Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Bakıda Səhiyyə Nazirliyi Talassemiya Mərkəzinin təşkilatçılığı Beynəlxalq Talassemiya Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi ictimaiyyətin diqqətini irsi qan xəstəliklərindən biri olan talassemiyaya yönəltmək, bu xəstəliklə yaşayan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək və maarifləndirməni gücləndirmək olub.
Tədbirin açılış mərasimində çıxışlarında bir sıra tanınmış həkimlər və ictimai fəallar talassemiyanın müasir dövrdə tibb elmi və sosial həyat üçün doğurduğu çağırışlardan bəhs ediblər.
Mərkəzin baş həkimi Səhər İsmayılova vurğulayıb ki, talassemiya ilə mübarizədə ən mühüm amil erkən diaqnoz və davamlı tibbi nəzarətdir. O, daha sonra deyib: “Ötən il Azərbaycanda 31 körpə talassemiya xəstəliyi ilə dünyaya gəlib. Ancaq dövlətimiz bu sahədə mühüm addımlar atır. Talassemiya Mərkəzi öz fəaliyyətini uğurla davam etdirir, donor qan ehtiyatları toplanır və müalicə imkanları yaradılır. Lakin cəmiyyətin bu barədə maariflənməsi hələ də vacib istiqamətlərdəndir”.
Mərkəzin həkim-hematoloqu Zenfira Mirzəyeva isə talassemiyanın irsi xarakterinin onu nəinki tibb, həm də ailə planlaşdırması və maarifləndirmə baxımından vacib etdiyini vurğulayaraq deyib: “Beynəlxalq Talassemiya Günü münasibətilə keçirilən tədbirlər həm də pasiyentlərə ümid və birlik mesajı verir”.
Çıxış edən mərkəzin mütəxəssis-həkimləri Nərgiz Əliyeva və Gülgün Abbasova söyləyib ki, cəmiyyətin hər bir üzvünün bu məsələyə diqqəti, talassemiyalı uşaqların və ailələrinin gündəlik həyatını dəyişə bilər.
Tədbirin bədii hissəsində talassemiya ilə yaşayan uşaqlar və gənclər öz bacarıq və istedadlarını nümayiş etdiriblər.
Əyləncə proqramları isə xüsusilə uşaqlar üçün maraqlı keçib.
Tədbiri təşkil edən qurumların nümayəndələri qeyd ediblər ki, belə tədbirlər talassemiyalı insanlara həm mənəvi dəstək verir, həm də onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Onların fikrincə, hər bir fərdin dəstəyi talassemiyanın yaratdığı çətinlikləri birgə aşmağa imkan yaradır.
Beynəlxalq Talassemiya Günü çərçivəsində keçirilən bu tədbir həm maarifləndirici, həm də cəmiyyət üçün həmrəylik və dəstək mesajı daşıyan önəmli platforma kimi yadda qalıb.