RU

Gəncədə Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib

Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyev: “Azərbaycanın suverenliyi və müstəqilliyi xalqımızın azad ruhunun təcəssümüdür” mövzusunda konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının  və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir.

“İki sahil” xəbər verir ki,  tədbirdən öncə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsinə dərin ehtiram ifadə olunub, abidə önünə gül dəstələri düzülüb.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumilli Lider Heydər Əliyevin ömür yolundan bəhs edən video-çarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb.

Heydər Əliyevin yalnız siyasi xadim deyil, həm də müasir müstəqil Azərbaycanın memarı olduğunu bildirən N. Bayramov, Ümummilli liderin uzaqgörən siyasəti, müdrikliyi və dəmir iradəsi nəticəsində ölkəmizin ağır sınaqlardan üzüağ çıxaraq regionun lider dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

O qeyd edib ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmizin həyatında yeni bir mərhələ başlayıb, məhz bu uzaqgörən siyasət sayəsində mühüm uğurlar əldə olunub.

Heydər Əliyev irsinin bu gün də Azərbaycan üçün əsas yol göstəricisi olduğunu vurğulayan N.Bayramov bildirib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə bu irsin davamlı və sarsılmaz olduğunu bir daha sübut etdi.

O çıxışısının sonunda vurğulayıb ki, Heydər Əliyevin siyasi ideyaları və qurduğu müstəqil dövlət bu gün hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs bir mirasdır. “Bu mirası qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur” – deyə əlavə edib.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B.Muradova bildirib ki, bu gün dünyada gedən proseslər, müharibə və müxtəlif qarşıdurmaların olduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi xalqlara sülh, əminamanlıq, dinlər və etnik qruplar arasında tolerantlıq və multikultural dəyərlərin bərqərar olması istiqamətindəki siyasət onu göstərir ki, Ulu babalarımızın bizə miras qoyub getdiyi dəyərlərə sadiqik və bəşəriyyət naminə istifadə etməkdəyik.

Azərbaycanın dövlət siyasətində gənclərin xüsusi yer tutduğunu diqqətə çatdıran B.Muradova qeyd edib ki, gənclər ilk növbədə doğulduğu ailədə, təhsil aldığı məktəbdə, Universitetdə yetişir və bu sosial mühitin ona verdiyi imkanlardan faydalanaraq şəxsiyyət kimi böyüyür, vətəndaş kimi formalaşır.

Konfransda gənclərin iştirakını xüsusi vurğulayan sədr, mütəmadi olaraq belə görüşlər keçirməyin vacibliyini bildirib. Qeyd olunub ki, xalqının taleyinə sahib çıxan gənclərin nəyə sahib olduqlarını bir daha diqqətə çatdırmalı və onların fikirlərini, düşüncələrini dinləməli və suallarına cavab verməliyik.

Tədbirin Gəncə şəhərində keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu diqqətə çatdıran B. Muradova, bir neçə gündən sonra Gəncə hadisələrinin baş verməsinin növbəti ildönümü olacağını xatırladıb. Bildirib ki, Gəncə hadisələri zamanı ölkənin qarşılaşdığı təhlükələr o qədər ciddi idi ki, yalnız güclü və qətiyyətli liderliklə – məhz ümummilli lider Heydər Əliyevin iradəsi və siyasi uzaqgörənliyi ilə bu böhrandan çıxış yolu tapmaq mümkün olmuşdu. O qeyd edib ki, əgər Heydər Əliyev xalqın və siyasi qüvvələrin çağırışı ilə Bakıya gəlməsəydi, Azərbaycan bu gün parçalanmaq təhlükəsi ilə üzləşən ölkələrdən biri ola bilərdi.

O qeyd edib ki, Azərbaycan qısa müddətdə sürətli inkişaf yolu keçib və bunun da bünövrəsində Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Heydər Əliyevin o zamanki qayıdışı Azərbaycanı qarşıdurmadan, qan tökülməsindən xilas etdi, eyni zamanda dövətçiliyimizi qorudu və onun konstitusion idarəetməsini bərpa etdi.

B. Muradova əlavə edib ki, ölkəmizin suverenliyi yaxın tarixdə bərpa olundu, Ulu öndərin siyasəti və müəyyənləşdirdiyi hədəfləri çox uğurla irəliyə aparan mübariz ölkə başçısı cənab İlham Əlievin qətiyyətli siyasəti, Azərbaycan xalqının onun siyasətini, hədəflərinə gedən yolu dəstəkləməsi, analarımıızn öyüd verdiyi, böyütdüyü və öz canını fəda etməyə hazırladığı övladlarının qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu, bayrağımız bütün sərhədlərimizdə dalğalandı.

Azərbaycan dövlətini hər kəsin milli sərvəti adlandıran B.Muradova onu da qeyd edib ki, hamımız o sərvəti qorumağa, üzərinə yeni uğurlar əlavə etməyə borcluyuq: “Xalqımızın canı-qanı bahasına əldə etdiyi nailiyyətləri qorumaq, inkişaf etdirmək və tarixi Zəfərimizi gələcək nəslə daşımaq, eləcə də daha qüdrətli Azərbaycan yaratmaq siz- gənclərin vəzifəsidir”.

Fikirlərini Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə yekunlaşdıran B.Muradova, bundan sonra da xalqı üçün çalışan, fədakarlıq göstərən çoxsaylı oğul və qızların yetişəcəyinə inamını ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki tarixi xidmətlərindən bəhs edib.

O, dövlət idarəçiliyində əldə olunan uğurlardan, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. 

Qeyd edib ki, sıralarında minlərlə fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq, öz nüfuzunu durmadan artırmaqdadır.

O, ölkəmizin ictimai-siyasi həyatında fəallıq göstərən Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan, onun gündən-günə genişlənən sıralarının gənc potensialı ilə daha da möhkəmlənməsindən söhbət açıb.

Konfrans Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu ilə panel müzakirələrlə davam edib.  Paneldə Milli Məclisin deputatları Musa Quliyev və Kamal Cəfərov, ictimai xadim Həsən Həsənovun çıxışları dinlənilib.  

Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, müəllim və tələbələr iştirak edib.   

Избранный
0
ikisahil.az

1Источники