Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də beynəlxalq arenada yeni reallıqlar yaratdı. Azad edilmiş ərazilərdə sabitliyin təmin olunması, Şərqi Zəngəzurda strateji layihələrin həyata keçirilməsi və Ermənistanın təxribatçı fəaliyyətlərinə qarşı mübarizə ölkənin gələcək təhlükəsizlik prioritetlərinin müəyyənləşməsində mühüm rol oynayır. Bu dövr, yalnız ərazilərin bərpası və inkişafı ilə deyil, eyni zamanda Azərbaycanın regional və qlobal təhlükəsizlik siyasətində yeni yanaşmaların tətbiqi ilə də diqqət çəkir.
Sfera.az xəbər verir ki, bu istiqamətdəki addımları və strateji yanaşmaları daha dərindən öyrənmək məqsədilə Oxu24.com saytının əməkdaşı Millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev ilə həmsöhbət olub.
Həmin müsahibəni təqdim edirik:
– Postmüharibə dövründə Azərbaycanın təhlükəsizlik prioritetləri nələrdir?
– Azərbaycanın təhlükəsizlik prioritetləri daim eyni strateji xətt üzrə formalaşıb: suverenliyin qorunması, ərazi bütövlüyünün təmin olunması, sərhədlərimizin mühafizəsi və regionda davamlı sülhün bərqərar olunması. Eyni zamanda, dövlətimizin müstəqil daxili və xarici siyasət yürütməsi də bu prioritetlərin ayrılmaz hissəsidir. Daxili siyasətin əsas istiqaməti isə xalqımızın rifahının təmin olunmasıdır. Bunun üçün ölkə daxilində sabitlik möhkəmləndirilməli, hər bir potensial təhdidə qarşı çevik və effektiv təhlükəsizlik sistemləri formalaşdırılmalıdır. Bu yanaşma Azərbaycanın milli maraqlarının müdafiəsində əsas xəttdir.
– Azad olunmuş ərazilərdə sabitlik hansı mexanizmlərlə təmin olunur?
– İşğaldan azad edilən ərazilərdə sabitliyin təmin olunması dövlətimizin başlıca vəzifələrindəndir. Bu məqsədlə, hərbi təhlükəsizlik baxımından xüsusi təyinatlı və komando tipli qoşun birləşmələri yaradılıb, ordu quruculuğu yüksək səviyyəyə çatdırılıb. Ən mühüm məsələlərdən biri isə minalardan və partlamamış döyüş sursatlarından ərazilərin təmizlənməsidir ki, bu da olduqca mürəkkəb və təhlükəli prosesdir. Paralel olaraq, mərhələli şəkildə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşlarımızın doğma torpaqlarına köçü həyata keçirilir. Bütün bu tədbirlər həm təhlükəsizliyin, həm də sosial-iqtisadi sabitliyin təmininə xidmət edir.
– Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və təhlükəsizlik layihələri regionun strateji əhəmiyyətini necə artırır?
– Şərqi Zəngəzurda icra edilən infrastruktur layihələri Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirir. Regionun bərpası və inkişafı çərçivəsində nəqliyyat, rabitə, kənd təsərrüfatı və enerji sahələrində atılan addımlar təkcə daxili iqtisadiyyatımızı stimullaşdırmır, eyni zamanda xarici sərmayədarların da diqqətini cəlb edir. Bu layihələr Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını artırmaqla, ölkəmizi strateji tranzit mərkəzlərindən birinə çevirir.
– Ermənistanın təxribatçı fəaliyyətləri fonunda Azərbaycanın müstəqil xarici siyasətinin davamlılığı necə təmin olunur?
– Azərbaycanın xarici siyasəti milli maraqlar üzərində qurulub və müstəqil xətt üzrə inkişaf edir. Əsas məqsədimiz Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. 44 günlük Vətən müharibəsindən dərhal sonra ölkəmiz 3+3 formatında əməkdaşlıq platforması təklif etdi. Bu, regionda dayanıqlı sülhün qurulmasına, dövlətlərin suverenliyinə hörmətə və beynəlxalq hüququn işləməsinə xidmət edir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş ölkələrdən biri olaraq öz mövqeyini qoruyub saxlayır. Bu baxımdan, iqtisadi və enerji suverenliyimiz xarici siyasətimizin dayaqlarındandır.