RU

Ermənistan daha bir regional layihədən kənarda qaldı - təşəbbüs İrandan gəldi...


Məlum olduğu kimi İran TRACECA proqramı çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edib. Sözügedən ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib ki, bu təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib. Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək.

Bundan əlavə, Amin Tərfe vurğulayıb ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” haqqında saziş imzalana bilər: “Sənədin İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması gözlənilir”. Müşavir həmçinin qeyd edib ki, Şimal-Cənub dəhlizinin İran ərazisindən keçən şərq istiqaməti üzrə daşınan yükün həcminin artırlması planlaşdırılır. Xatırladaq ki, TRACECA bütün iştirakçı ölkələrin siyasi iradəsinə və ümumi səylərinə əsaslanan fəal tədbirlər vasitəsilə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında iqtisadi münasibətlərin, ticarətin və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış proqramdır.

Bu gün TRACECA beynəlxalq nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin 14 iştirakçı ölkəsinin - Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistanın nəqliyyat sistemini əhatə edir. İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılması təklifi isə Ermənistan üçün şok effekti yaradıb. Ermənistanın “Past” qəzeti yazır ki, artıq İran Azərbaycan vasitəsilə Gürcüstanla quru əlaqəsi yaratmağı planlaşdırır. Erməni nəşri bildirir ki, bu halda Ermənistan növbəti dəfə Cənubi Qafqazda reallaşacaq beynəlxalq nəqliyyat dəhlizi layihəsindən kənarda qalacaq: “İranın yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe Tehranın İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif etdiyini açıqlayıb. İran Qara dəniz limanlarına çıxış üçün Ermənistana paralel Gürcüstana alternativ yola sahib olmaq istəyir. İran-Azərbaycan dəmir yolu gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu və mövcud Bakı-Batumi, Bakı-Poti magistralları və digər logistik xətlərlə birləşdirilə bilər. Hazırda İran və Azərbaycan Şimal-Cənub dəhlizini canlandırır. Azərbaycan ərazisi vasitəsilə Rusiyanı İrana və Fars körfəzindəki İran limanlarına birləşdirəcək dəmir yolu tikilir. Azərbaycan da öz növbəsində Sünikdən yan keçərək, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına çıxış əldə edir.

İran Gürcüstana çatmaq üçün Azərbaycanın logistik şəbəkəsindən istifadə etmək niyyətindədir. Gürcüstan da İranla əlaqələrin dərinləşməsində maraqlıdır və bu halda Azərbaycan yenidən tranzit dəhlizinə çevrilir, bu dəfə İran və Gürcüstan üçün. Ermənistan növbəti dəfə logistika layihələrindən kənarda qalır”. Nəşr əlavə edir ki, Azərbaycanın Qərb, Şərq, Rusiya və İran üçün geosiyasi və geoiqtisadi əhəmiyyəti hiss olunacaq dərəcədə artır və çoxsaylı ölkələr üçün tranzit dəhlizinə çevrilir. İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, Azərbaycandan Gürcüstana dəhliz mövcuddur: “Həm Bakı-Tiflis-Qars dəmir yolu, həm də avtomobil yolları mövcuddur. Yəni prinsip etibarı ilə İran öz məhsullarının daşınması zamanı bu yollardan istifadə edə bilər. Sadəcə, problem odur ki, İran dəmir yolunun Azərbaycan dəmir yoluna birləşdirilməsi məsələsi meydana gələ bilər. Bu olarsa, dəmir yolları ilə yükdaşımalar mümkün ola bilər. Bu tranzit dəhlizində Tiflis daha çox maraqlıdır. Gürcüstan bunun baş verməsini istəyir. "İstənilən halda həmin layihə Cənubi Qafqazdakı ümumi dəhlizlər layihəsinin bir hissəsi olacaq. Çünki İran ərazisindən keçən yollar da var. Gələcəkdə Zəngəzur dəhlizi də açılacaq. Yəni kompleks şəkildə Cənubi Qafqaz və Azərbaycan loqistik mərkəzə çevriləcək. Azərbaycanda bu fonda iqtisadi və siyasi dividentlər əldə edə bilər”. Onu da qeyd edək ki, Rusiyanın yatırdığı investisiyalar və Azərbaycanın təşəbbüsü ilə İranın şimal bölgələri birləşdirilərək yol infrastrukturu qurulub. Eyni zamanda, Azərbaycanla İran arasında ticarət həcmi artırılıb, anbarlar tikilib və infrastruktur əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da İran üçün yeni imkanlar açır. O səbəbdən İran Azərbaycanla münasibətlərin genişləndirməyə xüsusi diqqət etməyə başlayıb. Ekspertlər hesab edir ki, bu tranzit marşrutunun reallaşması Ermənistanı regional nəqliyyat layihələrindən daha da təcrid edə bilər. Həmçinin, bu marşrut Gürcüstan üçün də cazibədar ola bilər. İran isə bu vəziyyətdən əlverişli şəkildə istifadə etməyə çalışır. Ekspertlərin fikrincə, Azərbaycan üçün bu layihə həm tranzit ölkə statusunu möhkəmləndirmək, həm də regional iqtisadi və siyasi təsir imkanlarını artırmaq baxımından əhəmiyyətlidir.

Samirə SƏFƏROVA

Избранный
0
baki-xeber.com

1Источники