RU

Eldar Quliyev: Zəngəzur dəhlizinin reallaşması üçün tarixi fürsət var - MÜSAHİBƏ

BAKI, 7 may. TELEQRAF

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Azərbaycan Prezidentinin Çinə səfərinin ardınca İran Prezidentinin ölkəmizə səfəri, imzalanan sənədlər, əldə edilən razılaşmalar regionun gələcəyi üçün nə vəd edir? Çünki Çinin Orta Dəhliz konsepsiyasının fəal iştirakçısı olan Azərbaycan İran üzərindən Araz dəhlizi vasitəsilə Naxçıvana, türk dünyasına açılacaq mühüm yolun təşəbbüskarıdır…

- Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyətli idi. Azərbaycanla Çin arasında imzalanan sənədlər də bunu təsdiq edir. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin arasındakı səmimi münasibətlər xüsusi ilə qeyd olunmalıdır. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması tarixi nəticədir. İqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlıq baxımından bu razılaşmaların təsiri böyükdür. Sözsüz ki, əlaqələrin inkişafı regional sabitlik və qlobal əməkdaşlıq baxımından da təsirlidir. Azərbaycan Çin Xalq Respublikasının sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Eyni zamanda Orta Dəhlizin Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrut kimi qlobal rolunu nəzərə alsaq bu olduqca əhəmiyyətli addımdır. Zəngəzur dəhlizinin açılması fonunda regionda və qlobal miqyasda yeni bir reallıq yaranmaqla yanaşı, iqtisadi, siyasi əlaqələr də genişlənmiş olacaq. Orta Dəhliz kimi qlobal əhəmiyyətli nəqliyyat layihəsinin mahiyyətini nəzərə alsaq bunun Zəngəzur dəhlizinin də reallaşmasını təşviq edən başlıca faktor olacağı şübhəsizdir. Eyni zamanda Çin bu gün dünyada özünün iqtisadi yüksəlişi ilə fərqlənən ölkə kimi Azərbaycanla əlaqələrdə maraqlı olması olduqca faydalıdır. Bu Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturuna etdiyi böyük sərmayələrlə yanaşı dövlət siyasətinin mahiyyəti ilə də sıx bağlıdır. Çin şirkətlərinin ölkəmizdə bərpa olunan enerji, sənaye və texnologiya sahələrində artan marağı bu istiqamətdə yaxın zamanlarda əməkdaşlığın daha geniş aspektdə inkişafına zəmin yaradacaq. Sözsüz ki, Prezident İlham Əliyevin zəngin Çin səfərinin ardınca cənub qonşumuz İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri regional sülh, təhlükəsizlik və əməkdaşlıq baxımında həyata keçirilən siyasətin xarakterini bir daha nümayiş etdirir. Azərbaycan İranla əlaqələrə hər zaman xüsusi əhəmiyyət verib. Bəlli zamanlarda ölkələrimiz arasında gərginlik yaratmaq niyyətində olan qüvvələr də əlaqələrə xələl gətirməyə çalışıb. Bütün bunların fonunda İran prezidentinin Bakıya səfəri səmimi görüşləri, iki ölkə arasında imzalanan sənədlər xüsusi ilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Araz dəhlizi ətrafında aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir.

- İran Prezidentinin səfərində diqqət çəkən məqamlardan biri də ölkələrimiz arasında əlaqələri yeni müstəviyə qaldırmaq niyyətinin açıq şəkildə ifadə edilməsidir. Bakı-Tehran əlaqələrinin bundan sonrakı dönəm üçün xarakterini necə dəyərləndirmək olar?

