RU

İlin “ipək” mövsümü başlandı

Kənd Təsərrüfatı Nazirliyi 2025-cü il üçün barama istehsalı mövsümünə start verib. Mövsümün ilk günündə Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumu paylanılıb.

Mərasimdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, dövlət aqrar inkişaf mərkəzlərinin direktorları, eləcə də müxtəlif rayonlardan olan kümçülər və media təmsilçiləri iştirak ediblər.

Nazir müavini S.Cəfərov çıxış edərək bildirib ki, kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən sayılan baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin qarşısına qoyulan prioritet vəzifələrdən biridir. Azərbaycanda ipəkçiliyin inkişafı üçün böyük potensial mövcudluğunu vurğulayan S.Cəfərovun sözlərinə görə, dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq nazirlik ölkədə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, baramaçılığın yem bazasının formalaşdırılması, barama toxumçuluğunun təşkili istiqamətində lazımi tədbirlər həyata keçirir.

Qeyd olunub ki, nazirlik dövlət aqrar inkişaf mərkəzlərinin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısını, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatları toplayaraq təhlil edib və müvafiq tədbirlər planı hazırlayıb. Plana uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görüldüyünü diqqətə çatdıran S.Cəfərov bildirib ki, ötən müddətdə nazirliyin mütəxəssisləri bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparıb və kümçülərə yerində məsləhətlər verib.

Diqqətə çatdırılıb ki, 2025-ci ildə ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ölkədə bu il ərzinsə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmini nəzərə almaqla Çindən 5 min qutu ipəkqurdu sənaye toxumları tədarük edib. Eyni zamanda, ölkəmizdə ipəkçiliyin gələcək inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin material hazırlanması, çoxaldılması və kümçülərin barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirən, müasir standartlara uyğun şəkildə yenidən qurulmuş Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.

Bununla yanaşı, tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyası, Zərdab Baramaqurutma Məntəqəsi, Zaqatala Baramaqurutma Məntəqəsi və Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.

Mərasimdə inkubasiya olunmuş tut ipəkqurdu toxumları 40 bölgədən olan kümçülərə paylanıb. Ümumilikdə isə, mayın 5-nə qədər kümçülərə inkubasiyadan sonra 5 min 500 qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.

 

Избранный
0
xalqqazeti.az

1Источники