Kremlin bütün təkidlərinə rəğmən Azərbaycan Prezidentinin Moskvada keçirilən 9 may paradına qatılmaması ölkəmizdə və beynəlxalq müstəvidə müzakirələrə səbəb olub.
“AzPolitika” xəbər verir ki, Azərbaycanın sabiq XİN başçısı Tofiq Zülfüqarov Rusiay-Azərbaycan münasibətlərinə dair öz sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Sabiq nazir deyir: “Moskva özünü “Üçüncü Roma” elan etdikdən və onun hökmdarları özlərini çar, imperator, baş katib və ya prezident adlandırdıqdan sonra çox şey dəyişdi, lakin ölkənin Bizans üsullu idarə etmə metodu və xarici siyasəti dəyişməz qaldı.
Ona görə də “Moskvanın düşməni olmaq təhlükəlidir, amma Moskvanın dostu olmaq ölümcül təhlükəlidir” qaydası da dəyişməz olaraq qalır. Bizim (və təkcə bizim yox) müasir tariximiz bu qaydanı dəfələrlə sübut etmişdir.
Lakin bu gün biz başqayıq, Qalib Xalq psixologiyasına sahibik və birlik, siyasi iradə nümayiş etdirməklə “Moskva neo-Bizanslılarına” sübut edə bilərik ki, xalq məsəlimizdə deyildiyi kimi, “bizi sayanın qulu, saymayanın ağasıyıq”.
Ona görə də bizi “sındırmaq” üçün gözlənilən cəhdlər boş vaxt itkisidir.
Dost və tərəfdaş istəyirsinizsə, bizə dost və tərəfdaş kimi münasibət göstərin”.