- Səfər iki qonşu ölkə arasında münasibətlərin inkişafında tarixi əhəmiyyət kəsb edir. Bakı-Tehran əlaqələrinin yeni mərhələyə yüksəlməsində bu olduqca təsirli rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər də bunu təsdiq edir. Bu mənada İran prezidentinin ölkəmizə səfərinin əhəmiyyəti Bakı-Tehran münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İran Prezidentinin səfəri Azərbaycanla münasibətlərlə, paralel regional əməkdaşlıq üçün mühüm imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian da mətbuata vermiş olduğu birgə bəyanatlarda mühüm mesajlar səsləndiriblər. Bu bir reallıqdır ki, xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlər məhz bu möhkəm təməl üzərində inkişaf edir. Azərbaycan-İran strateji münasibətlərinin əhəmiyyəti olduqca böyükdür. İran prezidentinin ölkəmizə böyük heyətlə gəlməsi və bir çox önəmli sənədlərin imzalanması rəsmi Tehranın Bakı ilə əlaqələri daha da inkişaf etdirmək niyyətini nümayişi etdirir. Prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha münasibətlərin xarakterini göstərir. Azərbaycanla İran beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində Azərbaycan və İran bir-birinin yanında olub. Həmçinin iki ölkə arasında əlaqələrdə regional təhlükəsizlik amili mühüm önəmə malikdir. Çoxtərəfli əməkdaşlıq üçün də ölkələr arasında yaxşı şərait var. Ticarət əlaqələrinin inkişafı, Şimal-Cənub nəqliyyat dəhlizinin önəmi bu sırada xüsusi yer tutur. Eyni zamanda Azərbaycanla İran arasında humanitar, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrin inkişafına öz töhfəsini verəcək.

- Bu gün regional sülh və təhlükəsizlik üçün Ermənistanın tutmuş olduğu mövqeni necə dəyərləndirirsiniz? Rəsmi İrəvanın təcrid siyasəti, sülhdən, regional kommunikasiya xəttlərinin açılmasından boyun qaçırmaq üçün tutduğu mövqe bölgənin gələcəyi üçün nə vəd edir?

- İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin 19-20 sentyabr tarixlərindən həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan nəhayət bölgədə qalıcı sülhün təmin edilməsi üçün Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 prinsipi özündə ehtiva edən sülh konsepsiyası təklif edib. Uzun müddət sülh mətni üzərində aparılan müzakirələrdən sonra 17 bəndlik razılaşma ilə bağlı Bakı və İrəvan ortaq məxrəcə gəlməyə nail oldu. Amma bunun üçün isə Ermənistanın digər vacib şərtləri icra etməsi tələb olunur. Bu hələ də Azərbaycana qarşı olan ərazi iddiaları və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Rəsmi Bakı bununla bağlı öz mövqeyini dəfələrlə bəyan edib. Azərbaycana qarşı Ermənistan konstitusiyasında ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmayınca iki ölkə arasında fundamental sülhün əldə olunması mümkün olmayacaq. Eyni zamanda 30 illik keçmiş münaqişə dövründə üzərinə düşən missiyanı yerinə yetirməyən və artıq lazımsız bir təşkilata çevrilən ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı birgə müraciət edilməlidir. Amma erməni tərəfi növbəti dəfə prosesi uzatmaqla, ona əlavə şərtlər qoşmaqla məşğuldur. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan Minsk Qrupundan sülh müqaviləsi imzalanmaqla imtina edə biləcəklərini açıqlayıb. Bu isə İrəvanın prosesi pozmaq niyyəti ilə izah olunur. Sülhdə maraqlı olan tərəf heç bir əhəmiyyət kəsb etməyən təşkilatın qalmasında israr edirsə, bu onun pozucu niyyəti ilə bağlıdır. Eyni zamanda Ermənistan tərəfi bu gün şərti sərhəddə təxribatlara əl atır. Fransa, Hindistan və Yunanıstandan ona verilmiş silahlarla bölgədə yenidən gərginlik yaratmağa çalışır. Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirilmiş “missiyası” da gərginliyin artmasında maraqlı görünür. Bütün bunlar isə İrəvanın mümkün qədər sülhdən uzaqlaşmağa sövq edir. Bunun əvəzində Azərbaycanla sülh müqaviləsinin imzalanması, qardaş Türkiyə ilə sərhədlərin açılması, Zəngəzur dəhlizinin işə düşməsi İrəvan üçün daha faydalı ola bilər. Amma görünən odur ki, Ermənistanın havadarları ona bu istiqamətdə addım atmağa imkan vermir. Bu isə regionda gərginliyin artmasına səbəb ola biləcək yeni çağırışlar yarada bilər.

Избранный
0
teleqraf.com

1Источники