müttəfiqlik münasibətləri, başda qardaş Türkiyə olmaqla Avrasiya məkanını əhatə edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrin sürətli inkişafı, son vaxtlar Cənubda İranla dostluq və əməkdaşlıq niyyətlərinin reallığa çevrilməsi, Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusu və BRİKS hədəfi, ötən ay Çin Xalq Respublikası ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması məhz rəsmi Bakının Qitələr arasında dayanıqlı körpülərin qurulmasına verdiyi töhfənin böyük əhəmiyyətindən xəbər verir.

Bu gün uzaq Vyetnamı ölkəmizlə yaxınlaşdıran əlaqələr də məhz bu prizmadan dəyərləndirilməlidir. Mayın 6-da Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri ərəfəsində Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibənin ruhu və dünən səfərin yekunları ilə bağlı mətbuata bəyanatının tezisləri iki ölkə arasındakı əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoyduğuna dəlalət edir.

Qeyd edək ki, Vyetnam xalqı uzun illər müstəmləkəçilik, istila, hərbi müdaxilə şəraitindən qurtularaq, nəhayət, yeni inkişaf dövrünü yaşamaqdadır. Ölkənin müharibədən sonrakı bərpasında, xüsusən də SSRİ dövründə neft-qaz sənayesinin qurulmasında Azərbaycanın çox böyük dəstəyi və neftçilərimizin böyük tarixi xidmətləri olub. Xalqlarımız arasındakı münasibətlərin təməli məhz həmin dövrdə qoyulub. Ulu öndər Heydər Əliyevin 42 il əvvəl – 1983-cü ildə sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb. Bu səfər keçmiş SSRİ-nin, eləcə də Azərbaycanın Vyetnamla münasibətlərinin inkişafını sürətləndirib, sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilib.

Azərbaycanın Vyetnamla dostluğu yalnız enerji sahəsində olmayıb. SSRİ dövründə minlərlə vyetnamlı tələbə, xüsusilə Bakıdakı Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Onların bir çoxu sonradan öz ölkələrində yüksək vəzifələrə yüksəlib və bu gün  Azərbaycanıözlərinin “ikinci Vətəni” kimi qəbul edirlər.

2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfərindən sonra yeni əməkdaşlığın inkişaf istiqamətləri müəyyənləşib. Bu gün Azərbaycan – Vyetnam əlaqələri humanitar sahədə də genişlənməkdədir. Heydər Əliyev Fondunun Vyetnamdakı xeyriyyə fəaliyyəti – məktəb binalarının tikintisi, görmə qabiliyyəti məhdud şəxslər üçün dəstək layihələri – bu dostluğun canlı təzahürüdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın bu yaxınlardakı səfəri də iki xalq arasında mənəvi bağların möhkəmləndirilməsi istiqamətində növbəti addım kimi diqqət çəkir.

Bu gün də Azərbaycan və Vyetnam arasında əlaqələr qarşılıqlı hörmət, bərabərlik və mədəni yaxınlıq prinsipləri üzərində inkişaf edir. Enerji, təhsil, humanitar kimi sahələrdə ortaq irs, ədəbiyyat və sənət vasitəsilə yaşadılan bu dostluq xalqlar arasında möhkəm körpüyə çevrilib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə alınaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb. Bu gün iki dövlət liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoq və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq yüksək dəyərləndirilib.

Prezident İlham Əliyev Vyetnam KP MK-nın Baş katibi To Lamın Bakıya səfərinin yekunlarına münasibət bildirərkən bu siyasi hadisənin  Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Əminəm ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq”.

Beləliklə, iki ölkə arasında formalaşan strateji dostluq münasibətləri milli maraqlara və müasir çağırışlara əsaslanan çoxvektorlu xarici siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnam arasında iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil, habelə hərbi və digər sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərə yol açır.

Əli Hüseynli,
​Milli Məclisin deputatı

Избранный
0
ikisahil.az

1Источники