RU

Azərbaycan–Vyetnam əlaqələrinin strateji müstəviyə keçdiyini nümayiş etdirən mühüm diplomatik addım

2025-ci il mayın 6-da Prezident İlham Əliyevin Vyetnamın dövlət informasiya agentliyi “Vietnam News Agency”ə verdiyi müsahibə, Azərbaycan–Vyetnam münasibətlərinin indiki vəziyyəti və gələcək inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Bu müsahibə, mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana planlaşdırılmış dövlət səfəri ərəfəsində baş tutmuşdur və iki ölkə arasında dostluğun və əməkdaşlığın dərinləşməsini bir daha nümayiş etdirmişdir.

Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulmuşdur. İllər ərzində bu əlaqələr qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etmişdir. Müxtəlif səviyyəli rəsmi səfərlər və imzalanan sazişlər, bu münasibətlərin möhkəmləndirilməsinə xidmət etmişdir. Hazırda iki ölkə arasında diplomatik, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq uğurla davam etdirilir.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsinin artım dinamikasını qeyd edərək, bu sahədə geniş potensialın olduğunu vurğulamışdır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil etmişdir. Neft və qaz sənayesi, kənd təsərrüfatı, əczaçılıq və tikinti sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu, iki ölkənin iqtisadi münasibətlərinin şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqi baxımından önəmlidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Vyetnamın Petrovietnam şirkəti arasında əməkdaşlıq çərçivəsində strateji sənədlər imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində, hazırda 33 vyetnamlı tələbə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alır. Bu, yalnız iqtisadi deyil, həm də humanitar sahədə tərəfdaşlığın dərinləşdiyini göstərir.

Müsahibə zamanı Prezident Əliyev qeyd etmişdir ki, Azərbaycan və Vyetnam arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Mədəniyyət günləri, sərgilər, tələbə mübadiləsi proqramları və digər layihələr xalqlar arasında dostluğun dərinləşməsinə zəmin yaradır. Bu, həmçinin beynəlxalq platformalarda bir-birini dəstəkləməklə yanaşı, ümumi mədəni irsin paylaşılmasına şərait yaradır.

Prezident İlham Əliyevin Vietnam News Agency-yə verdiyi müsahibə, Azərbaycan–Vyetnam əlaqələrinin strateji müstəviyə keçdiyini nümayiş etdirən mühüm diplomatik addım olmuşdur. Bu müsahibə vasitəsilə Azərbaycanın Asiya-Sakit okean regionu ilə əlaqələrinin genişlənməsi siyasəti bir daha öz təsdiqini tapmışdır. Vyetnam isə Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş olaraq Azərbaycanın diqqətindədir. Mövcud əməkdaşlıq platformaları və qarşılıqlı siyasi iradə, gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə zəmanət verir.

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Избранный
0
ikisahil.az

1Источники