İsveçdə cəzaçəkmə müəssisələrində cəza çəkən azyaşlıların əksəriyyəti ailədaxili zorakılıq şəraitində böyüyüb. Lakin dövlət orqanları problemi vaxtında müəyyənləşdirə və uşaqlara lazım olan köməyi göstərə bilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Uşaq hüquqları üzrə müvəkkil Yuno Blomun hesabatında bildirilir.
Ölkədə 88 azyaşlı məhkum arasında aparılan araşdırmalar göstərib ki, onların demək olar hamısı erkən yaşlarından fiziki, psixoloji və ya seksual zorakılığa məruz qalıb, bu hallar isə çox vaxt yaxın qohumlar tərəfindən törədilib.
Çoxuşaqlı ailələrdə atalar ya aqressiv davranıb, ya da ümumiyyətlə ailədən uzaq olublar. Uşaqlar sosial xidmət orqanlarının nəzarətində olsalar da, cəmiyyət onları zəruri dəstəklə təmin etməyib.
Bu yeniyetmələrin bir çoxu yaşadıqları təcrübə barədə ilk dəfə məhz araşdırma zamanı danışıblar.
Böyüklərin etibarlı dəstəyinin olmaması səbəbindən cinayətkar qruplar onlara müdafiə və maddi üstünlüklər təklif edib.
“Bir çoxları cinayət mühitinə məhz dəstək və tanınmaq axtarışında olduqları üçün daxil olub. Axı onları nə ailə, nə də dövlət bunlarla təmin etməyib”, – deyə Y. Blom bildirib.
Bəzi uşaqlar qəyyum ailələrə və ixtisaslaşdırılmış müəssisələrə yerləşdirilib, lakin onların sözlərinə görə, orada daha ciddi zorakılıq və alçaldıcı münasibətlə qarşılaşıblar.
Hesabatda, həmçinin səhv qoyulan diaqnoz probleminə toxunulur. Belə ki, posttravmatik stres pozuntusu olan bir çox uşağa Diqqət Çatışmazlığı və Hiperaktivlik Sindromu (DEHS) diaqnozu qoyulur, bu isə yanlış müalicəyə səbəb olur.
Sənəddə, həmçinin cinayətkarlara qarşı gender bərabərsizliyinə də yer verilib. Belə ki, qızlar daha çox qurban, oğlanlar isə yalnız aqressor kimi qəbul olunur, onların travmaları isə nəzərə alınmır.
Y. Blom vəziyyəti “cəmiyyətin böyük xəyanəti” adlandırıb və həm zorakılığın qarşısının alınması, həm də “çətin” uşaqlarla iş metodlarında sistemli dəyişikliklərin zəruriliyini vurğulayıb.