RU

Lamin Yamal: “ÇL kubokunu Barselonaya qaytaracağam”

“Barselona”nın yeniyetmə hücumçusu Lamin Yamal Kataloniya klubunun UEFA Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyətini şərh edib:

Arena.az xatırladır ki, “İnter” UEFA Çempionlar Liqasının yarımfinalında “Barselona”nı mübarizədən kənarlaşdırıb.

Evdə 3:3 hesablı heç-heçəni qopara bilmiş “blauqrana” “Cüzeppe Meatsa”dakı dramataik oyunu 3:4 (əsas vaxt 3:3) hesabı ilə uduzub.

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal matçdan sonra bunları söyləyib:

“Biz bütün güc-qüvvəmizi verdik, amma biz qayıdacağıq, heç şübhəniz olmasın. Biz bu klubu əsl olmalı olduğu yerə – ən zirvəyə qaytarmayınca, “qılıncımızı qınına qoymayacağıq”. Mən öz vədimə əməl edəcəyəm və çempionlar kubokunu Barselonaya gətirəcəyəm. Biz buna müvəffəq olmayınca, dayanmayacağıq”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano yeniyetmə futbolçudan sitat gətirir.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 102 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.

Избранный
0
arena.az

1Источники